Yazılmayan hekayə

Yazılmayan hekayə
30 mart 2021
# 17:29

Kulis.az Günel Mehrinin "Hər şeyin fövqündə" adlı hekayəsini təqdim edir.

Allah, Məhəmməd, Ya Əli!

İçində iki fikir nadinc uşaqlar kimi bir-biriylə didişirdi: “Get, yeməyini bişir, qızım”. “Yox, yox, təcili beynindəki yazını yazmalısan. Daha nə qədər ertələyəcəksən”. Və birinci fikir yenə qabağa düşmüşdü.

Qadın yazar olmağın şanssızlığına yazırdı bütün olanları. Qazanları dadlı-dadlı yeməklərlə qaynadıqca neçə-neçə yazı bətnindəcə boğulurdu. Ondan olsa, heç nə yemədən, içmədən ancaq yazardı. Amma yazıyla kimin qarnını doydura bilərdi ki.

Beynindəki ideyalar “svetafor” işıqları kimi yanıb-sönür, yer dəyişirdi. Və bu yerdəyişmə zamanı içi şişirdi günbəgün. Yalan olmasın, özünü lap hamilə vaxtlardakı kimi hiss edirdi. Ağır, narahat. Doğuş vaxtını səbirsizliklə gözləyən və heç cür doğub qurtara bilməyən bir qadının tanış yaşantıları idi bunlar.

Heç cür yaxınlarına izah edə bilmirdi ki, yazı yazmaq elə doğuş sancısı çəkmək kimi bir şeydir. Günlərdir bətni-bənizi ağarmış, dadı-duzu qaçmışdı. Çünki çoxdandır heç nə yazmırdı. Daha doğrusu, bu qaçaqaçda yazmağa macal tapmırdı.

Hər gün eyni ritm, eyni mexaniki hərəkətlər. Zəngli saatın əsəbləri dik qaldıran çağırışı səslənər-səslənməz robot kimi ayaq üstdə qalxar və bir də gecə başını yerə qoyana kimi onu götür, bunu qoy, onu sakitləşdir, buna cavab ver.

Yanğınsöndürən kimi ancaq hay-haraya qaçırdı. Bir yanğını söndürməmiş, o biri başlayırdı. Və bütün bu qarmaqarışığın içində hələ bir dostlarına da bir zənglik, bir mesajlıq da olsa, pəncərə açırdı. Elə bu anlıq açılan pəncərələrdən birindən içinə elə bir soyuq dolmuşdu ki, bütün günü nə illah eləsə də o soyuğu iliklərində hiss edirdi.

Xəttin o biri başından eşidilən qılınc kimi sözlər əvvəl qulağının dəliyini, sonra da ürəyinin bütün hissiyyatlı nöqtələrini doğram-doğram etmişdi:

- İncimə e. Vallah tam səmimi sözümdür. Yaxşı yazırsan. Xoş yazırsan, amma bu sən deyilsən. Gizlənirsən həmişə.

- Neyniyim e? Bacardığım budur. Bir də mənim problemlərim kimə maraqlı olacaq ki?

- Nə danışırsan? Yazıda diqqəti çəkən onun həqiqi olmasıdır, çılpaq, dibəcən səmimi.

- İndi deyirsən, məndə səmimiyyət yoxdur?

- Var. Amma öz portretin yoxdur yazılarında. Sən yoxsan. Ya da cizgilədiyin portretdəki həqiqi sən deyilsən.

“Həqiqi sən” sözləri beynini qarışqa kimi eşələdikcə dejavu yaşadı. Dumanlı xatirələrin arasından hündür və kobud simalı müəlliminin bir əli ilə başının ortasını qaşıya-qaşıya gözlərini bərəltməsi bir anlıq şimşək kimi canlanıb söndü:

- Öz problemindən yazanda şəxsən mənə maraqlı olacaqsan. Hələ ki yazılarındakı sən deyilsən!

Offf! Zibil! Bircə bu çatışmırdı. Necə fikrə gedibsə, səhərdən buladığı doğa daşmışdı. Hələ üstəlik bonus olaraq əlinin üstünə də tökülüb yandırmışdı. Yanığın ağrısından qışqırmamaq üçün dişi ilə dodaqlarını sıxdı. Doğa çürüməsin deyə buraxıb gedə də bilmirdi əlinə məlhəm qoymağa. Gözlərinin qarşısında əlinin dərisi qızarıb şişirdi.

Qulaqlıqlardan gələn kişi səsi isə heç nə olmamış kimi mükəmməl rus diksiyası ilə nitqinə davam edirdi. “Ay da! Son abzasda nə deyildiyinin fərqinə belə varmadım axı. O şarları alıb havaya buraxandan sonra nə oldu kişinin aqibəti? Gərək bir az əvvələ verim.”

Qoluna toxunan təmasdan dik atıldı. Tez telefonu söndürdü:

- Nə dedin, qızım?

- Səhərdən danışıram, eşitmirsən?

- Yox. Əsərə qulaq asırdım.

- Nə əsər?

- Stefan Sveyqin novelları. Nə deyirdin ki?

- Təzə prezentasiya hazırlayıram Puşkin haqqında. Bir azdan göstərəcəm, gör necə alınıb?

-Yaxşı. Uğurlar. Mən də elə yazı yazmaq istəyirəm.

-Yenə yazı?

-Hə...

Qazın altını söndürüb vanna otağına keçdi. Diş məcununu götürüb suluxlamış əlinə sıxdı. Məcun yaranı sərinlədib yandıranda gözləri yaşardı. Amma bu ağrı ləzzət verirdi.

“Yaxşı, qızım. Bəsdir, oynadın. Yazmaq vaxtıdır. Əla bir musiqi və getdik e öz dünyamıza”. Ürəyindən keçirdiyi bu fikirlərin ləzzətindən üzü işıqlandı. Yataq otağına keçib gecə lampasını yandırdı. Telefonu caz dalğasına köklədi.

Sonra notbuku qucaqlayıb cazın ritminə uyğun güzgünün qarşısında fırlandı. Fırlanıb-fırlanıb arxası üstdə özünü üstü örtüklü yatağa atdı. Notbuku qoşmağa cəhd etdi. Amma nə illah elədisə notbukun qara sifəti mısmırığını sallayıb işıqlamaq istəmirdi ki, istəmirdi. Tərsliyə bir bax. Elektrik enerjisi bitmişdi. Tələsik notbuku elektrik cərəyanına qoşdu. “Aha. Axır ki, açıldı. Yüklən də. Həmişə belə olur da. Yazmaq havası gəldimi, min dənə bəhanə çıxır ortaya. Bu da ağ səhifə”.

Həmişə yazdığı ilk cümləni yazdı: Allah, Məhəmməd, Ya Əli! Hekayə.

Bir cüt toppuş əl ətəyini dartışdırdı:

- Mam!

- Ay can, mama qurban?

- Mam, tualetə istəyirəm.

- Özün get. Böyük oğlansan. Əlimdə işim var axı.

- Yox. Orda tək qorxuram. Gəl.

- Yaxşı. Sən get, gəlirəm.

- Qoy hələ burda bir az yazım.

- Yox, yox, yox... neynədin? Burda yazmaq olmaz axı...

- Çoxlu “A”lar yazdım da. Gör nə qəşəngdir.

- Ay səni...

- Ayyy, mam, tez gedək tualetə.

Tez notbuku kənara qoyub oğluyla vanna otağına keçdi. Oğlu unitazda yerini rahatlayıb işini görənə kimi beynində planını qurmağa başladı: “Deməli, birinci məkanı təsvir edim, sonra...”

- Mam. Məni yu.

Əllərini yuyub otağa qayıtdı və notbuku qucaqlamışdı ki, telefonuna mesajlar gəldi. İşdən idi. Təcili ssenariyə düzəliş edib göndərməliydi. Tez bu səhifədən çıxıb elektron ünvanına girdi və sürətlə ssenaridə düzəlişlər edib göndərdi. “Bu da belə. Hə, qızım. Başla görək. Allah, Məhəmməd...”

Qızı gəldi:

- Sürpriz! Prezintasiya hazırdır. Bax gör necə alınıb.

- Qızım, qoy yazımı qurtarım.

- Mama, başlama da yenə. Müəlliməmə göndərməliyəm. Tez bax, yoxsa çatmayacam.

- Ok. Ver görüm notbuku. Rəngləri Puşkinsayağı seçməmisən. Klassik rənglərlə dəyiş. Faktlar nə maraqlıdır. Heç mən bilmirdim ki, Puşkinin 100-dən çox sevgilisi olub.

- Mam, belə olmaz. Qoy başdan oxuyum.

- Amma..

- Oxuyuram. Serqey Aleksandroviç Puşkin...

“İlahi, bu nə zibildir, mən düşmüşəm. Ürəyim partlayacaq. Səhərdən bir cümlə də yaza bilməmişəm. Bircə Puşkinim çatmırdı bu dar macalda”.

- Yaxşıdır?

- Hə. Əla. Tez göndər. İndidən 5 verdim.

- Ən çox nə xoşuna gəldi bəs?

- Puşkinin sevgililəri.

- Ahahah.

- Qardaşını yatmağa qoy amma. Özün də tez yat. Sabah səhər durmalısan.

Birdən telefonu cükküldəyir. Küncdəki xırda nöqtə yanıb-sönürdü. Messencerə mesaj gəlmişdi. Ailəsiylə xaricdə yaşayan feysbuk rəfiqəsindən. Çox nadir yazışdıqlarından gözucu baxdı:

“Həyatıma son verməyə hazırlaşıram. Dostlara yazırdım. Səninlə də sağollaşmaq istədim. Bilirəm, mənim ölümümə pis olanlardan biri də sən olacaqsan. Yoldaşımla ayrıldıq. Evdən getdi. Mən çox axmaq adamam. Məni bu qədər sevən insanı özümdən uzaqlaşdıra bildim. Özümü çox günahkar sayıram. İndən sonra yaşamağın mənası yoxxx...”

Tez göndərilmə saatına baxdı. 20 dəqiqə keçmişdi göndərilmə vaxtından. Zəng etdi. Dəstəyi qaldırmırdı və messencerdə də aktiv deyildi.

“Ay Allah. Mən neynim indi? Hə, yazım. Bəlkə hələ gec deyil. Tez, qızım, tez, tez, çatmalısan!”

- Burdasansa, cavab ver. Xahiş edirəm, bir dəlilik eləmə. Hələ gec deyil hər şeyi düzəltməyə. Sən onu qaytara bilərsən, inan mənə.

Səhifənin başındakı yaşıl işıq yanır. Xəttin o biri başında nəsə yazılır. “Yesss. Çatdım. Şükür”

- Yaxşı deyiləm mən. Elə bilirən dünya qaralıb. Necə toparlanacam?

- Yazdıqlarım qəribə görünə bilər, amma effekti olacaq. Ağlamaq istəyirsənsə, doyunca ağla, sonra soyuq suyla sakitləşdirici içib yat. Sabah Günəş çıxanda pəncərədən baxarsan. Həyat sənə daha başqa görünəcək. Yoldaşın qayıdacaq, əminəm. İndi o da əzab çəkir. Bir yerdə keçirəcəyiniz gözəl günlərin planını qur yatmazdan öncə...

- Bilirsən, yayda Azərbaycana gəlmək istəyirdik...

- İnşallah gələcəksiz. Hələ bir yerdə fotolar da çəkdirəcəyik. Hər şey düzələcək. Özünə bu şansı ver.

- Haqlısan. Sənin də vaxtını aldım...

- Gecən xeyrə. Narahat olma. Sabah daha gözəl olacaq...

Yaşıl işıq itir. Dərindən köks ötürür: “Dəlixana gündür e. Dəvə oynayanda qar yağar. İndi işıqlar da sönsə, lap tam olar.” Telefonu əlindən qoymaq istəyir ki, zəng gəlir.

- Alo. Mam, necəsən?

- Sən soruşandan yaxşıyam. Niyə səsin çıxmır bayaqdan?

- Yazı yazıram.

- Ay bala, bəsdir də yazdın. Nə vaxt zəng edirəm, elə yazırsan. Bu yazılar səni dəli edəcək. Nəyə lazımdır axı? Niyə özünü bu qədər yorursan?

- Mama, başa düş. Yazmasam olmaz. Bu yazını neçə gündür beynimdə gəzdirirəm.

- Gəzdirmə. Burax hamısını. Aç televizoru deyib-gülənlərə bax, bir az eynin açılsın. Bəsdir notbuku qucaqlayıb şüa udduğun...

- Yaxşı. Gecən xeyrə. Sabah danışarıq.

- Gecən xeyrə.

“Offf. İnana bilmirəm. Nə sirdirsə, əlimi notbuka uzadan kimi dünya dağılır da. “

Yerinə uzanır. Yazmağa başlayır və notbuk qucağında gözləri xumarlanır. Evin qapısı bayırdan açarla açılır. Yoldaşı sakit səslə otağa girir. Onun yuxuda barmaqları ilə sığalladığı notbuka, bir də yorğunluqdan saralmış simasına baxır. Notbuku üstündən götürmək istəyir. Qadın yerində mızıldanır:

- Burax notbuku. Yazıram. Nolar, qoy yazım da.

-Ay bala, yatıb qalmısan e. Gecdir. Dur notbuku söndür, yat. Sabah yazarsan.

PS. Saatın əqrəbləri: 2:00.

Səs: Kaş saatın əqrəblərini artırmaq mümkün olaydı. Qızım, sabah, sabah mütləq... Ekran qaralır.

# 2249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #