Sentyabrın 9-da “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksinə səfər ediblər.
Kulis.az-ın verdiyi xəbərə görə, səfər Klubun “Pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi” layihəsi çərçivəsində həyata keçirilib.
Klubun əməkdaşları kompleksə 150-dən artıq kitab, ölkə başçısının fəaliyyətindən bəhs edən “Qələmlə, silahla” toplusunu və yazıçı Elçin Hüseynbəylinin yenicə çapdan çıxmış “Vida” romanını təqdim ediblər.
“Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksinin məsul nümayəndəsi Əhməd Abdullayev çoxsaylı kitablar üçün AyAK rəhbərliyinə təşəkkür edib və bildirib ki, xüsusi karantin rejimi dövründə kitablar adamlar üçün əsl hədiyyədir.
Klubun sədri, yazıçı-dramaturq, publisist, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.