Xalq artistinin qızı və kürəkəni karantinə alındı

Xalq artistinin qızı və kürəkəni karantinə alındı
26 mart 2020
# 18:20

“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.

Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”.

Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: “Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.

Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: “Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”.

Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: “Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları – hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq”.

# 4145 dəfə oxunub

Müəllifin son yazıları

# # #