Xalq artisti: "Flora yaxşı bilir mən necə kişiyəm"

Xalq artisti: "Flora yaxşı bilir mən necə kişiyəm"
13 may 2020
# 13:37

Xalq artisti Şeyx Əbdül Mahmudov Flora Kərimovanın sosial şəbəkədə onunla bağlı yazdığı ittihama cavab verib.

Kulis.az-a açıqlama verən Xalq artisti Flora Kərimovanın onun haqqında bu sözləri yazmağa mənəvi haqqı olmadığını bildirib:

“Əvvəla onu deyim ki, Floranın mənimlə bağlı yazdığı o sətirlər əsassızdır. O sözü hardan götürüb, bilmirəm. Mən ümumiyyətlə dilimə elə bir söz alıb danışmamışam. Xeyli vaxt bundan əvvəl müsahibələrin birində jurnalist bu mövzuya toxundu, sual verdi ki, “Fəxri adlar rüşvət müqabilində verilir?” Mən də cavab verdim ki, yoxlasınlar, görsünlər kimə rüşvətlə ad veriblərsə, ləğv etsinlər.

Flora Kərimova məni həmişə vicdanlı sözün sahibi kimi qəbul edib. Əgər vicdanı varsa, bunu etiraf etməlidir. Mən 75 yaşımda Xalq artisti adı almışam. Hansı ki, mən bu adı 30 il bundan əvvəl almalı idim. Fəxri adlarıma görə heç kimə müraciət, xahiş etməmişəm. Bu qədər xidmətlərim qarşılığında 75 yaşında qoca kişiyə Xalq artisti adı veriblər, əgər bu Flora xanıma çox görünürsə, qurbandır ona.

Flora Kərimovaya hər zaman böyük hörmətim olub. Yazısında qeyd edir ki, “yəqin sən də rüşvət verib ad almısan”. Bu sözü mənə deməyə Floranın mənəvi haqqı yoxdur. Orda çox böyük səhv edib. Mənə bu adı xəbərim olmadan yubileyimdə veriblər. Bu yaşıma kimi Azərbaycan mədəniyyətində bir çox xidmətləri olan adamam. Əməkdar incəsənət xadimiyəm, Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı laureatıyam. Bunlardan Floranın xəbəri yoxdur. Çünki Flora medianı izləmir, yüksək intellekt sahibi deyil.

Ola bilsin ki, Flora xanım gündəmə gəlmək istəyir. O qalmaqallı illəri üçün darıxıb. Amma obyekti düz seçməyib. O oyunlar mənimlə baş tutmaz. Flora birinci getsin, özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin. O, məni tanıdığı, savadımı mövqeyimi, kişiliyimi bildiyi halda belə mənasız, mahiyyətsiz ifadə işlətməyi ona yaraşdırmadım. Çox təəssüf edirəm. O yaxşı bilir ki, Şeyx necə kişidi. Amma mən kin saxlamıram yenə öpüb bağrıma basıram. Münasibətim yenə əvvəlki səviyyədə qalacaq”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün efirdə səsləndirdiyi “Rüşvət alıb ad veriblər” sözlərinə öz İnstagram səhifəsində sərt münasibət bildirib.

# 9324 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #