XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb

XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
15 iyul 2020
# 10:01

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu - divanının avtoqraf nüsxələrini əldə edib.

Bu barədə Əlyazmalar İnstitutundan Kulis.az-a məlumat verilib. Bildirilib ki, 1534-cü ildə vəfat etmiş Bəsirinin 1466-cı ildə doğulduğu ehtimal edilir. Gənclik illərində Ağqoyunlu hökmdarlarının sarayında yaşamış şair 1487-ci ildə Xorasanın paytaxtı Herata səyahət edib. Hüseyn Bayqara, Əlişir Nəvai və Əbdülrəhman Caminin rəğbətini qazanan Bəsiri vətənə qayıtdıqdan sonra Türkiyəyə köçüb, orada da vəfat edib. Türkiyə müəlliflərinin təzkirələri onun yaradıcılığının yerli ədəbi mühitə təsir etdiyi barədə məlumat verir. İndiyədək Azərbaycanda şairin cəmi bir neçə şeiri məlum idi. Bəsiri divanının İstanbul nüsxəsinin əvvəlində onun farsca şeirləri, sonra isə 1 qəsidə və 46 qəzəli yer alıb. Şairin divanının Tehran nüsxəsi də farsca şeirlərlə başlanır. Burada Azərbaycan türkcəsində 4 qəsidə və 74 qəzəl var. Şairin Ağqoyunlu və Osmanlı hökmdarlarına, yüksək vəzifəli şəxslərə həsr etdiyi qəsidələr onun yaşadığı dövr haqqında daha ətraflı məlumat öyrənməyə kömək edir.

Əlyazmalar İnstitutunun məlumatında bildirilir ki, bu yeni şeirlər əsasında Bəsirinin şeirlər toplusunu nəşr etdirmək nəzərdə tutulur.

# 2788 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #