Vyana Konservatoriyasının ilk azərbaycanlı tələbəsindən daha bir uğur

Vyana Konservatoriyasının ilk azərbaycanlı tələbəsindən daha bir uğur
29 dekabr 2019
# 19:40

Bu günlərdə Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib.

Konsertdə Çin, Koreya Respublikası , Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də çıxış edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır.

Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib.

Konsertdə Ayan Məmmədlinin fortepianoda yeganə solo ifası hamı tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, - deyə Daniela Eqq vurğulayıb./azertag.az/

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #