Vətənin əlifba sırası – Elşad Barat yazır

Vətənin əlifba sırası – Elşad Barat yazır
13 noyabr 2020
# 15:38

Kulis.az Elşad Baratın “Vətənin əlifba sırası: ilk və son A” yazısını təqdim edir.

Atdığımız hər bir addım Vətəndir. Necə ki, həyat nöqtələrdən ibarətdir və biz bu nöqtələrin birləşməsindən özümüzə ömür yolu seçirik. Eləcə də torpağa basdığımız ayaq izlərimiz o torpağın vətən olmasına dair təsdiq imzamızdır. Torpağın bağrına imza atan insanlar birləşib o vətəni yaradır. Bizlər hər şeyimizlə birlikdə vətənik. Məsələn, çəkdiyimiz yollar, tikdiyimiz binalar, aldığımız təhsil, verdiyimiz nəfəs, əkdiyimiz ağaclar, qoruduğumuz təbiət, otların arasından günəşə boylanan hansısa çiçək və nəhayət, yaratdığımız dövlət, mədəniyyət, ədəbiyyat, dil və s.

Bütün ağaclar, otlar, güllər və çiçəklər yığışıb təbiət yaratdılar. Necə ki, o ağacların, güllərin və otların hamısı fərqlidir, öz növləri var, insanlar da öz xarakterləri, yanaşmaları, hətta saçlarının, gözlərinin rəngindən asılı olmayaraq yığışıb xalq, millət yaradaraq torpaq üzərində tarixin hər səhifəsinə imza atdılar. Və beləcə, Vətən yarandı. İnsanların yaratdığı hər şey vətəndir.

Bütün bu yazdığım və yazacağım fikirləri havadan almamışam. Mənə vəhy də gəlmir. Ancaq bayaqdan oxuduğum şeir kitabı məni vəhylərə apardı. Sona İsmayılovanın "Sükut haray çəkir" adlı bu kitabının hər səhifəsində həyat və fəlsəfə, düz xətt və nöqtə, vətən və onun əlifba sırası var. Bəzən ehtiyac duyduğumuz hansısa sözü və ya səsi uzaqlarda axtarırıq. Onu yanımızda görmürük. Sona İsmayılovanın da şeirləri uzaqlarda yox, elə yanımızda, burda, vətəndədir, vətəndir:


Zənn etmə həyatda sınasıyam mən,
Müzəffər günlərin hənasıyam mən,
Turan ellərinin Sonasıyam mən,
Dilim türk dilidir, türk övladıyam.


Hərflər birləşib söz yaradır. Sözlər birləşib şeir yaradır. Şeirlər birləşib vətən yaradır. Deməli, əlifbanın bütün hərfləri vətəndir. Vətən də səngərdən başlayırsa:


Ana namusudur, bacı isməti,
Boynuna biçilib ərən xisləti,
Bu ulu millətin uca qisməti,
Haqqın ən müqəddəs yeridir səngər.


Niyə heç vaxt "ata vətən", "ata yurd", "ata torpaq" demirlər? Niyə ana? Ana vətən, ana yurd, ana torpaq və s. Məncə, vətən qadındır. Düzdür, vətənin cinsi olmaz. Amma poetik yanaşsaq vətən qadın, onu qoruyan əsgər isə kişi olur. Niyə əsgərliyə qadınlar yox, kişilər gedir? Bax, elə bizim sirri-möhtəşəmliyimiz də burdadır. Belə yerdə dadımıza ancaq poeziya çata bilər. Sona xanım bir şeirində deyir:


Sona çatır qəm-kədərin zilləti:
Şükür, gözlər yuxusundan ayılır,
Mən də Türkəm, onu bil ki, əzəldən.
Təbriz, Kərkük ana yurdum sayılır.


Fikir verdiniz? Sona xanım "ana yurdum" dedi. Məncə, elə əlifbamızın bircə "A" hərfi yetər ki, vətənimizin hüdudlarını müəyyən edək. Sona İsmayılova "Ömrümün arzusu" şeirində də vətəni, torpağı, doğma Göyçəni ata qeyrəti yox, məhz ana namusu adlandırır:


Əzəldən bəxtimin çiçəkli yazı,
Ruhumda çalınır Ələsgər sazı,
İgid babaların könül havası,
Ağbirçək anamın namusu Göyçə,
Ömrümün ən ülvi duyğusu Göyçə.


Təbriz vətənin bir nöqtəsi, Kərkük bir, Göyçə də bir nöqtəsidir. Təbrizdən Kərkükə, Kərkükdən Göyçəyə, Göyçədən də Sona İsmayılovanın poeziyasına qədər uzanan düz xətt vətənin sərhədlərini müəyyən edir. Əlifbamız "A" hərfindən başladığı kimi, burada vətən də Sona xanımın şeirlərindən başlayır. Bu şeirlərin içində hələ hörüklərinə kişi əli dəyməmiş bir qız var. Bu şeirlərdə vətən bütövdür. Ana vətən var, ata əsgər yoxdur. Ümumiyyətlə, Azərbaycan qadın poeziyasında Sona İsmayılovanın şeirləri birlik, bütövlük, tamlıq baxımından ilkdir. Hələ belə şeirlər yazan olmayıb ki, vətənin əlifba sırasında "A"nı göstərsin. Yəni, əlifbanın ilk hərfinə, başlanğıca, ilkə, ilk bütövlüyə dönüşü əks elətdirsin.
Misal:


Oxşayır ruhumu ümid yelləri,
Qovuşur türklüyün gənclik telləri,
Açıb qucağını Turan elləri,
Mən Türkəm deyənə mərhəba, dostum.
Türk gənci dağ üstə qaldırır dağı,
Baxıb bu birliyə kor olsun yağı,
Şəhadət eşqidir türkün bayrağı,
Mən Türkəm deyənə mərhəba, dostum.
Türkün xanım-xatın anası deyir,
Ruhumun eşq dolu havası deyir,
Turanın sevdalı Sonası deyir,
Mən Türkəm deyənə mərhəba, dostum.


Hazırda işğaldan azad olunmuş torpaqlarımıza yol çəkilir. Bu cümlənin özünü yazmaq belə möhtəşəmdir. Bu xəbəri eşidəndə mənə elə gəldi ki, o çəkilən yollar azad olunmuş dağların boynuna saldığımız qələbə boyunbağısı, sinəsinə taxdığımız qələbə medalıdır. İndi belə də düşünmək olar ki, Sona İsmayılovanın şeirləri vətənin sinəsinə taxılmış qələbə medal kimidir. O medal yalnız vətən dağlarına yaraşar. Çünki o şeirlərdə Kəlbəcərin sıldırım qayalarının arasında bitmiş ürkək bir çiçəkdən başlayıb bütöv Azərbaycana, Turan ellərinə qədər uzanan vətən xətti var və o xətt vətənin əlifba sırasını təşkil edir. İlk hərf isə A-dır. İlk və son A.

# 2802 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #