Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!

Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
17 sentyabr 2021
# 11:45

Kulis.az İşıqlı Atalı “Vətənimizə əbədi köçün kutlu olsun, Yaqub Zurufçu” yazısını təqdim edir.

Yaqub Zurufçunun 1989-cu ilin oktyabrında Azadlıq Meydanındakı konserti yaxşı yadımdadır. Ümumiyyətlə, o illərdə Türkiyədən, Avropadan türk ruhuyla bağlı soraq verən insan, musiqi, videokaset nə varsa, böyük maraq doğururdu.

Yaqub Zurufçu “Ayrılıq” mahnısıyla tanındı, sevildi.

Heyif ki, ötən illərdə onu ardıcıl olaraq bu kimi mahnılarla efirdə çox görmədik.

Bu gün Güney Azərbaycan soraqlı şeir, mahnı ifalarına rast gəlirik: uşaq anasıyla, ya ayrı-ayrı uşaqlar ayrıca ulusal soraqlı şeirlər deyirlər, mahnılar oxuyurlar.

Ancaq həm də Güney Azərbaycanda, ya da oradan Avropaya, Amerikaya gedənlərin halında qərbçiliyin açıq ətkisini görmək olur. Bu hal çağdaş Güneyli şairlərimizin, yazarlarımızın yaradıcılığında da özünü göstərir. Şeirlər postmodernləşir, ulusal istəklər sanki arxa plana keçir...

Təzadlı görünsə də, bütün bunlar ulusal əhvalla yanaşı – atqulağı gedir. Çox zaman özgəlliklər daha güclü görünür. Deməli, ulusallıq ruhunu səngiməyə qoymamalıyıq. Yaqub Zurufçuların halındakı kədərli doğmalıq yoxalmamalıdır. “Dərdli ölür, dərd qalır (İnam Ata – Asif Ata)”.

Güneydəki soydaşlarımız farsçılığın basqısı altında olduqlarından ana dilində təhsil ala bilməyiblər, kimin talantı olubsa, çalışıb inkişaf edib, bir neçə sahəni birləşdirməyə məcbur olub.

Vətəni qutsallaşdıran nədir? Onun torpağı, suyu, əcdadlarımızın əzəldən bəri burada yaşaması, bir sözlə, qutsallaşan torpaqda ömürlərin ömürlərə calanması, soyların bir-birini əvəz etməsi.

Dil, tarix, ruh birliyimiz...

Yaqub Zurufçunun Amerikada yaşaya bilməyib Azərbaycana gəlməsini dəyərləndirirəm.

Bu, onun həsrətli mahnılarının ömründə təsdiqidir, vüsalıdır.

Ata deyirdi: “İnsan dünyaya sığmır, Vətənə sığır”.

Niyə? Ona görə ki, Vətən – Dünyadan genişdir.

İllərlə tanıyan-bilənlər mənə Avropanın, Qərbin gözəlliyindən danışdılar.

Dedim, heç yana getməyəcəyəm, fikrim də yoxdur. Babalarımın yaşadığı Vətənimdə qalıb torpağımı qutsallaşdıracağam. El dilində necə deyirlər? Gəzən şələ bağlamaz!

Vətənimizə əbədi köçün kutlu olsun, Yaqub Zurufçu.

Soyun var olsun!

No description available.

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #