Uşaqların anası cavanlığından dad bilmirdi - Koronavirusdan sağalan 66 yaşlı yazıçı yazır...

Uşaqların anası cavanlığından dad bilmirdi - Koronavirusdan sağalan 66 yaşlı yazıçı yazır...
7 dekabr 2020
# 17:21

Kulis.az Azad Qaradərəlinin "Yazıçının koronavirus günləri" yazısını təqdim edir.

(Xəstəliklə mübarizə təcrübəsindən)

Neçə gündür ki, bir məsələ məni çox düşündürür. Bu COVID deyəsən, gerçəkdən qırmızı xətti keçdi. Özüm, həyat yoldaşım yoluxandan sonra, qurtulsaq da, bəzi dostlar, xüsusilə yazar ailələrinin bu virusa tuş gəlməsi məni çox narahat edir. (Onların bir çoxuna məsləhətlərimi vermişəm, amma bunu fərdi qaydada hamıya edə bilmirəm axı.) Ona görə düşünüb-daşınandan sonra "Yazıçının korona virus günləri" adlı yarı bədii, yarı publissistik yazı yazmağı düşündüm. Açığı virus bitsə də, testimiz neqativ olsa da, virusun qoyduğu ağır izlər hələ davam edir. Ona görə də kompüterdə bir saatdan artıq otura bilmirəm. Xüsusilə sümük ağrıları dözülməzdir. Amma nə olur-olsun bu yazını yazmalıyam! Bəlkə kimlərəsə xeyrim dəydi.

Həmişə bir məsələ məni narahat edib: niyə biz hər şeyə diqqət edən olsaq da, öz canımızın qayğısına qalmaqda maraqsızıq? Yox, demirəm ki, həddindən çox vasvasılıq edin, sadəcə adi insani prosedurlar var ki, ona hökmən əməl olunmalıdır. Ən azı, altı aydan bir özünü həkimə göstərməli, bütün əzalarını yoxlatdırmalısan. İndi təbabət o qədər imkişaf edib ki, bircə qan analizi ilə orqanizminin nə vəziyyətdə olduğunu bilmək olur. Lakin daha yaxşısı, uzi deyilən aparatdan keçmək, qan, sidik analizləri vermək və ürəyin vəziyyətini yoxlatmaqdır.

Nə yazıqlar ki, bizdə bunları qulaqardına vurmaq dəb halı alıb.

Zəngilanda bir ağsaqqal vardı – Heydərqulu Kərimov. Qardaşı Nazir Kərimov rayonumuzun birinci katibi olmuşdu. Hər ikisinin yeri pərqu olsun. Xüsusən, Nazir müəllim dəyərli adam idi. Onun adı “Kuma-Manıç çökəkliyi” romanımda Sabir Əhmədlidən bəhs edilən səhifələrdə keçir.

Hə, Heydərqulu müəllimdən söz açacaqdım axı. Əvvəllər bir sıra vəzifələrdə çalışsa da, son zamanlar rayon üzrə qiyabi məktəblərə rəhbərlik edirdi. Mən də Çöpədərə kəndində qiyabi məktəbin direktoru idim. İndi olmasın, bir dəfə hansısa sənəd üçün yanına getmişdim. Telefonda danışsa da, əli ilə işarə etdi ki, gəl içəri. Keçib babam yaşda olan bu kişinin qarşısında oturdum. Əvvəl nə danışmışdı, bilmirəm, burdan beləsinə qulaq günahkarı oldum.”...Soltan, belə bu baş barmağımın lap sağ ucundadı e... Hə, hə. Qızartı kimi var... Bərk ağrıdır. Yazı yazmaq? Yox əşşi, heylə qələm tutub çox yazı-zad yazmamışam... Katibə var, nə lazımdı, deyirəm maşınkada yazır... Nə bilim? Yəni deyirsən ciddi şey olar? Nə?.. Dolama? Allah qorusun, a kişi. Dolama qorxulu şeydir... Həəəə, görmüşəm, cavanlıqda bir qonşumuz vardı, barmağına dolama çıxmışdı, səhərəcən it kimi ulayırdı... Yaxşı, yaxşı, iki sahata gələcəm, bir bax, görək nə olan şeydi bu zəhrimar...” (Soltan həkim uzun zaman Zəngilan Mərkəzi xəstəxanasının baş həkimi və adlı-sanlı cərrahı olmuşdur.)

Sonra dəstəyi qoyub keçdi yerində əyləşdi. Çox diqqətlə mənə baxıb: “Hə, hə, Vəlinin oğlusan, Çöpədərədəki oğlan... Yenə ordasan?” – dedi və gülümsündü. Sonra barmağını göstərib “bərk sızıldayır” dedi, mərhum Adil İskəndərovsayağı gülümsündü, yerində qurcalandı və heyrətlə:

- Heç bir ay deyil həkim yoxlamasınnan keçdiyim... Birdən-birə belə bir şey... – deyib qarşısına qoyduğum kağızlara ötəri baxaraq kənara itələdi.

- Atan necədir? O da yaşlanıb, gərək özünə baxsın...

Bu müdrik adam mənim hekayələrimi, məqalələrimi oxuyar, sonra eləməyib tənbəllik işlədiyim məktəbə zəng vurar, təbrik edərdi. Xüsusən paytaxtın qəzet və jurnallarında çıxanlar ona ləzzət edərdi. Bir qədər sonra ilk kitabım çıxanda gedib Bəhrəmin kitab mağazasından birini almış, zəng edib ərki çatanların hamısına o kitabı alıb oxumağı tövsiyə etmişdi. Sonra da maşına minib mənim məktəbimə “yoxlamaya” gəlmişdi. (Artıq mən sözügedən məktəbin direktoru idim.)

Məktəb sənədlərini qarşısına tökəndə diqqətlə bir-iki sənədi götürüb gözəyarı baxmış və kənara qoymuşdu. Mənimlə məktəbi gəzəndə qəfil üzümə baxaraq demişdi:

- Mən bura yoxlamaya-filana gəlməmişəm, a kişi. Səninlə görüşməyə gəlmişəm... Babanla çörək kəsmişəm, atanla kəsmişəm, indi də səninlə çörək kəsmək, yaxından tanış olmaq istəyirəm...

Hə, qayıdaq əvvələ, kişi mənimlə hal-əhval tutdu, kağız-kuğuzuma gözucu baxıb “sənin sənədlərin düz olar” dedi və qapıdan çıxanda ardımcan səsləndi:

- Nə edirsən et, sağlamlığına fikir ver. Cana bəla cavanlıqda gəlir...

Bu usta adamın o sözləri həmişə qulaqlarımda cingildədi.

Nə yazıqlar ki, bizlər çox vaxt yeyişimizə-geyişimizə fikir vermirik ki, bu da səhhətimizə ciddi zərbə vurub. Rəhmətlik Qulu Xəlilov “Yaşamaq istəyirəm” avtobioqrafik əsərində bu barədə ətraflı yazmışdı. Elə ağsaqqal-ağbirçəklərimizin nəsihətlərində də bu haqda istənilən qədə lazımi fikirlər var. Ən qədim el deyimlərimizdə bu barədə müdrik fikirlərə rast gəlmək olar:

“Bir ac qudurar, bir yalavac”

“Heç bilmir harda bişib, deyir bir çömçə ver”

“Artıq tikə diş qırar”

“Davasını bilməyənə şahid olma” (“Dava”nı burada hər iki mənada qəbul etmək olar.)

“Yumurtanı səhər özün ye, günorta dostuna, axşam düşməninə ver”

“Ləzzət verər bal qatanda qaymağa”

“İgid canlı, kabab qanlı”

“Tərli cana ilıq su da soyuq gələr”

“Armudu say ye, almanı soy ye”

“İstidən heç kim ölməyib”

Və belə bir deyim: ”Kəlim, get mənə can al gətir, can olmasa, yarımcan al gətir, yarımcan olmasa, zağnabud al gətir, zağnabud olmasa, zəhrimar al gətir.” (Bir nağıldan gətirdiyim misalda sıralananların hamısının cana faydası var: can - ət, yarımcan – yumurta, zağnabud – qatıq, zəhrimar – ayran.)

Geyimimizdə də nöqsana yol verənik. “İstidən heç kim ölməyib” deyimində böyük hikmət var. Xüsusilə, gənclər nazik paltar geyinir, soyuq su içir, canlarının qədrini bilmirlər. Nəticədə daim burunlarından su axır, öskürə-öskürə gəzirlər... Allah qorusun, hətta ömrün bu çağında vərəmə tuş gələnlər də olur. Bu yaşda onları həkimə aparmaq da bir zülümdür. Hər şeyi qulaqardına vururlar...

Nənələrimiz soyuq havada bellərinə qalın ədyal bağlayardılar. Ona görə də ondan çox uşaq doğardılar. İndi, üzr istəyirəm, qızların çoxu qarnıaçıq gəzir. Sonra da vaxtı gələndə ana ola bilmirlər...

Qabaqlar bir lətifə də vardı bu barədə: əgər bir şəxs öz ayağı ilə xəstəxanaya gəlirsə, o, cuhuddur. Başqa birisinin qoluna girib xəstəxanaya gətiriblərsə, o, ermənidir. Əgər ayrı birisi xərəkdə xəstəxanaya gətirilibsə, bu azərbaycanlıdır...

Lətifə də olsa, acı gerçəklikdir...

Lap bu günlərdə bir rayonun icra başçısının, daha sonra isə gənc bir hüquqşünasın koronavirusdan dünyasını dəyişməsi fikrimcə həyəcan təbili çalmağa əsas verir. Kovidlə ölümlər gəncləşməyə başlayıb...

Əslində, bu yazını yazmağıma səbəb korona virusun hər qapını döyməyə başlamasıdır...

Necə ki, bir gün mənim də qapımı döydü.

***

Hər bir sivil ailənin vəkili, texnik-ustası və xüsusən də etibarlı ailə həkimi hökmən olmalıdır.

Radioda işlədiyim dövrlərdə Bakının bir çox qabaqcıl həkimləri ilə, o cümlədən dünya şöhrətli cərrah, böyük ziyalı, mərhum dostum Cavad Heyətlə yaxın münasibətlərim olduğundan, həm ailəmizə, həm də yaxın dostlara həkim seçimində həmişə köməklik etmişəm. Mərhum qələm dostum Rafiq Tağı da o siyahıdıdakı həkimlərdən idi.

Həkimlərlə belə sıx münasibətimdəndir, ya hansı təsirəndir, bilmirəm, oğlum da həkim oldu. Hətta burada 6 il oxumasıyla kifayətlənməyib, Türkiyəyə gedərək təhsilini davam etdirib uzman-cərrah kimi qayıtdı...

Bir gün oğlum özü kimi uzman-doktor olan həyat yoldaşı ilə bizə gələndə üzümüzə baxıb, təcili test verməyimizi bildirdi. Özləri nümunə alıb apardılar və bir gün sonra xəbər göndərilər ki, pozitivsiniz, heç yana çıxmayın, gəlirik...

***

Açığını deyim ki, testin nəticələrini həyəcanla gözləyib-eləmədim. Hətta çox sakit idim. Qəti əmin idim ki, biz covidə yoluxmamışıq. Səbəb isə o idi ki, nə asqırmaq vardı, nə özkürmək. Heç temperatur da yox idi. Uşaqların anası bir balaca narahat idi, bunun da onun ayaqlarındakı ağrılardan qaynaqlandığını düşünürdük...

Dad da bilirdim, qoxu da.

Və yarızarafat, yarıgerçək burada bir şeyi də əlavə edim: uşaqların anası ta cavanlığından dad, qoxu bilməzdi. Xörəyə duz atanda məni çağıradı ki, gəl gör çox atmamışam?

Amma son vaxtlar xanımda qəribə hallar baş verirdi: “burdan pis qoxu gəlir, bunun tamı niyə belədir?” və sair kimi sözlər deyəndə mən şübhələnirdim. Bir dəfə isə gülə-gülə dedi ki, mənə gülmə, deyəsən korona tutmuşam; axı mən dad-qoxu bilməzdim, axır vaxtlar iy bilirəm, dad bilirəm...

Mən də şaqqa çəkib dedim ki, ay qız, COVİD-ə yoluxanlar daddan, qoxudan məhrum olurlar e!

İkimiz də gülüşdük...

Həkimlərimizə bunu deyəndə heç təəccüblənmədilər: olur belə şey, covidin sağı-solu bəlli olmaz. Hərəyə bir cür təsir edir.

İbtidai sinif müəllimi ola bizim xanım pedoqoji tərzdə zarafata saldı:”Kovid də fərdi yanaşır.”

***

Nəticələri oğlum bizə lapdan desə də, əlavə etdi ki, özünüzü qorxutmayın, düzdür, yaş faktoru var, amma maraqlıdır ki, siz bunu hiss olunmadan keçirməkdəsiniz. Karantinə riayət edin ki, başqalarına yoluxdurmayasınız.

Qapını bağladıq, hamıya, oğul-uşağa, qohum-qardaşa , nəvələrə bizə gəlməyi qadağan etdik. Zatən gələn də yox idi(!) Qorxu köpəkoğlu şeydir.

Həkimlər bildirdilər ki, sabah dərmanlarla və digər peraparatlarla gələcəklər.

Həmin gecə xanımın temperaturu 37-2 oldu. Məndə isə olmadı.

“Bunu biz hardan tutduq?” düşüncəsi məni yatmağa qoymurdu. Elə hey düşünür, düşünürdüm.

“Arada Tovuza getmişik... Yox əşşi, bu 15 gün əvvəl olub. Bunü keç... Sonra mən Şirvana kəndimiz Qaradərənin şəhidi olan gəncin təziyəsinə getdim. Ağızlığım ağzımda idi daim... (Maska əvəzinə AĞIZLIQ sözünü işlətməyi düşünürəm. Bu söz bizdə bir dar ağızlı qaba su, yaxud başqa maye halda olan nəyisə tökmək üçün istifadə olunan əşyaya verilən addır. Buna bəzən qıf da deyirlər. Bir də atın cilovunun altından dəmirdən əşya olur ki, at bərk qaçmasın deyə onu atın ağzına vurarlar. Buna bəzən dəhnə, bəzən də ağızlıq deyərdilər. Düşünürəm ki, qadınların vurduğu yaşmağa bənzəyən bu əşyaya, yəni maskaya ağızlıq desək, pis olmaz. Bu sözün üstündə ona görə çox dayandım ki, neçə ki, COVİD bizimlədir, maska-ağızlıq da yanımızda olacaq. Elə isə niyə öz sözümüzdən istifadə etməyək?!)

Ordan qayıdanda xanımımla nəvəm Dilşadın ad gününə yollandıq, amma COVİD-ə görə getdiyimiz taksi ilə də qayıtdıq...

Yaxşı, bəs bu zibil bizə hardan sıçradı?!

Bu il Bakıda üç kitabım çıxıb, Moskvada, Varşavada kitablarım çıxıb, heç birisinə təqdimat edə bilmədim ki, korona virus təhlükəsi var. Ustadım Sabir Əhmədlinin 90 illiyini keçirə bilmədik virisa görə...

Oğlumun neçə illərdir gözlədiyim toyunu çox yığcam bir məclislə - 10-15 nəfərin iştirakı ilə ötüşdürəsi olduq.

Bəs?..

Hə, psixoloji baskı artıq başlamışdı.

Başqa heç nə düşünə bilmirdim.

Elə bil virus canlı bir məxluq kimi gəlib çarpayıda mənim beynimin harasındasa özünə yuva qurmuş, düşüncələrimə mane olurdu...

Üstəlik, xanım narahatdır. Həm temperatur var, həm də özünü narahat hiss edir...

Gecəni belə çalıx-balıx hisslərlə keçirdik...

***

Korona virus başlayandan onu öyrənməyə çalışdım. Çoxlu məqalələr oxudum. Xəstələrin və həkimlərin düşüncələrini “Yotube”dan dinlədim. Nəticədə 7 hekayə yazdım ki, bunların hamısı saytlarda yayımlanıb. Üstəlik, “Morqda karantin” adlı roman da yazdım, fəqət karona virusa yoluxmağım bu əsərin tam başa çatdırılmasına mane oldu. Və indi bilirsiniz nə düşünürəm? Nə yaxşı ki, mən koronaya yoluxdum! Hə, hə! Əgər koronaya yoluxmamış o romanı bitirsəydim, roman çox şey itirərdi... Mən, sağlıq olsun, korona virusun son aşamalarını da keçim, təzədən qayıdacam o əsərə.

“Korona virusun son aşamaları” deyimini elə-belə demədim. On dörd gün keçər, korona virusdan təkrar test verib neqativ olduğunu bilərsən, amma demə ki, iş bitdi. Bitmədi... Bu barədə bir qədər sonra bəhs edəcəyəm.

***

İkinci gün.

Səhər həkimlər gəldilər. Oğlum mənim kimi deyil. O, çox distiplinli, qaraqabaq, ötkəmdir. Tapşırığı qəti idi. Ciddi rejim və buna əməl etmək!

Gətirdikləri dərmanlar bunlar idi:

1.Arbivir 200 mg – səhər, günorta, axşam – 1 tablet. (Bu olmasa arbidol, eyni vəziyyət. Fəqət hər dəfə 2 tablet.)

2.Aspirin – gündə 1 tablet.

3. Parasitamol - əgər temperatur varsa, 5 saatdan bir, 1 tablet. Yoxsa, atmayın.

4.Vitamin C 200 mg, gündə 1 dəfə.

5. Tylol hot – asqırmaq, öskürək varsa, 6 saatdan bir.

6. Bol maye.

İçki qəti olmaz!

Yaxşı qidalanmaq və meyvə yemək.

Soyuq şey olmaz, tərlədikdə gündə bi dəfə duş almaq, soyuğa verməmək şərti ilə.

Yeməkdən qalmırıq. İştahımız yoxdur, amma yeyirik. Xüsusən çox meyvə istifadə edirik.

Mənim vəziyyətim stabildir. Yoldaşımda isə temperatur var. Xüsusən ayaqları od verir. Ona görə ona sistem qoşurlar. Bu sistem beş günlük olacaq.

Günü nisbətən babat yola veririk. Amma qarşıda ağır gecə var. Görək onu necə aşacağıq.

Bir yaxşı şey var ki, xəstəliyi yenmək üçün yaxşı motivasiya var: ordumuz hücuma keçərək düşmənə ağır zərbələr vurur! Çox ümidliyəm.

Gecə yenə ağır keçdi. Yoldaşımın temperaturu 38-ə çatıb, mənə də pis təsir edib və özümü heç yaxşı hiss etmirəm. Başım ağrıyır. Ürəyim bulanır.

Kompüterimin qapağı açılmır neçə gündür.

Cəbhə xəbərlərini isə telefonla izləyirəm.

***

Üçüncü gün.

Mənim yazı yazmağım yox e, heç düşünməyim mümkün deyil. Hara baxsam da, gözümə bu taclı virus görünür. Özümü yığışdırıb dərmanları vaxtlı-vaxtında içməyə, yeyib-içməyimizə fikir verməyə çalışıram. Həyat yoldaşımı da motivasiya edirəm. İndi onun ayağa qalxmasına imkan vermirəm, yüməyi özüm hazırlayıram. Sizə bir sirr açım: mənim bu barədə bir az səriştəm var. Bəzi adsız yeməklər var ki, onlar yalnız mənə məxsusdur. Gənclik illərindən, tələbəlik zamanından bunların bünövrəsi qoyulub. Və bu son günlərəcən (təbii, hərdən bir, məsələn, 2-3 ayda bir dəfə bir eşq kimi) davam edir. Hətta yadımdadır, xanım dərsdə olanda, mərhum anam ev işləri ilə ilgilənəndə belə xörək bişirmə əməliyyatım olardı. Onda uşaqlar hamısı mənim yeməyimdən yeyər, xanımın, yaxud anamın yeməkləri qalıb boyatıyardı...

Bax, indi o yemək bişirmə eşqi işə yarayıb. Günortaya ətli, göyərtəli, bibərli, kartoflu, pomidorlu, hətta kəklikotulu basdırma bişirmişəm. “Bəh-bəh-bəh! Ölü yesə dirilər!” - deyib qazanın ağzını açıram. Xanım “deyirsən, indi biz ölüyük?” deyə atmaca atır və kefimi qaçırdır. Amma tez özümüzə gəlib əlimizi sabunlayır, spirtləyir və süfrəyə otururuq...

Bu gözəllikdə yeməyin dad-duzu yox kimidir. Var əslində, iştah yoxdur ki, onu duysun. Amma yeməliyik. Və yeyirik də...

Yeyirik. Amma hərəkət yoxdur deyə, həzm edə bilmirik. Təkli edirəm ki, evin içərisində, dəhlizimizdə “gəzintiyə çıxaq”. Hə də, guya bura Razinin (Bakıxanovun) bir küçəsidir və ora getmişik... Özümüzü aldada-aldada gəzinirik. Sonra tez yorulub qonaq otağındakı kreslolara sərilirik...

Televizora heç vaxt baxmayan mən, indi bütün verilişlərə baxıram. Nə edim? Kitab oxumaq, kompüterə, hətta telefona baxmaq belə mümkün deyil. Başım fırlanır, gözüm qaralır.

Cəbhədən gələn xoş xəbərlər kefimizi bir az duruldur...

Bir təhər kompüteri açıb baxıram. Nəyə baxım axı? Müharibəyə görə interneti də bağlayıblar... Əslində, düz eləyiblər. Savaş gedir axı.

Və uşaqlar telefonuma VPN yükləyir, internet açılır.

Qəribədir, beş-altı gün əvvəl yazdığım statusu görüb sarsılıram. Sanki bu günləri görmüşəm:

“Mən dərdi qoxusundan tanıyıram. Özü görünməsə də, qoxusu adamı min addımdan vurar” – hələ yazmadığım hekayənin qəhrəmanının sözüdür.“

Feysbukda üç gün əvvəl belə bir status yazmışdım:

19 oktyabr - Əziz dostlar! Bu sevincli günlərdə təəssüf ki,bir naxoş xəbəri də sizinlə bölüşəsi oluram:

COVİD-dən test yoxlamam pozitiv çıxdı.Onu deyim ki,bir müddət yaxınlarla,dostlarla birbaşa kontaktdan cəkinəcəyəm.Ev şəraitində həkim nəzarətində müalicəmi davam etdirirəm.

Səhhətim normaldır, temperaturum yoxdur. Haminiza can sağlığı. Qələbə bizimlədir.

Nə qədər dəstək zəngləri, mesajlar gəldi. Hətta xaricdən yazırlar: ”Hocam, möhkəm olun, bunu da atladacaksınız!” və sair.

Bizdə lavaş deyilən çoxlu quru yuxalar almışıq ki, hər gün çörək üçün kimsəni narahat etməyək. Bazarlığı isə fəftəlik edib gətirirlər. Bir əziz adam gətirdiyi şeyi əlində tutub qalmışdı. Anası gördüm deyir: ”Qoy qapıya, qaç!”

Pis oldum. Amma sonra onlara haqq qazandırdım... Bulaşıcı xəstəliklə belə davranmalısan...

***

Mən həyatım boyu üç dəfə ciddi şəkildə xəstələnmişəm.

Birincisini xatırlamasam da, vücudumda izi qalıb: 3 yaşım olanda sağ ayağımda ciddi fəsad yaranıb və həyatla ölam arasında mücadilə vermişəm. Mərhum anam deyirdi ki, o vaxt hələ çox gənc olan Soltan həkimin (yenə Soltan həkim!) səyi nəticəsində həyata qayıda bilmişəm. İndi sağ ayağımın diz oynağının solunda və yuxarıda bud nahiyəmin solunda həmin cərrahi əməliyyatdan qalan yarıqlar var...

(Bu barədə anama həsr etdiyim “Dünyanın ən böyük adamı” – hələ çap olunmamış – romanımda bəhs etmişəm.)

İkincisi tələbə vatxı olub.

Boğazımda yaranan iltihab o həddə çatmışdı ki, az qala huşumu itirəcəkdim. Tələbə yoldaşlarımın təcili yardıma zəng etməsindən sonra məni xəstəxanaya apardılar və on günəcən orada müalicə olundum. Burada Kubadan olan Basilyo adlı oğlan və amerikalı Mersedes adlı zənci qızla tanış olub dostlaşdım. Bu barədə Eldar Baxış və Səməd Behrənginin xatirələrinə həsr etdiyim “Yuxarıda kim var?” adlı uzun hekayədə geniş söz açmışam.

Üçüncüsü isə bax bu yaşımda yoluxduğum korona virus başı batmış oldu.

Həqiqətən, bu çox ağır imtahan idi...

***

Suqovuşan (Madagiz), Talış və daha bir neçə kənd azad edilib.

Yoldaşımın temperaturu hələ tam düşməyib. Ona görə məcburən antibiotik yazırlar. Üç gün sonra temperatur yox olur. Qismən yaxşılaşmışıq. Cəbrayıl, Füzuli azad olunub. Sevincimizin həddi-hüdudu yoxdur... Sadəcə səsim qalıb. Tamam ayrı səslə danışıram. Və hələ də kompüterdə işləyə bilmirəm...

Və Zəngilanın alınması xəbəri gəlir! O qədər ağlamışam ki! Feysbukda yeni status:

“20 oktyabr - Gözün aydın,anam!Gözün aydın atam! Ruhunuz şad olsun. Zəngilan azad olundu düşməndən!”

Yaxşı süfrə açmışıq.

Oğlumdan icazə almadan evdə olan “Absalyut”dan bir qədəh içirəm və axşama halım pisləşir.

Qorxu məni bürüyüb: əcaba, korona yenidənmi qayıdır?! (Guya ki, getmişdi...)

Səhər bunu oğluma telefonda deyirəm. Hirslənir: “Ata, sənə iki ay içki olmaz! Xahiş edirəm özünü düşünmürsən, heç olmasa, bizi düşün...”

Gerçəkdən düz etməmişəm. Qızlarım, nəvələrim, qohumlar, dostlar məndən nigaran ikən niyə axı belə etdim?

Düz üç gün halım xarab olur. Başım dönür. İncəvara, dördüncü gün düzəldim...

...Bir gecə mən alız-uluz basdı və yuxumu görürdüm, ya aşkara idi, ayırd edə bilmirdim. Başında qızıldan tac, ayağında qızıl dikdaban, milli geyimdə bir gözəl gəlib əyləşib yanımda. İşarə edirəm ki, yoldaşım orda yatıb, görür axı səni, burda nə işin var?!

Qəhqəhə çəkib gülür və əli ilə naməlum yerləri göstərib qəribə bir qoşma söyləyir:

Dağlara qar gəlib, dursana...

Sonra yoxa çıxır. Və mən özüm onun misrasını davam etdirməli oluram:

Bağlara yar gəlib, dursana,
Hamı gedir Vətənə sarı,
Bağçaya bar gəlib, dursana...

İstəyirəm deyəm ki, bu nə təhər qoşmadır ki, doqquz hecalıdır?

Qəfildən peyda olub daha bərkdən gülür və əlini üzümə çəkir. O anda üzüm alışıb-yanır.

“Nə danışırsan, dur termometri gətir, isti gəlib...”

Yoldaşımdır. Tez qalxıb istilikölçəni gətirirəm... Və sevinirəm ki, gördüyüm yuxu imiş. Əlimi üzümə aparıram; qəribədir ki, istim yoxdur...

Yoldaşım deyir, sənin istiliyin yoxdur, bəlkə heç yoluxmamısan? Get o biri otaqda yat.

Yox, deyirəm. Ölsək də, bir yerdə öləcəyik...

Sonra üzümü göyə tutub o böyük allaha yalvarıram ki, xanımım tez sağalsın. Öldürsən, məni öldür, ona dəym. Əvvala, mən ondan beş yaş böyüyəm. İkincisi də... Mən onun qızlarına, oğluna, nəvələrinə nə cavab verərəm? Hamının dilini o bilir...

22 oktyabr – Yenistatus: “Gözəl Qaradərəm! Daha mənim adıma qısılmayacaqsan! İndi mən sənin qoynuna qısılacam, ana yurdum!”

İstanbuldan zəng gəlib! Rayonumun işğaldan azad edilməsini təbrik edir və korona virusa yoluxmama görə narahatlığını ifadə edir dostum. Sonra həyəcanla soruşur ki, abi, senin Karadere köyün ne oldu?!

Fikirləşmədən dedim ki, abicim, bu gün erməniləri oradan iti qovan kimi qovacağıq.

Canım İstanbul! Ürəyim Türkiyə! Həmişə var olasan!

***

Bir məsələni xüsusi qeyd etməliyəm: korona virusa yoluxmanın ən kritik dövrü birinci həftədir. Bu həftəni yaxşı başa vurmaq, sağalmağa doğru getməyə işarədir. Əgər sizdə ağır öskürək, boğulma, ağ ciyərlərdə xışıltı (bildiyim qədəri ilə buzlu şüşə də burdan başlayır), davam edən temperatur yoxdursa, deməli sağalmağa doğru irəliləyiş var. Şükür ki, bizdə artıq irəliləyiş var yaxşı mənada.

27 oktyabr - Bu gün xəstəliyin 9-cu günüdür. Doqqz gündə ilk dəfə həyətə çıxdım. Hava almaq istədim. Çox qəribə duyğudur. Elə bil qəbirdən çıxmısan. Cüzamlı xəstə kimi heç nəyə toxunmadan qayıdıb içəri girirəm. Çaşıb nəyəsə toxunaram axı. Hələ beş gün də keçsin, sonra yeni test verək, bəlkə onda rahatlıqla çölə çıxaram. Günunuz xoş olsun.

***

Noyabrın 2-də nümunə götürüb apardılar və səhər zəng vurdular ki, neqativsiniz!

Ah bu neqativ! Sən də gözəl söz sayıla bilərmişsən!

Sevinirik, amma ehtiyatı da əldən vermirik...

***

Sağalsaq da, sümük ağrıları bizi incidir. İkimizin də boyun fəqərələrimiz, onurğa sütunumuz, ayaqlarımız çox ağrıyır. Bir gün, iki gün, axırı dözmürük. Həkimlərə deyirik. Az sonra yeni dərman yazırlar: MAJEZİK.

Yeni dərmandan mən yalnız iki gün atıram, xanım isə bütöv həftə dərmanı qəbul edir...

Kompüterdə işləyə bilmirəm. Başım fırlanır. Yuxu basır. Boyun fəqərələrim ağrıyır...

Ən pisi isə düşünə bilmirəm...

***

Daha bir neçə gün keçir. Artıq qəsəbədə gəzməyə çıxıram, amma ikiqat ağızlıqla.

Yazmağa başlamışam. Kiçik savaş hekayələri. Hekayələrin həcminin kiçik olması iki səbəbdən ola bilər: ya mənim kompüterdə çox oturmağa səbrim çatmır, ya da savaşın sürətlə gedən xarakterindən doğur.

...İlk hekayəni, hələ xəstələnməmişdən əvvəl qəhrəman general Polad Həşimova həsr etmişdim. Onun ardınca “Hər gün üzünü təraş edən kişi” meydana gəldi. Hər ikisi Bakıda və Ankarada saytlarda yayımlandı. Sonra gəncəli körpənin hekayəsi yazıldı, sonra “Qumru yuvası”, “Xəndək”, sonra “Mkırtıça məktub”, sonra Vətən müharibəsinin qadın qəhrəmanı Arəstəyə həsr etdiyim uzun hekayəni başladım, sonra qanında Qaradərə qanı olan şəhid Cavidin hekayəsi... Və erməni generalını, polkovnikini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə haqqında yazmağa hazırlaşdığım roman üçün material toplamağa başlamışam...

Nə bilim? Bu dəqiqə ən böyük arzum Zəngilana, Qaradərəyə sağ-salamat yollanmaqdır. Ona görə bir daha xəstələnmək istəmirəm.

Hamınıza can sağlığı arzulayıram.

P.S. Mən bu yazını yazan gün də daxil, hələ ki, dünya təbabət elmi korona virusa qarşı peyvəndi kəşf edə bilməyib. Artıq bir ilə yaxındır ki, bu virus at oynatmaqdadır. Elə bu gün Azərbaycanın çox qiymətli bir adamı – vəkil Adil İsmayılov bu virusun qurbanı oldu. Onlarla adam ağır vəziyyətdə aparata qoşulu haldadır... İnanıram ki, tezliklə bu gözəgörünməz düşmənə qarşı mücadilə öz nəticəsini verəcək və peyvənd kəşf olunacaq.

P.P.S. Telefonuma qəfil mesaj gəlir: Almaniya alimləri virusun peyvəndini tapıblar!!! Yalansa, doğru olsun!

# 3695 dəfə oxunub

Müəllifin son yazıları

# # #