UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi

UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
17 aprel 2021
# 10:29

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “İnklüziv teatr layihəsi” BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) tərəfindən “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib.

Musiqili Teatrdan Kulis.az-a bildirilib ki, UNESCO-nun baş katibliyi bu layihənin həyata keçirilməsinə nəzarəti təmin etmək üçün beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinə öz tövsiyələrini verib.

Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir. Akademik Musiqili Teatrın yaradıcı mütəxəssisləri tərəfindən aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlərin keçirilməsi, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşasının hazırlanması nəzərdə tutulur.

Layihə rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə daha geniş məlumat verib: “Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı, sosial reabilitasiyası, onlara lazımi bacarıq və biliklərin aşılanması dövlətimiz üçün prioritet məsələlərdəndir. Son illər belə uşaqların sosial təminatı ilə bərabər, onların bədii yaradıcılığa cəlb edilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində də çoxsaylı layihələr həyata keçirilir. Teatrımız dəfələrlə belə layihələrin iştirakçısı və təşkilatçısı olmuşdur. Lakin, çox təəssüf ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar, bəzi obyektiv səbəblərdən müəyyən layihələrdən kənarda qalırlar. Belə halları nəzərə alaraq bu kateqoriyadan olan uşaqları, yeniyetmə və gəncləri teatrın nəzdində yaradılan inklüziv teatr studiyası ətrafında birləşdirməyi qərara almışıq. Bu şəxslərin bədii yaradıcılığa cəlb olunmaları, teatr, rəqs, sirk və sair sənət növlərinə məxsus ifadə vasitələrinə yiyələnmələri, onların bədii zövqünün formalaşması, istedadlarının üzə çıxarılması, mənəvi dünyalarının zənginləşməsi üçün bizim studiyamız əvəzedilməz vasitə ola bilər. Məşqlər teatrımızın təcrübəli aktyorları tərəfindən keçiriləcəkdir.

Dünyada, eləcə də ölkəmizdəki mövcud pandemiya vəziyyəti ilə əlaqədar layihəmizin Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələri əsasında, gigiyenik qaydalara riayət olunmaqla daha çox hallarda, təbii ki, onlayn həyata keçirilməsi nəzərdə tutulur.

Ümid edirəm ki, beynəlxalq layihə kimi UNESCO tərəfindən təsdiq edilmiş bu işimiz özünü yaxın zamanlarda doğruldacaq, ətrafına çoxlu istedadlı gəncləri toplayacaq və bu kollektiv gələcəkdə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda ölkəmizi layiqincə təmsil edəcəkdir”.

# 1712 dəfə oxunub

Müəllifin son yazıları

# # #