Türkdilli xalqların musiqiləri səsləndiriləcək

Türkdilli xalqların musiqiləri səsləndiriləcək
10 fevral 2020
# 10:51

Fevralın 10-da Serbiyanın paytaxtı Belqraddakı “Koloras” Mədəniyyət Mərkəzində türkdilli xalqların musiqilərindən ibarət konsert keçiriləcək.

Türk dünyasının böyük şairi Abay Kunanbayevin anadan olmasının 175-ci ildönümünə həsr olunan konsertdə Azərbaycanı sopranomuz Fəridə Məmmədova təmsil edəcək. Konsert Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi və Türkiyə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının birgə təşkilatçılığı və Serbiyadakı Azərbaycan, Qazaxıstan və Türkiyə səfirliklərinin dəstəyi ilə təşkil olunacaq.

Bakı Musiqi Akademiyasının yetirməsi olan Fəridə Məmmədova ölkəmizdə və onun hüdudlarından kənarda (Almaniya, Fransa, İsveçrə, Avstriya, Hollandiya, Belçika, Çexiya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Monqolustan və s.) solo konsert proqramları ilə çıxış edib. Onun repertuarı tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarətdir və dünya şöhrətli dirijorların rəhbərliyi altında müxtəlif orkestrlərlə (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Vyana kamera orkestri, Yerusəlim simfonik orkestri, Johannesburq simfonik orkestri, “Raana Symphonietta”, “Studio for the New Music”, “Asco-Schoenberg ensemble”, “Reconsil” və s.) əməkdaşlıq edir. /azertag.az/

# 2216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #