Türk və Azərbaycan musiqiçiləri eyni səhnəni paylaşdı

Türk və Azərbaycan  musiqiçiləri eyni səhnəni paylaşdı
20 dekabr 2019
# 14:30

Türkiyənin ən böyük konsert salonlarından biri, Bursa şəhərinin Atatürk Konqres və Mədəniyyət Mərkəzində Azərbaycan və Türkiyənin tanınmış musiqiçilərinin iştirakı ilə simfonik konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Bursa Dövlət Simfonik orkestrinin ifasında Azərbaycan və dünya musiqisinin parlaq nümunələri təqdim olunub.

Tanınmış bəstəkar, Xalq Artisti, professor Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən Süita, Türkiyə və Azərbaycanda aktiv yaradıcılığı ilə seçilən istedadlı bəstəkar İlyas Mirzəyevin balaban və simfonik orkestr üçün konserti ilk dəfə olaraq Bursada səsləndirilib. Bu janrda nadir halda yazılan əsərlərdən olan balaban konsertinin solosunu isə nəfəsli alətlərinin tanınmış ifaçısı, Azərbaycanın Xalq artisti Əlixan Səmədov böyük uğurla təqdim edib.

Konsertin ikinci bölümündə isə Antonin Dvorjakın “Yeni dünyadan” 9-cu simfoniyası ifa olunub.

Təxminən 1500-ə yaxın tamaşaçının izlədiyi konsert proqramı musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu layihə dirijor Əyyub Quliyev və Bursa Dövlət Simfonik Orkestrinin ilk birgə işidir. /azertag.az/

# 2092 dəfə oxunub

Müəllifin son yazıları

# # #