Təkayaqlı qəhrəman - Nihat Piriyevdən hekayə

Təkayaqlı qəhrəman - Nihat Piriyevdən hekayə
6 fevral 2020
# 17:46

Kulis.az Nihat PiriyevinTəkayaqlı qəhrəman” hekayəsini təqdim edir.

...atam müharibəyə gedəndə 7 yaşım vardı. Mən onda bilmirdim müharibənin nə olduğunu. Mən onda bilmirdim müharibədə uşaqların öldüyünü. Ataların öldüyünü, ümidlərin öldüyünü, anaların sevgisiz qaldığını... Amma öyrəndim. Sinif yoldaşımın atasının ölüm xəbəri gələndə öyrəndim. Qonşumuz Murad babanın oğlunun əsir düşdüyünü eşidəndə öyrəndim.

Dağ boyda bir kişinin uşaq kimi ağladığını, 7 yaşlı sinif yoldaşımın necə hönkürlədiyini görəndə öyrəndim.

Və özümü öyrətdim. Belə bir xəbərin gec-tez bizim də qapımızı döyə bilməsinə öyrətdim.

Amma bu qədər qorxu, bu qədər nigaranlıq və bu qədər səksəkə duyduğumuz bir vaxtda-dörd ildən sonra atamın qayıtması xəbəri bütün ölmüş ümidlərimizi yenidən diriltdi. Xoşbəxt olmağı bacardıq o gün. Sevinməyi bacardıq o gün.

Və həm də utandıq. Bütün ölən ataların, bütün yetim qalan körpələrin, bütün sönən çıraqların, sönən ocaqların yanında utandıq. Müharibənin adına utandıq.

Onu necə səbirsizliklə gözlədiyimiz heç vaxt yadımdan çıxmaz. Anam ən gözəl donunu geyinmişdi həmin gün, nənəm bir həftə əvvəldən bütün kəndə "qəhrəman balam gəlir"- deyə səs salmışdı. Qonşumuz Kübra xala isə səhər açılar-açılmaz gəlib kəsdirmişdi qapının önünü. O, atamı uşaqlıqdan sevərdi. Nənəm deyir ki, Kübra xala atası ağır xəstə olduğu üçün heç vaxt evlənməyib. Ömrünü-gününü atasına qulluq eləməyə həsr edib. Atam ona bir övlad kimi idi, oğlu qədər çox istəyərdi atamı. Atam da onu.

Hərbi maşın həyət qapısının önündə dayananda elə həyəcan keçirdim ki, elə bildim, bu dəqiqə yıxılacam. Dünya bir anlıq sadəcə və sadəcə atamdan ibarətmiş kimi göründü. Özümü necə aparacağımı, ona necə yaxınlaşacağımı, onu necə qucaqlayacağımı belə bilmirdim. Yadırğamışdım özümü... yadırğamışdım atamın övladı olmağı...

Atamı hərbi maşından düşürən kimi nənəmin yaylığına əl atıb qışqırması bütün kəndi həyətə tökmüşdü. Çünki atamın bir ayağını kəsmişdilər. Bizimsə bundan xəbərimiz yox idi. Qonşular nənəmi sakitləşdirməyə çalışdığı bir vaxtda anam, bacım və mən sadəcə donuq baxışlarla atamı seyr edirdik. Atam yanındakı hərbi formalı adamların köməyi ilə maşından düşdü və qoluna keçirdiyi ağaclara söykənib çətinliklə də olsa, gülümsədi.

Anam tutulmuşdu, birtəhər özünü toparlayıb atama sarı bir-iki addım atıb dayandı. Onu təpədən-dırnağa süzdü və qəfildən dizini yerə atıb ağlaya-ağlaya sağ qalan ayağından öpməyə başladı. Bizsə ortalıqdakı bu qarışıq vəziyyətə qarşı yalnız iki-üç dəqiqə tab gətirə bildik. Sonra dərk edə bilmədiyimiz ağrılar üçün o qədər ağladıq ki...

...əvvəlki günlər çətin keçirdi. Atam hər nə qədər bu vəziyyətə öyrəşmiş olsa da, evimizin düzəni bərpa olmurdu ki olmurdu. Xüsusən də, nənəmi öyrəşdirmək çətin idi. Arvad elə hey durduq yerdə qıy çəkib əl atırdı saçına. Dil deyə-deyə o qədər ağlayır, o qədər şikayətlənirdi ki, bu hal artıq hamımızı yorurdu.

Nənəm çox dözmədi. İki həftə sonra səhərlərin birində evdəki qışqırtıya, haray-həşirə oyandım. Ondan sonra nə oldusa, oldu, mən görmədim. Bacım tez-bazar məni qonşu Kübra xalagilə apardı.

Mən evə qayıdanda nənəmin öldüyü gündən üç gün keçirdi.

***

...atamın ayaqqabıları yenə də əvvəlki kimi cüt şəkildə pilləkənin önündə dururdu. Elə bilirdik ki, o ayağa duyduğumuz ehtiyac onu geri gətirəcək. Atamın yerişi evimizi silkələyəcək və o ayaqlar eyvanın yanından nə vaxtsa savaş və sülh bayraqları kimi cüt şəkildə yellənəcək.

Məktəbdən gələn kimi atamı evdə tapmırdımsa, bilirdim ki, küçəmizin başındakı çayçı yerindədi. Tez-bazar yemək yeyib çayı atamın yanına saxlayırdım. Məni görən kimi gülümsəyir və "nərd dostları"na mənimlə necə fəxr eləməyindən danışırdı. Atam deyir ki, Allah elə bil o vaxtdan mənə oğul yox, ehtiyat ayaq veribmiş.

***

Bir il keçdi. 13 yaşım təzəcə tamam olmuşdu. Bacımsa onuncu sinifdə oxuyurdu. Yenə də səhərlərin birini haray-həşir, qışqırıq səsi ilə açdım. Bu dəfə Tanrı bizə qarşı daha qəddar davranmışdı. Anam ürək tutmasından ölmüşdü.

Anamın əvvəllər ürəyindən şikayət eləməsi qətiyyən yadıma gəlmir. Amma olan olmuşdu artıq...

Olan isə o idi ki, biz atamın ayağından sonra bu dəfə evimizin əllərini itirmişdik...

...həmin ili qış ağır keçdi. Anamın yoxluğuna heç cür öyrəşə bilmirdik. Atamın etdiyi bütün cəhdlərə rəğmən nə evimiz qızırdı, nə də ki, biz qızına bilirdik.

Amma öyrəşdik. Anamın yoxluğuna da öyrəşdik, anam olmadan yaşamağa da...

Arabir atamın xəlvətə çəkilib necə hönkürlədiyi də yadımdadı. Həyətin başındakı ağaclardan birinin altında oturur və saatlarla gözünü bir nöqtəyə zilləyib baxırdı. Belə təkliyə çəkilməsi o vaxtlar mənə qəribə gəlirdi. Çünki mən elə bilirdim ki, atam üçün bizim varlığımız anamın yerini doldurmağa kifayət edəcək qədərdir. Amma...

Kübra xala bizə əvvəlkindən daha çox gəlirdi. Artıq bacıma yemək bişirməyi də öyrətmişdi.

Atam zarafata salıb deyirdi ki, anamın ölməyi bacıma əməlli başlı yemək bişirməyi öyrətdi. Deyirdi ki, daha getdiyi qapıda heç vaxt məni söydürməz...

Axşamları odun peçinin yanında bardaş qurub peç üstündə qızartdığımız heyva dilimlərini yeyə-yeyə atamın müharibə xatirələrinə qulaq asırdıq. Hər dəfəsində eyni təmkinlə kürəyini divara yaslayıb gözünü yumurdu. Elə bil ki, özünü təkrar müharibəyə hazırlayırdı. Oradakıları təkrar yaşamağa, təkrar hiss etməyə... Bir əli də həmişə kəsilmiş ayağının üstündə olurdu. Onu ikinci dəfə itirməkdən qorxurmuş kimi. Qoruyurmuş kimi.

Barmaqları ilə ayağını didişdirə-didişdirə cəbhədən, ordakı ölüm-qalım savaşından danışırdı. Atam deyir ki, gözünün qabağında dostu minaya düşüb tikə-tikə olmuşdu. Deyir ki, düz bir həftə özünə gələ bilməyib. Xəstəxanada ayılanda isə bədənində nəsə qəribəlik hiss eləyibmiş. Ondan sonra isə onu sakitləşdirməyə bütün xəstəxana yığışıbmış.

Həmişə müharibədən danışandan sonra "sağ qalmağım əsl möcüzədi" - deyib gülümsəyirdi.

***

Daha bir il keçdi...

Səhərlərin birində oyanıb gördüm ki, bacımın yatağının üstündə balaca bir məktub var. Məktubu açıb oxuyanda atam da təşviş içində otağa girdi. Və mənim təəccüb dolu baxışlarım arasında onun da sözü ağzında qurudu.

Bacım bizi qoyub gecə ikən kiməsə qoşulub qaçmışdı...

Bacımın xəbəri bir də bir həftə sonra Rusiyadan gəldi. Atamla danışmağa cəsarəti olmadığı üçün sinif yoldaşlarından biri ilə əlaqə saxlayıb hər şeyi yerli-yataqlı ona danışmışdı. O da axşamüstülərin birində anası ilə bərabər gəlib bacımın ona dediklərini bir-bir atama nəql elədi. Və mən onda bacıma edə biləcəyim ən böyük pisliyi eləməkdən çəkinmədim. Onun hara getməsi artıq mənə maraqlı deyildi. Ona görə də, söhbətə qulaq asmadan atamın hər daim altında oturduğu ağacın yanına gedib bir xeyli düşündüm.

Amma nə qədər çalışsam da, bacıma haqq qazandıra bilmədim...

Mən qayıdanda atam hələ də pilləkəndə oturub gözünü həyət qapısına zilləmişdi. Barmaqlarının arasında siqaret özü üçün tüstülənir, o isə kimisə gözləyirmiş kimi uzaqlara dikilmişdi. Elə bil o qapıdan indicə ya nənəm, ya anam, ya da ki bacım içəri girəcəkdi. Atamın nə qədər tək qaldığını, nə qədər darıxdığını və nə qədər yorulduğunu ilk dəfə onda hiss elədim. Ən əsası isə nə qədər güclü olduğunu... Çünki atam üçün müharibə heç vaxt bitmədi. Çünki atam üçün savaş heç vaxt bitmədi. Atamın qurbanları, atamın itkiləri heç vaxt bitmədi.

Boynunu qucaqlayıb onu tək qoymayacağıma inandırdım. Bu, yəqin ki, mənim ona edə biləcəyim ən böyük yaxşılıq idi. Sonra isə bir-birimizə söykənib ata-bala kişi kimi ürəyimizi boşaltdıq, kişi kimi ağladıq...

Atamı bilmirəm, amma mən həmin gün bacımı basdırdığım üçün ağlayırdım...

***

Aradan bir neçə il də keçdi və mənim əsgərlik yaşım gəlib çatdı. Açığı, atam hər nə qədər məni özündən arxayın eləməyə çalışsa da, içimdə qəribə bir narahatlıq vardı. Kübra xalanın atama "analıq" edəcəyinə, ona hər mənada dayaq olacağına inanırdım. Üstəlik, böyük bibim də artıq bizimlə yaşayırdı. Amma...

Getdim.

Və atam mən gedən günü həyətdəki həmin ağacdan özünü asdı.

Atamın arxasıyca qətiyyən ağlamadım. Çünki ona haqq qazandıra bilirdim. İçimdə onun ağrılarını hiss edə bilirdim.

Atam yorulmuşdu.

Öz müharibəsini bitirəcək qədər yorulmuşdu.

***

...dəfnin üçüncü günü adamların səs-küyü, ağlaşması sırasında illər sonra həmin o doğma səsi eşitdim. Bacımın səsini...

Pilləkənin yuxarı başında eyvanın küncünə qısılıb hıçqırırdı. Hiss olunurdu ki, bura gəlib çatana qədər o qədər ağlayıb ki, daha nəfəsi tükənib. Çünki o təkcə atama görə ağlamırdı. Həm də özünə görə ağlayırdı. Özünə görə...

Qəfildən gözlərimiz toqquşsa da, nə mən ona yaxın getdim, nə də ki, o mənə.

Onu bağışlamamışdım. Bağışlaya bilməzdim.

Ağladı, üz-gözünü cırdı, soyudu və uşağını da götürüb getdi.

Hamı getdi. Hamı. Hətta Kübra xala da. Mənsə atamın müharibə meydanında-həyətimizdə həmin ağacın altında tək qaldım. Atamsız. Anamsız. Nənəmsiz. Bacımsız. Atam olmağa çalışdım. Onu hiss etmək üçün. Onu yaşamaq üçün.

Və mən yalnız onda başa düşdüm ki, atam niyə həmişə o ağacın altında otururdu...

Gallery

# 4391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #