Tanınmış şairə əsgərlərimizə şeir həsr etdi: Məni dardan qurtar!

Tanınmış şairə əsgərlərimizə şeir həsr etdi: Məni dardan qurtar!
2 oktyabr 2020
# 17:05

Kulis.az tanınmış şair Həyat Şəminin yeni yazdığı “Salam, əsgər!” şeirini təqdim edir.

Gün cəbhədən doğdu bu gün, qanadlı
Bir müjdə gətirdi çaparaq atlı.
Səmanın bağrını odun qanatdı,
Dan yeri söküldü sənlə bu səhər,
Salam, əsgər!

Şuşanın əlini tut, buraxma ha!
Özünü qayadan atar Xuraman...
Yarın “bir dur” desə ona baxma ha!
O da göz yaşını tutar birtəhər,
Salam, əsgər!

Xankəndi xan kimi durub, seyrində,
Başı ucadadır, dərdi dərində...
Mən ola bilmirəm sənin yerində,
Sən də bilmirsən ki, nə çəkir qədər...
Salam, əsgər!

Əsgəran gəl deyir - gəl, əsgərim, gəl,
Məni dardan qurtar, Allah kərim, gəl,
Düşmənin nəfəsi bizə ölüm, gəl!
Gör nələr görmüşük 30 il, nələr,
Salam, əsgər!

Candan usanıbdır, Füzuli xəstə,
Nəfəsi get-gəlli, səsi ahəstə.
Qaldır Bayrağımı Ərgünəş üstə,
Göz yaşıyla islat, sonra günə sər,
Salam, əsgər!

Qalmasın heç yerdə əsir, girov dağ,
Ayağın düşübsə hür olar Torpaq,
Baş üstə yer verdi sənə Murovdağ,
Onun sinəsindən gül dərdini dər,
Salam, əsgər!

Ağdərəyə yollan, yoxsa gün əyilər,
Quzeylər yaralı, qəmli güneylər,
Tanrı yuxumuzu bu gün çin eylər,
Sən tarix yazırsan qazdıqca səngər,
Salam, əsgər!

Qaməti əyilmiş qoca Xocalı,
28 ildir əsir qocaldı...
Qəddini qaldırdı, göyə ucaldı.
Sənin əlindədir bu gün – Göy və Yer,
Salam, əsgər!

Ağdamın dam üstə qalmayıb damı,
Seyr etdikcə dəli edir adamı...
Bu gün Xocavənddə düşür axşamı,
Düşür gözlərimdən qaranlıq kədər,
Salam, əsgər!

Cəbrayıl, Zəngilan, Qubadlı adla,
O torpaq gözləyir səni inadla
Qır düşməni, qov əlindəki odla,
Ey Odlar Yurdunun böyütdüyü ər,
Salam, əsgər!

Laçınsız Laçına oynamamışam,
Dəhlizə bir yol aç əllərində şam,
Mən sənin arxanda möhkəm durmuşam,
Yoxsa ki, canımdan neçə can gedər,
Salam, əsgər!

Səndədir gələcək, bu gün, dünən, bil!
Atəşlər açdıqca dərdi sönən bil.
Torpağı anan bil, nazlı sonan bil,
Çalınsın cəngilər, sən də çal zəfər!
Salam, əsgər!

Daha Kəlbəcərin qalmayıb tabı,
Qapılar açılsın, sevinsin Babım,
Gözləyir yolunu yurd-yuvam, obam,
Lalələr qızarır, gəlibmi bahar?
Salam, əsgər!

Qarabağ - bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy, Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
Salam, əsgər!

01.10.2020

# 2872 dəfə oxunub

Müəllifin son yazıları

# # #