Tanınmış şair Fikrət Qocanı plagiatlıqda ittiham etdi

Tanınmış şair Fikrət Qocanı plagiatlıqda ittiham etdi
16 may 2020
# 15:00

Şair Ramiz Qusarçaylı Xalq şairi Fikrət Qocanı plagiatlıqda ittiham etdi.

Kulis.az xəbər verir ki, bu barədə Ramiz Qusarçaylı sosial şəbəkədə paylaşım edib. O, Xalq şairi Fikrət Qocanın Əvər Əlibəylinin “Bağçadan keçmisən” şerini mənimsədiyini bildirib:

“Xalq şairi Fikrət Qocanın “Seçilmiş əsərləri”nin (Bakı-2015) VII cildinin 330-cu səhifəsində görkəmli şair, bənzərsiz mahnı mətnlərinin müəllifi Ənvər Əlibəylinin “Bağçadan keçmisən” şeirini görəndə gözlərimə inanmadım. Fikrət müəllim Ənvər müəlliin şeirinin adını dəyişərək “Bağçadan keçmişəm” qoyub, mətni isə olduğu kimi “mənimsəyib”.

Ənvər Əlibəylinin “Bağçadan keçmisən” şerinə Xalq artisti, bəstəkar Elza İbrahimova gözəl bir mahnı bəstələyib və ilk dəfə o mahnını Xalq artisti Gülağa Məmmədov ifa edib...Mahnı “Bu bağçadan keçmisən” adlanır.

Ənvər Əlibəyli bu mahnı mətnində bağçadan məhz onun sevgilisinin keçdiyini, sevgilisinin gözəlliyinin təbiətə sirayət etdiyini təsvir edir. Fikrət Qoca isə şeirin adında bağçadan özü keçir...

Fikrət Qoca kitabına yazdığı “Kitaba bir neçə söz” adlı ön sözündə qeyd edir ki, “...mahnı kollektiv zəhmətin bəhrəsidir. Burda ən azı üç adam iştirak edir: bəstəkar, şair, müğənni”. Ancaq bu şeirdə üç yox, dörd adam “iştirak” edib, bəstəkar, iki şair və müğənni...

Fikrət müəllim yenə də ön sözdə yazır ki, “Həqiqət, düz söz acıdır, amma dərman kimi acıdır. İnsanın sağalmasına kömək edir”. Mən də istərdim ki, mənim bu qeydlərim acı olsa da dərman kimi acı olsun.

Fikrət müəllim təvazökarlıq göstərib ön sözdə onu da qeyd edir ki, ”...nöqsanlarıma görə məndən çox inciməyin, qocalığıma bağışlayın”.

Tutaq ki, biz Fikrət müəllimi həm Fikrət Qocalığına, həm də qocalığına bağışladıq, bəs Ənvər Əlibəylinin ruhu necə, bağışlayacaqmı?..

Ənvər Əlibəyli

Yəqin, bu gün səhər-səhər,

Bu baxçadan keçmisən,

Soruşursan, nədən bildim bunu mən.

Çiçəklərin nəfəsində

Saçlarının qoxusu.

Nərgizlərin xumarında

Gözlərinin yuxusu.

Quşların nəğməsində

Səsinin ahəngi var.

Çinarların duruşunda

Bədəninin qaməti.

Günəşin zərrəsində

Qəlbinin hərarəti,

Lalənin ləçəyində

Dodağının rəngi var.

Səhər-səhər

Sənin burdan keçdiyini

Onlar mənə verdi xəbər.

Fikrət Qoca

Mus. Elza İbrahimova

Bağçadan keçmişəm

Yəqin, bu gün səhər-səhər,

Bu baxçadan keçmisən,

Soruşursan, nədən bildim bunu mən.

Çiçəklərin nəfəsində

Saçlarının qoxusu.

Nərgizlərin xumarında

Gözlərinin yuxusu.

Quşların nəğməsində

Səsinin ahəngi var.

Çinarların duruşunda

Bədəninin qaməti.

Günəşin zərrəsində

Qəlbinin hərarəti.

Lalənin ləçəyində

Dodağının rəngi var.

Səhər-səhər

Sənin burdan keçdiyini

Onlar mənə verdi xəbər.”

# 4939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #