Tabulara toxunmağa haqqımız yoxdur – İlham Qəhrəman

Tabulara toxunmağa haqqımız yoxdur – İlham Qəhrəman
30 aprel 2020
# 10:45

Azvision.az saytındaİrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi” adlı maraqlı və mən deyərdim ki, milli dəyərlərimizə qayğı baxımından xeyirxah bir araşdırma yazıya rast gəldim. Tarixi sənədlərə söykənərək, indiyə qədər efirdə səslənəndə hər bir ayıq dinləyici tərəfindən mental dəyərlərimiz baxımından qüsurlu hesab edilən mahnının ilkin qədim mətnini üzə çıxaranlara alqış düşür.

Məni bu balaca qeydlərimi yazmağa isə tamam başqa şey vadar elədi. Mahnının araşdırmaçı-müəllif (Abbasqulu Nəcəfzadə. sənətşünaslıq elmləri doktoru, professor) tərəfindən təqdim edilən qədim variantının 4-cü bəndi belədir:

İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
D
ərdlərimə dərman yazar.

Mahnı haqqında araşdırmanın bir abazasında bu bənddə guya qafiyənin pozulduğu vurğulanır və bundan çıxış yolu kimi başqa variant təklif edilir. Həmin abzas olduğu kimi belədir:

“Dördüncü bənddə qafiyə pozulur. Belə ki I misra “bazar”, II misra “gəzər”, III misra “yazar” sözləri ilə tamamlanır. Tanınmış rejissor, ssenarist, şair Füzuli Sabiroğlu gəzər”i texniki səhv kimi dəyərləndirir və onun “azar”la əvəzlənməsini təklif edir. Fikrimizcə, həmin misradakı gəlin” sözü də “gözəl”lə əvəzlənməli, yəni “İçində bir gözəl azar” kimi oxunmalıdır. Çünki mahnıda gəlin deyil, hər hansı bir gənc və bakirə gözəl vəsf olunur.”

Bəri başdan onu deyək ki, 3 misralı şeir formasında yazılan bənddə qafiyə qüsuru yoxdur, həm də kök qafiyyələrdir. Görünür “gəzər” qafiyyəsi digər iki misradakı qafiyədən saitlərinin incəliyinə görə araşdırmaçılarda şübhə doğurub. Bu cür qafiyələrdən istifadə olunaraq yazılan şeirlər ədəbiyyatımızda istər klassik aşıq şeirimizdə, istərsə də sonrakı dövr şeirimizdə istənilən qədərdir. “Bazar”, “gəzər”, “yazar” kimi həmqafiyə sözlər dildə səslənəndə sözlərin ardıcıl assosiasiyası saitlərin incə və ya qalın fərqini hiss edilmədən aradan qaldırır.

Çünki vurğu daha çox son hecalara (zar, zər, zar) düşür ki, ayrılıqda yenə qafiyələnirlər. Yəni dinləyən, oxuyan şəxsin içində sözlərin qafiyələnməməsi kimi şübhə yaranmır. Daha sonra müəllif şair Füzuli Sabiroğlunun adından həmin bəndin “İçində bir gəlin gəzər” misrasını “İçində bir gözəl azar” kimi əvəzləməyi məsləhətli hesab edir. Füzuli Sabiroğlu mahnı mətnində gedən həmin “qafiyyələnməyən” misranı “texniki səhv” adlandırır və mətnə təklif etdiyi restavrasiya da burdan irəli gəlir. Bu zaman belə bir məntiqə də söykənir ki, “...mahnıda gəlin deyil, hər hansı gənc və bakirə gözəl vəsf olunur.”

Maraqlıdır, görəsən gözəl deyimi dilimizdə ancaq bakirə və gənc qızlar haqqındamı deyilir. Bəyəm gəlin və ya başqa sinnidə olan adam haqqında gözəl demək olmazmı?! Axı heç gözəlin çarşıda azması da mental dəyərlər baxımından yerinə düşmür.

Təklif olunan misra məzmun baxımından da ümumi ruha qulluq etmir. Sözün sözü gətirməsi anlamında mətndəki ikinci misra özündən sonrakı misranı gətirmək baxımından daha uğurludur. “Gəzən gözəlin” “dərdə dərman yazması” ağlabatan olduğu halda, “azan gözəl” haqqında bunu demək olmur.

Bütün qədim mətnlərdə zaman və məkan məfhumu özünü qoruyur. Onda xalqımızın tarixi, etnoqrafiyası, adət-ənənəsi və s. dəyərləri yaşayır. Onlarla ehtiyatlı davranmaq, bizim borcumuzdur. Özümüzdən nəsə əlavə etsək, uydursaq onların öz dövründən zamanımıza daşıdığı informasiya yükünü soyundurub çılpaqlaşdırarıq. Tabulara toxunmağa haqqımız yoxdur.

# 2584 dəfə oxunub

Müəllifin son yazıları

# # #