Sultan Süleymanın portreti İngiltərədə rekord məbləğə satıldı

Sultan Süleymanın portreti İngiltərədə rekord məbləğə satıldı
1 aprel 2021
# 10:45

Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İngiltərədə hərracda rekord qiymətə satılıb.

Kulis.az xəbər verir ki, ilkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 142 min 500 manat) satışa çıxarılan portret 350 min funt sterlinqə (təxminən 830 min manata və) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücünün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

“İslam dünyası və Hindistan sənətləri” mövzulu hərraca ümumilikdə 183 əsər təqdim edilib.

Hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.

# 1994 dəfə oxunub

Müəllifin son yazıları

# # #