Siqaretinin qoxusu hələ də burnumdadır - 15 yaşlı gənc hərbçi atasından yazdı

Siqaretinin qoxusu hələ də burnumdadır - 15 yaşlı gənc hərbçi atasından yazdı
16 oktyabr 2020
# 14:03

Atam Samir Mütəllibov Qarabağ müharibəsi iştirakçısı olub. Ağdamda döyüşlərdə iştirak edib. Müxtəlif vaxtlarda yaralandığı üçün Bakıya gətirilib. Atam eyni zamanda Milli Qvardiyada əsgərlik çəkmişdi, daha sonra Polis Akademiyasını bitirib Bakıdakı polis bölmələrinin birində işləyirdi. Çox qorxmaz, cəsur, qəhrəman bir insandı. Bütün təhlükəli əməliyyatlara gözünü qırpmadan gedirdi. Elə o əməliyyatların birində atışmalarda güllə yarası aldı ağciyərindən. Atamı itirəndə 7 yaşım vardı və atamı xəyal kimi xatırlayıram. Çəkdiyi siqaretin qoxusu hələ də burnumda... Zarafatlarını şirin bir xatirə kimi yadıma salıram. Ondan qalan sadəcə göz yaşı və həsrətdi... Ata insanın dayağıdı, arxasıdı, gələcəyidi, bir sözlə, – hər bir şeyidi. Övladın idealıdı. Ailəlikcə atamın həsrətini çox çəkirik və bu həsrəti də bacardığım qədər gizli yazdığım cızma-qaralarıma həkk edirəm. Həkk edirəm ki, unutmayaq. Vətən uğrunda, bizim yolumuzda canlarını qurban verənləri unutmayaq. Çünki unutmağa haqqımız yoxdur.

Müharibə janrında əsərlər tərcümə etməyimin səbəbi atamla fəxr etməyimdi. Bu insan ölənə kimi vətənə xidmət etdi və mən onu əsl vətən oğlu hesab edirəm.

15 yaşım bu gün tamam oldu. Neçə dəfə müraciət elədim, cəbhəyə yaşın çatmır, dedilər, amma qardaşım həmin an getdi. Ali təhsilini bitirib, işləyirdi. İndi müharibədə, döyüşdədir. Qardaşımla fəxr edirəm. Bütün vətən oğulları ilə fəxr edirəm. Anam tək qalmasaydı, mən də qaçıb gedərdim. Mən də atam kimi mərd, qorxmaz döyüşmək istəyirəm. Mən döyüşmək istəyirəm. Anam həkimdi, deyir qaçsan, mən də gələcəm. Müharibə yaxşı şey deyil, amma ürəyim döyüşmək arzusuyla çoşub-daşır. Atamın, bütün şəhidlərin intiqamını almaq eşqiylə yaşayıram.

Kaş döyüşə gedəydim.

# 2184 dəfə oxunub

Müəllifin son yazıları

# # #