Sınmış çaynik və hiyləgər yağış

Sınmış çaynik və hiyləgər yağış
22 fevral 2021
# 15:32

Kulis.az Vüsal Bağırlının "Sınmış çaynik və hiyləgər yağış" adlı yazısını təqdim edir.

Bəzən nə edirəm, boşuna gedir. Ya da, daha pis, tərsə-mayallaq alınır. Bir iş görmək niyyətiylə nəyə toxunuramsa, aləm qarışır biri-birinə. Hər şey uçur, qopur, dağılır.

Ruslarda bu tip adamları dəqiq ifadə edən bir söz də var: “neuklujiy çelovek” (fərasətsiz adam).

İşdə boş çayniki sütunun üzərinə qoydum. Çaynik sükunətə qərq olub, səbrlə məni gözləyirdi ki, içinə quru çay atım və qoyum dəmə. Əyilib üzərinə “Beta Tea” yazılmış qara qutunu götürdüm və indi “gör qaqan nağayrajax” ədasıyla oradan çaynikə iki çimdik çay əlavə etdim. Üzərinə qaynar su almaq niyyətiylə növbəti hərəkətə hazırlaşarkən, azacıq ehtiyatsız davrandım.

Dirsəyim yüngülcə çaynikə toxundu və “domino effekti” baş verdi. Çaynik sürüşüb, müvazinətini əbədi itirdi və kəhkəşanda veyillənən meteorit qırığı kimi boşluğa yuvarlandı. Hansısa bir reaksiya göstərməyə vaxt, macal qalmadı. “Brusli” sayağı cəldlik göstərərək onu havadaca tutmağa imkan tapmadım. Saniyənin yüzdə biri qədər vaxt müddətində zavallı çaynik gumbultuyla dimdiyi üstündə döşəməyə çırpıldı. Elə səs-küy qopdu ki, elə bil içəriyə bir mərmi düşmüşdü.

Çaynik sındı, dağıldı. Şüşə qırıntıları qəlpə effekti ilə ətrafa səpələndilər. Otaqda 4-5 metrik radius boyunca hər tərəf şüşə qırıntısı ilə doldu.

Xıncım-xıncım olmuş şüşə qırıntılarının üzəriylə xarta-xurtla hərəkət edən zaman düşündüm ki, əlamətlərə inanan yaşlı insanlar qab-qacağın sınmasını xeyirliyə yozublar həmişə. Bu simvol olaraq, rifah, salamatçılıq və əmin-amanlıq mənasını verib. İndi oturub gözləyirəm.

Görək axırı nolacaq...!?

***

O gün yenə ehtiyatsızlıq etdim. Buludlu havada kapuşonlu gödəkcəmi götürmədim. Yoldaykən yağış başladı, sonra gücləndi və mən mikrorayon “novostroyka”sının yağış tutmayan tinində gizlənməli oldum.

Bir andaca boz asfalt islanıb qaraldı. Yağışlı ab-havanın təsiri ilə həyat sanki başqa formata qədəm qoydu. İnsanlar, binalar, ağaclar, hətta yolda şütüyən avtomobillər belə (islanmış asfalt sürüşmə ehtimalı yaradır), bu təbiət amilini nəzərə almağa məcbur oldular.

Sığındığım dalanın yan tərəfindəki navalçadan tökülən su, ilk olaraq hiss edilməyəcək qədər az idi. Sonra, o get-gedə artdı və şiddətli su şırnağına çevrilib ətrafa sıçramağa başladı. Artıq sığınacaqda dayanmaq qeyri-mümkün idi.

Mən səkiyə adlayıb, güclü yağış altında bir xeyli yüyürməyə məcbur oldum və babat islanmaq bahasına olsa da özümü dayanacağa yetirdim. Dayanacağı yağış tutmurdu. Burada nisbi sakitçilik hökm sürürdü. Yanımdan ötən iki gənc nazik qiyafədə olsalar da, yağışı əsla veclərinə almırdılar. Bu dəm, onların söhbətinin bəzi hissəsi mənə gəlib çatdı.

- Ayə, ayağını gen ata-ata hara gedirsən, bir dayan, islanmış cücəyə döndüm. Sənə çata bilmirəm. Nəfəsim kəsildi.

- Gəl əşi, tənbəlin biri, durmaq, dayanmaq vaxtıdır? Səhərdən işləyirik, acından ölürəm.

- Allah haqqı mən də acından ölürəm.

Onlar uzaqlaşdılar. Sonra, bir çətir altında bir-birinə sığınmış iki qız telefonla danışa danışa yanımdan ötüb keçdilər.

Bu zaman, yağış elə bil azacıq səngidi. Mən ayağımın ucunu yavaşca səkiyə qoydum, başımı ehtiyatla dayancaqdan çölə çıxardım. Bəli, yağış tamamən kəsmişdi. Yoluma davam etməyə başladım.

Amma, hava məni bu dəfə də aldatdı. Yağış təkrar start götürdü, özü də daha betər. Evə çatana kimi elə islandım ki, lap cumculuq oldum.

# 2312 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #