Salam, mənim əsgərim! - Məktub

Salam, mənim əsgərim! - Məktub
8 oktyabr 2020
# 10:39

Kulis.az Günel Mehrinin "Əsgərə məktub" yazısını təqdim edir.

Salam, mənim əsgərim!

Həyəcanlıyam. İlk dəfədir, kiməsə məktub yazıram. Amma bu məktubu tək öz adımdan yox, qəlbi sizinlə bir vuran minlərlə ön cəbhədəki anaların, qız-gəlinlərin, ataların adından yazıram.

Biləsiz ki, neçə gündür bütün Azərbaycan ancaq sizi düşünür, dualar edir. Hər addımınızı alqışlayır.

Nə qədər çətin, amma nə qədər məsuliyyətli bir vəzifəni yerinə yetirdiyinizin fərqindəyik. Ona görə də sözümüz, söhbətimiz ancaq sizinlə bağlıdır. Yaralarınız yaralarımızdır. Şəhidlərimiz üçün bütöv millət olaraq yanıb-yaxılırıq. Amma bu torpaqlar uğrunda şəhidlik məqamına ucalan insanlarla dəyərli olur. Axıdılan hər damla qan bu torpağı müqəddəsləşdirir, paklaşdırır.

Əsas odur ki, siz haqq yolundasınız. Siz bizə aid olan üçün savaşırsız. Siz gözü 30 ildir yolda qalan doğma məkanları o yerlərdən zorla çıxarılan ağbirçək analara, ağsaqqal atalara qaytarırsız. Allah bu müqəddəs yolda sizə güc versin, qol-qanad bəxş etsin. Ümidliyik! İnamlıyıq! Qürurluyuq! Çünki ən böyük əsgər bizim Əsgərdir!

Bu sözlərimi ürəkdən deyirəm. Bunu hər axşam Bakı məhəllələrində yığışıb səsgücləndiricilərlə “Əsgər, vətən əmanəti, yurd əmanəti” oxuyan məktəblilər də deyir. Bunu maşınlarına Azərbaycan bayraqlarını sancan gənclər də deyir. Bunu başına Azərbaycan bayrağını hicab kimi bağlayan qadın da deyir. Bunu sizə qan göndərmək üçün növbələrə düzülən yaşlı insanlar deyir. Bunu Azərbaycan əsgərinin gücünə təəccüb edən dünya kanalları da deyir.

Siz öz cəsarətinizlə Azərbaycanın ən yeni tarixini yazırsız. Və bu tarixin bir parçası olmaq, uzaqdan da olsa, sizləri izləmək möhtəşəm hissdir!Qələbə sevincini bizə yaşatdığınız üçün sonsuz minnətdarıq.

Siz sübut etdiniz ki, Azərbaycan əsgəri dünyanın ən döyüşkən əsgərlərindən biridir. Siz sübut etdiniz ki, Nəbi, Koroğlu, Babək qanı axır damarlarımızda. Siz sübut etdiniz ki, Polad Həşimov, Mübariz nahaq yerə şəhid olmayıblar, onların davamçıları var... Siz sübut etdiniz ki, Qarbağ AzərbayCandır! Çünki ona görə şəhid olmağa hazır nə qədər canlar var...

Varlığınıza şükür!

Yeni qələbələr, ən böyük zəfərlər sizin olsun! Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik! Salamat qayıdın! Dualarımız sizinlədir!

Tanrı sizə yar olsun!

İgid əsgər, möhkəm dayan!

# 13933 dəfə oxunub

Müəllifin son yazıları

# # #