Tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Kulis.aza Səlim bəy özü məlumat verib. O, bildirib ki, bir neçə gün öncə yüksək hərarətə görə həkimə müraciət edib və müayinə olunmaq üçün “Yeni klinika”ya yerləşdirilib:
“Bir neçə gün öncə hərarətim qalxdı və yenmədi. Hiss elədim ki, həkimə müraciət etməliyəm. Hamımızın dostu, millət vəkili Jalə Əliyevaya zəng etdim. Dedi, gözləyin sizinlə əlaqə saxlayacaqlar. Doğrudan da bir saat ərzində mənimlə əlaqə saxladılar və təcili yardımla “Yeni klinika”ya gətirdilər. Gəldiyim gündən operativ müdaxilələr etdilər və artıq vəziyyətimdə irəliləyiş hiss etdim. Analizin nəticəsini mənə deməyiblər. Deyirlər, əgər pozitiv olsa, deyilərdi. Ancaq koronovirus şübhəsi və sətəlcəm var, müalicə də bu istiqamətdə gedir. Yaxşı da müalicə gedir. Sizin sayt vasitəsi ilə millət vəkili, dostumuz Jalə Əliyevaya dərin təşəkkür edirəm. Sonra Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi – Anar müəllim, Rauf Aslanov öz dəstəklərini göstərdilər. Onlara təşəkkür edirəm.”
S. Babulloğlu daha sonra əlavə edib:
“Burdan tam məsuliyyəti ilə deyirəm, “Yeni klinika”nın həkimlərinin, tibb bacılarının, xidmət personalının fədakarlığı insanı mütəəssir edir. Bilmirəm ki, onların o xüsusi geyimlərdəki fəaliyyətini necə ifadə edə bilərəm, buna necə gücüm çatar? Səbr, həssaslıq və fədakarlıq göstərirlər. Mən TƏBİB-in rəhbərliyinə - Ramin Bayramlıya, Hikmət müəllimə, Vasif müəllimı təşəkkür edirəm. “Yeni klinika”nın rəhbərinə təşəkkür edirəm. Pərviz Həsənova. Bayaq zəng eləmişdi. Çox peşəkar təəssürat yaratdı. Ünsiyyətdə olduğum hər bir həkimə - Dilman həkimə, Nərgiz həkimə, Aytən həkimə, Nəzakət həkimə, ünsiyyətdə olduğum bütün personala və hər bir insana - Adelinaya, Mayisəyə, Xatirəyə, Sevincə dərin təşəkkür edirəm. Yalnız özümə görə yox, bütün xəstələrə görə. Cəmiyyətdə bəzən həqiqətə uyğun gəlməyən, xof yaradan, yaxud laqeydlik aşılayan məlumatlar yayılır. İstərdim ki, bu sözlərimi hər kəsə çatdırasınız. Özünüzü qoruyun, tələb olunan qaydalara əməl edin. Bütün dostlara təşəkkür edirəm. Bir-birinə qarşı diqqətli olsunlar.”
Xatırladaq ki, bir müddət öncə şair Şəhriyar del Gerani eyni klinikada müalicə olunmuşdu.
Allah şəfa versin.