Rəngli göz yaşları - Tahir Tahiroviçin hekayəsi

Rəngli göz yaşları - Tahir Tahiroviçin hekayəsi
29 iyun 2020
# 11:40

Kulis.az Tahir Tahiroviçin “Rəngli göz yaşları” hekayəsini təqdim edir.


O, ayı göy üzündə ilk dəfə görəndə elə bilirdi ki, Allahdır. Yağışı isə Allahın göz yaşları sanırdı. Elə bilirdi ki, yalnız Allah ağlaya bilir.

Onu nənəsi böyütmüşdü. Atasız və anasız. Nənəsini “ana” deyə çağırardı. İlk sevgisi də o olmuşdu. O sevginin adını bu günə kimi tapa bilmədi. Bir gün anası öldü. İlk dəfə onda ağladı. Göyə baxdı, bulud yox idi. Elə bilirdi anası üçün Allah ağlayacaq. Allah ağlamırdı. Özü ağladı ki, onu qəbiristanlıqda basdırmasınlar. Həyətlərinin tən ortasında dəfn etsinlər. Onu hər gün görmək üçün. Çox ağladı. Onun hönkür-hönkür ağlamağına fikir verən olmadı. Tabut getdi. Uzaqlara.

Daha sonralar atası öldü. Ağladı. Amma və lakin bu, o ağlamaqdan deyildi. Atasının həyətlərində dəfn olunmağını xahiş etmədi. Bilmədi niyə. Tabut getdi. Uzaqlara.

Onun böyüdüyü həyətdə zaman böyüdü, özü böyüdü, ağaclar böyüdü və hətta ürəyi böyüdü. Ağlamaq istədi. Amma ölən yox idi. Ağlamağa bəhanə gəzirdi. Tapa bilmirdi. Gülməkdən və güldürməkdən bezmişdi.

Zaman keçirdi. Ölənlər üçün ağlamaq istəyirdi. Ölən yox idi ki, yox idi. Ağlamağı unutmuşdu. Yalnız gün işığı düşəndə gözləri yaşarardı.

O, sonuncu dəfə müəllimindən ayrıldığında ağlamışdı. Müəllimi vəzifəyə gedəndə. Amma içində. Kədər yaşları içinə tökülmüşdü. Elə bilirdi, göz yaşları artıq bitib.

Nəhayət, ölməyən adam üçün ağlamağa başladı. Bəlkə də o, ölsəydi, ağlamayacaqdı. Ölməyənlərə də ağlamaq olarmış. Onun göz yaşları söyüdlərin sarı işığına bənzədi.

Güzgünün qarşısında dayanıb ağladı. Təəccübləndi. Gözlərindən axan damcılar rəngli idi. Axı belə şey nə eşitmişdi, nə də görmüşdü. Qırmızı göz yaşını anasının xınalı saçlarına bənzətdi. Ağ rəngi isə atasının ağ saçlarına.

İndi başa düşdü ki, onu anası və atası qədər sevirmiş. Bu iztiraba nə ana, nə də ata kömək oldu. Göz yaşları axıb yerə süzüldü.

Torpağa yayılmış qırmızı göz yaşları qana bənzəyirdi. Balaca bir qız uşağı anasının əlindən yapışıb gedirdi. Qırmızı ləkələri görüb “Ana, kiminsə barmağı kəsilib” dedi.

Amma qızcığaz bilmədi ki, barmaq yox, gözlərdəki ümid kəsilib.

# 3195 dəfə oxunub

Müəllifin son yazıları

# # #