Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır

Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
23 sentyabr 2020
# 16:47

Kulis.az kulturoloq, kitabxana.net saytının rəhbəri Aydın Xan Əbilovun yazıçı Qəni Camalzadənin sosial-bədii nəsri haqda yazısını təqdim edir.

Yazıçı dostlarımın yaradıcılığı haqqında yazmaq hər vaxt mənə Sizif əzabı verib: real həyatda tanış olduğun, birgə zamanı bölüşdüyün, üstəlik də əgər onlarla eyni ictimai-mədəni proseslərə baş qoşursansa, məsələ daha da qəlizləşir...

Bu yaxınlarda Qəni Camalzadə ilə eyni telekanalda efir bölüşərkən, o maraqlı bir fikir işlətdi: Aydın Xan irrosional mülahizələri ilə, mənsə rasional – maksimalist fikirlərimlə cəmiyyəti maarifləndirməyə çalışırıq. Olsun, onsuz da satirik yazıçı, son illərdə isə daha çox sosial romanlar müəllifi kimi tanınmağa başlayan Q.Camalzadə yaradıcılığından yazdığım bu qeydləri daha çox kulturoloji gəzişmələr kimi qəbul etmək lazımdır, nəinki ənənəvi ədəbi-tənqidi məqalə kimi oxumaq...

Qəni Camalzadə uzaq sovet dövründə, az qala yarım əsr bundan əvvəl, peşəkar yaradıcılıq aləminə baş vurub: 1967-ci ildə ilk yazısı dövri mətbuatda çap olunub. 1985-ci ildə “Yaxşı oğlanın dayısı”, sonralar “Qohumların əsiri”, “Sonuncu yeznə”, “Kişilik də bir şey deyil…” adlı hekayələrdən ibarət kitabları oxucuların diqqətinə çatdırılıb.

Yazıçı yaradıcılığının yeni mərhələsində “Qızıl xotuğ” adlı ilk romanı 2007-ci ildə qələmə alaraq ayrıca kitab şəklində nəşr etdirib: sonralar roman rusca “Золотой осленок” başlığı ilə həm ədəbi jurnalda, həm də ayrıca nəşr kimi dərc olunub. İllər keçdi, Qəni Camalzadə “ədəbiyyatın dəbdən düşdüyü” 2015-ci ildə indi şərti olaraq “sosial-bədi nəsr, yaxud sosial-bədii roman” deyə təsnifatladığımız “Karxana” irihəcmli bədii nəsr nümunəsi ilə çağdaş ədəbi prosesdə özünəməxsus estetik mövqeyini ortaya qoya bildi.

Son illər sosial şəbəkələr ən sadə insandan tutmuş, həyatda uğur qazanmış tanınmışlara qədər hər kəsi ani olaraq dünyada trendə çevirmək imkanını hamımıza qazandırdı. Vaxtilə mətbuat – qəzet-dərgi-nəşrlər və radio-TV seçilmişləri məhşurlaşdırdı. Çox zaman belə şəxslər üçün sabiq SSRİ-də dövlət təbliğatı və müxtəlif formada imkanları işə salınıırdı. Qərb dünyasında isə özəl şirkətlərin pullu resursları, reklam, marketinq, satış, yayım texnologiyaları bu istiqamətə yönəldilirdi.

Günümüzdə isə sadalanan fəaliyyət asanlaşıb və daha çox fərdin öz bacarığı, kreativliyi, imkanları, bir qədər də şanslarından asılıdır. İnternet, İKT, indi isə müxtəlif səviyyədə inkişaf edərək qlobal alətlərə çevrilən sosial şəbəkələr hər kəsin “üzünə dünyanın uğur qapılarını” taybatay açıb. Yetər ki, bu yaranmış imkanlardan səmərəli faydalanıb yaradıcılığını inkişaf etdirəsən, fitri istedadını dünyaya çatdırasan. İndi hətta maşın – avtomatik tərcümə proqramları da çox inkişaf edib deyə, ədəbi-bədii çevirmə sahəsindəki baryerlər də aradan qaldırılıb.

Yeni dövrün – İnternetin açıqlıq, bərabərlik, genişlik və ən əsası da sosiallığı artıq bədii düşüncəyə, etsetik formalara, kreativ yanaşmalara da güclü təsir etməyə başlayıb. Yaradıcılığının məhsuldar dövrünə qədəm qoyan Qəni Camalzadə bu incə məqamları bir çox yazıçıımızdan daha tez qəbul etməyə başladı və öz nəsrinə bir poetik texnologiya kimi tətbiqindən çəkinmədi.

Onun son illərin yaradıcılığını diqqətlə izləyəndə, İnternet sosial şəbəkənin sürətli, qısa, konkret, həyatın müxtəlif tərəflərinə ani - faktiki baxışlarını özündə cəmləyən reallizmin yeni formalarından necə yararlandığının şahidi oluruq. İstər satirik-yumoristik hekayələrində, istərsə də Azərbaycanımızın – Bakı və şəhərətrafı kəndlərin əsrlik tarixinə ədəbi ekskurs fomasında qələmə aldığı “Qızıl xotuğ” və "Karxana" kimi irihəcmli bədii nəsr nümunələrində oxucu bu incə məqamları izləyə bilər.

Qəni Camalzadənin sosial-bədii nəsrində artıqlığa, mətləbə dəxli olmayan süjetdənkənar ricətlərə, əlavələrə rast gəlinmir. Sanki yazıçının özünün də son illər geniş yararlandığı Feysbuk statuslarındakı yığcamlıq, faktlara söykənən reallığın nəqli onun bədii yaradıcılıq əsərlərinə də siyarət edib. Yazıçı hər bir hekayəsində sadə həyati hadisələrdən çıxış edərək oxucusuna sanki hansısa ismarıcları çatdırmağa çalışır. Kənddə yaşayan iki müəllim simasında halalıq və haramlıq, şarlatanlıq və ziyalılıq kimi indi arşını itmiş milli-mənəvi dəyərlərlə bağlı yaradıcı şəxsin narahatlığının bədii həlli kimi qəbul edilməsi mümkün olan “Bir də olmaz” hekayəsində də bunu görə bilərik, yaxud əsrlər boyu babalarımızın-nənələrimizin, xalqımızın inanc-inam söykənci sayılan İslam dinə qarşı cəmiyyətimizdə baş qaldıran qəribə soyuq münasibətə qəti etirazının ifadəsi kimi qələmə aldığı “Namaz vaxtı” sosial-bədii nəsr nümunəsində də...

Roman yaradıcılığına gec başlayan yazıçıya görə, cavan yazarlarımız romançılığın zahiri tərəflərini qəbul edir, amma estetik-poetik mahiyyətininə varmadan yazdıqlarını o ad altında ortaya qoyurlar. Ədibin fikirləri ilə qismən razılaşmaq olar: roman ədəbi, estetik, tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə, əsas surətləri zəmanənin “qəhrəmanı”na çevrilmirsə, belə irihəcmli nümunələri klassik roman adlandırmaq olmaz. Belə əndrəbadi əsərlərin hətta adını modern, postmodern qoysan belə, arif oxucuları aldatmaq mümkün deyil. Bu baxımdan yazıçının irihəcmli bədii nümunələri sadalanan kriteriyalara cavab verən ənənəvi - klassik romanlara aid etmək mümkündür.

Nasirin “Qızıl xotuğ” romanına diqqətlə nəzər salanda görürük ki, əsərin mərkəzində yumor, gülüş bir silah kimi istifadə edilir. Tanınmış şair Ağacəfər Həsənlinin təbirinc ifadə etsək, bu roman ilk cumləsindən son sətirinə qədər oxucunun çöhrəsində gülüş cığırı açmış olur. Tanınmış yazıçı Məmməd Oruc “Azərbaycan” jurnalındakı təqdimat yazısında vurğulayır ki, bu roman Azerbaycan edebiyyatında maraqlı hadisə sayıla bilər...

Bu yaxınlarda isə çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, satirik yazıçı və publisit kimi Qəni Camalzadənin iki bədii nəsr kitabı okeanın o tayında - ABŞ-ın Nyu-York şəhərındə işıq üzü görüb. 2018-ci ildə "Lulu" nəşriyyatı yazıçının "Qızıl xotuğ" romanını Nadır Ağasiyevin tərcüməsində, rus dilində çap edərək rusdilli amerikan oxucuların diqqətinə çatdırılıb. Elə həmin nəşriyyat 2020-ci ildı yazıçının daha bir oxunaqlı əsərini, "Karxana" romanını tanınmış mütərcim Kamran Nəzirlinin bədii tərcüməsində, ingilis dilində nəşr edib.

Ədibin hər iki kitabı Nyu-York Ədəbiyyat Klubunun prezidenti Zinovi Karovinin dəstəyi ilə işıq üzü görüb. Qeyd edək ki, həmyerlimiz də həmin Nyu-York Ədəbiyyat Klubunun üzvü və Azərbaycan üzrə nümayəndəliyinin rəhbəridir. Azərbaycanda son illərin məhsuldar yazıçısı kimi tanınan Qəni Camalzadənin ABŞ-da işıq üzü görən bu kitablarını milli ədəbiyyatımızın xaricdə yeni uğurları saymaq olar.

Qəni Camalzadə müxtəlif dillərdə nəşr olunan 10-dan çox kitabın müəllifi, Prezident təqaüdçüsü, AYB üzvü, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin və kitabxana.net portalının eksperti, müxtəlif televiziyaların analitiki kimi də tanınır. O, müxtəlif sosial şəbəkələrdən yararlanan fəal müəlliflərdən, yaşlı bloqqerlərdən biri kimi də özünün çoxsaylı daimi izləyiciləri, sadiq oxucularına malikdir.

Söz yox, digər yazıçılarımız kimi də Qəni Camalzadə istedadlı nasir kimi ədəbiyyat tariximiz üçün qələmə aldıqı romanları ilə maraqlıdır. Dövrün estetik çağırışlarına çevik reaksiya verən ədib növbəti tarixi romanını oxucularının ixtiyarına buraxır: İnternetdə, öz fərdi ədəbi saytında http://qenicamalzade.com yayımlanır. Bu yeni irihəcmli nəsr nümunəsində də müəllif yaradıcılıq ənənələrinə sadiqlik nümayiş etdirir. Azərbaycanın ən qədim tarixinə cəmiyyətimizi indi maraqlandıran problemlər prizmasında baxış sərgiləyən müəllifin növbəti sənət uğuruna sevinir, ona yeni-yeni ədəbi müvəfəqiyyətlər arzulayırıq.

# 2909 dəfə oxunub

Müəllifin son yazıları

# # #