Qırğızıstanda Qarabağ sərgisi

Qırğızıstanda Qarabağ sərgisi
29 iyun 2021
# 10:01

İyunun 28-də Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızıstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub. Tədbirdə Azərbaycanın Qırğız respublikasındakı səfiri Hidayət Orucov, Qırğızstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

Kulis.az xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı Səfirliyindən verilən məlumata görə, ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızstan və Türkiyənin himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.

Tədbiri açan Qırğızstan –Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyinin dostluq və qardaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səfir Hidayət Orucov deyib: “30 mart 2019-cu ildə Ermənistan Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazi" yanaşmasının tətbiq olunmayacağını və yeni yanaşma “Yeni ərazilər üçün yeni bir müharibə" tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın qeyrət simvolu sayılan “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs edərək "Qarabağ Ermənistandır və nöqtə" deməsi və ümumiyyətlə Ermənistan siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələdə törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərdi. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu BMT tribunası da daxil olmaqla bütün beynəlxalq platformalardan elan edirdi və bütün ölkələri açıq şəkildə müharibəyə hazırlaşan Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırdı. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirdi”.

Səfir vurğulayıb ki, azad edilmiş ərazilərdən çıxarkən düşmən qoşunlarının hansı vəhşiliyi törətdiyini görmək qorxuncdur. Bütün tarixi abidələri və məscidləri dağıdılıb, qalanları isə mal-qaraya dam kimi istifadə edilib. Donuzlar dini ziyarətgahlarda saxlanılırdı. Bu, bütün müsəlmanların dini hisslərinə qarşı təhqir kimi qiymətləndirilə bilər: “Erməni qoşunlarının etdikləri XXI əsrin faşizmidir. Bölgəyə tez-tez gələn xarici diplomatlar və jurnalistlər başqa bir ölkədə belə barbarlıq görmədiklərini söyləyirlər. Əlbəttə ki, bütün ölkələrin bu müharibə hadisələrini obyektiv şəkildə qiymətləndirməlidirlər ki, bu dəhşətli hadisələr dünyanın heç bir nöqtəsində təkrarlanmasın”.

Səfir xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edərək söyləyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.

Türkiyənin Qırğız Respublikasında səfiri Əhməd Sadık Doğan öz çıxışında Azərbaycan millətin haqlı olduğunu və döyüşdə haqlı qələbə qazandığını söyləyib. Səfir bütün Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edib.

Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev çıxışlarında qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcəyinə əminlikləri bildiriblər. Qeyd ediblər ki, bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, böyük zəhməti, əzmkarlığı və qətiyyəti sayəsində əldə edilib.

Sonra qonaqlar rəşadətli Ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.

# 1584 dəfə oxunub

Müəllifin son yazıları

# # #