Qəhrəmanlarımız haqqında yeni filmlər çəkilir

Qəhrəmanlarımız haqqında yeni filmlər çəkilir
5 sentyabr 2020
# 10:09

Sentyabrın 7-dən sonra “Salnamə” studiyası “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən yeni filmlərin çəkilişinə başlayacaq.

Kulis.az xəbər verir ki, rejissor Elnaz Əbluc Milli Qəhrəman Cəlil Səfərova həsr edilən filmi Sumqayıt və Bakı şəhərlərində lentə alacaq. Kəmalə Musazadənin lentə alacağı film Milli Qəhrəman Rafiq Alıcanov haqqındadır. Film Ağstafa, Qazax və Füzuli rayonlarında çəkiləcək. Kamran Qasımovun Milli Qəhrəman Çingiz Qurbanovdan bəhs edəcək filmi isə Bakı və Qusarda lentə alınacaq. Namiq Ağayev Milli Qəhrəman Maşallah Abdullayev haqqında sənədli filmi Goranboy rayonunda, rejissorlar Elşən Zeynallı (Milli Qəhrəman Fərhad Hümbətova həsr olunan film) və Yavər Rzayev (Milli Qəhrəman Hikmət Muradov haqqında film) isə çəkilişləri Bakıda aparacaqlar.

“Salnamə” studiyasının qısametrajlı, sənədli–silsilə filmlər seriyasından olan ekran əsərlərinin istehsalı ilə bağlı bu il üçün 10 film nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq filmlərin çəkilişləri təxirə salındığı üçün hələ ki 7 filmin istehsalı davam etdiriləcək. İlin sonuna kimi şərait və imkan olarsa, daha 3 filmin çəkilişi də reallaşa bilər. Çəkilişlər sanitar-epidemioloji tələblərə əməl olunmaqla lentə alınacaq. Kütləvi çəkilişlərə yol verilməyəcək və bütün qaydalara nəzarət olunacaq.

Qeyd edək ki, bu günə kimi Milli Qəhrəmanlar haqqında “Salnamə” və “Yaddaş” studiyalarında dövlət sifarişi ilə çoxsaylı filmlər çəkilib. Filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar, döyüşçü dostları və yaxınlarının fikirləri yer alıb.

# 1565 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #