Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər

Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
27 noyabr 2020
# 17:44

Kulis.az Özbəkistanda yaşayan şair Akif Azalpın qələbə ruhlu şeirlərini təqdim edir.

Şuşa coşqusu
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!..”
İlham Əliyev

Saçdı ətrin boğub sevinc yaşına,
Zəfər çələnginin tər qızılgülü!
Qayıtdı gülləri yığıb başına,
Vətən gülşəninin Xarı bülbülü!

Gözəllik məvası, aram şəhəri,
Bəxtində var imiş İlham zəfəri!

Qənimin yadında xof kimi hər dəm,
Şuşa adın çəkmək qorxusu qaldı!
Mənimsə gözümdə düzünü desəm,
Yolunda can vermək arzusu qaldı!

Coş, ey qalaların ən bəxtəvəri,
Bəxtinə yar oldu İlham zəfəri!

Qoy desin cəngilər, nər operalar,
Haqdan buta almış tarınla sazın!
Qoy kükrəsin şanlı uvertüralar,
Sən səs paytaxtısan qoca Qafqazın!

Musiqi səması, muğam səngəri,
Bir şərəfdir sənə İlham zəfəri!

Yenilməz əsgərlə qazandığın şan
Nur bəxş etdi yurdun toy-düyününə!
Müjdən isə Ali Baş Komandandan
Ən gözəl töhfədir Bayraq gününə!

Coş, ey qalaların ən müzəffəri,
Tarix yazır bir-bir İlham zəfəri!

Minbər müxəmməsi
Şah İsmayıl Xətai ilə Sultan Səlim Yavuzun qovuşmuş ruhlarını şad edərək!..

Ağır gündə tanınar hər ər oğlu,
Sipər eylər sinəsin səngər oğlu,
Soyundan üz çevirməz sərvər oğlu!
“Mənəm Sultan Xətai Heydər oğlu,”
Yanımda Alp Səlimtək bir nər oğlu!

Sağaldıqca dərin yarası artıq,
Əyilməz Turanın qafası artıq,
Bu dava millətin davası artıq!
Mənəm Sultan Fədai Heydər oğlu,
Yanımda Ərdoğantək bir nər oğlu!

Ruhumda tüğyan eylər min təəssüf,
Qanımda dövran eylər min təəssüf,
Dinimdə üsyan eylər min təəssüf!
“Mənəm Sultan Xətai Heydər oğlu”,
Yanımda Alp Yavuztək bir nər oğlu!

Əbədiyyən bölünməzdir bu birlik,
Yer üzündən silinməzdir bu birlik,
Bu gün misli bilinməzdir bu birlik!
Mənəm Sultan Fədai Heydər oğlu,
Yanımda Ərdoğantək bir nər oğlu!


Çağrı
“Qarabağ Azərbaycandır və nida!”
İlham Əliyev

Nə durmusan, könül, bir qıy vuraraq,
Yağdır atəşləri ard-arda aşkar!
Sülhün zəfər yolu bu imiş ancaq,
Göstərdi Xilaskar oğlu Xilaskar!
Ardınca marş Ali Baş Komandanın,
Azərbaycan oğlu Azərbaycanın!

Qarabağ eşqinə, Vətən eşqinə,
Siz ey Baş nidadan coşan nidalar!
Çoxmilyonlu bir can – bir tən eşqinə,
Siz ey işğallara son əlvidalar!
Yolunda arş Ali Baş Komandanın,
Azərbaycan oğlu Azərbaycanın!

Döyüşən şeirlər, odlu dastanlar,
Siz ey türkülərim, bayatılarım!
Qan içənə ölüm hökmün yazanlar,
Siz ey qoşmalarım, gəraylılarım!..
Ardınca marş Ali Baş Komandanın,
Azərbaycan oğlu Azərbaycanın!

Güvəndiyim dağlar, cəsur qayalar,
İstehkam təpələr, səngər dərələr!
Bir nidaya müştaq məğrur qalalar,
Bir nidadan oyaq bəndlər, bərələr!..
Yolunda arş Ali Baş Komandanın,
Azərbaycan oğlu Azərbaycanın!

Siz də - quşlarla bir uçan dualar,
Sirli sıldırımlar, sirdaş küləklər!
Siz də - sərt havalar, tutqun səmalar,
Canım ildırımlar, gözüm şimşəklər!..
Yolunda arş Ali Baş Komandanın,
Azərbaycan oğlu Azərbaycanın!!!

Aşıq Umbay
(Laçın aşıqlarının “ Sarı Aşığın işığında” adlı konsertindən təəssürat)

Avazında təzə bayram həvəsi,
Yaxındakı qələbənin nəfəsi,
Şiddətində ildırımlar şəpəsi,
Laçın səmtdən qaralayıb şeytanı,
Aşıq Umbay dağıdırdı meydanı!

Sarı Aşıq ocağından ucalıb,
Koroğludan, Kürdoğludan güc alıb,
Yağılardan qana-qanla öc alıb,
Səmasından düz şığıyıb meydana,
Qoca Laçın toy tuturdu şeytana!

Dilə gəlib dillənirdi Həkəri,
Havalanıb tellənirdi Həkəri,
Dalğa-dalğa sellənirdi Həkəri,
Sel ağzında yaxalayıb şeytanı,
Aşıq Umbay dağıdırdı meydanı!

Alışdıqca hürr sazında imanı,
Haqq yolunda qıy tuturdu hər yanı...
Sinəsinə sıxıb Azərbaycanı,
Azalp kimi od saçaraq meydana,
Qoca Laçın turp eşirdi şeytana!

Qıy çatırdı üzü dönük baxtacan,
Dığalarla tarmar olan taxtacan,
Dağ oğlu dağ, hardasan bu vaxtacan?!
Qabağında iməklədib şeytanı,
Aşıq Umbay dağıdırdı meydanı!..

Rusiyaya dost sözü

Köpək saxlayırsan nə vaxtdan bəri,
Qafqazda köşkünü qorumaq üçün.
Bir dəli Petronun yarı sərsəri
Arzusu yolunda yarımaq üçün.

Ancaq bir söz deyim, quduran məhəl
Köpəklərin bir cür olur hamısı.
Köpək bəsləməyi səndən də əvvəl
Məndən öyrənibdi ərzin yarısı!

Sığalla, sığalla, necə istəsən,
Ancaq çomağını qoyma əlindən!
Qapanda qapacaq elə yerindən,
Daha nərildəyə bilməyəcəksən!

# 8935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #