Qara Qarayev Fəxri Xiyabanda anıldı - Fotolar

 Qara Qarayev Fəxri Xiyabanda anıldı - Fotolar
5 fevral 2021
# 13:24

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin anadan olmasından 103 il ötür.

APA-nın məlumatına görə, bu münasibətlə Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək dahi bəstəkarın məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Kərimov çıxışında qeyd edib ki, Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində parlaq səhifələri təşkil edir. Nazir vurğulayıb ki, Qara Qarayev qırx illik yaradıcılıq dövründə demək olar ki, bütün janrlarda əsərlər yaradıb: "O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən çox kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki opera, iki balet, bir müzikl, Bakı, Moskva, və Leninqradın çoxsaylı teatr tamaşası və kinofimləri üçün musiqi yazıb. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə qarşılaşdırıb, onun sintezini yaradıb və bunu parlaq şəkildə nümayiş etdirib. Qara Qarayev onlarca görkəmli bəstəkar yetirib, "Qarayev bəstəkarlıq məktəbi”ni yaradıb. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qarayev məktəbinin davamçılarıdır. Çox sevindirici haldır ki, Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən başlayaraq Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir”.

Əlizadə bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir: "Qara Qarayev yaradıcılığı böyük məktəbdir, mən onun tələbəsi olduğum üçün hər zaman qürur duymuşam. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb".

Bədəlbəyli isə Qara Qarayev yaradıcılığının dünyada yenidən aktuallaşdığını diqqətə çatdırıb: "Mən düşünürəm ki, onun əsərləri dünyanın ən möhtəşəm səhnələrində səsləndirilməli, ideyaları yayılmalıdır, çünki dünyanın buna ehtiyacı var. Bir də Qara Qarayev beynəlxalq festivalının bərpa edilməsini arzulayıram. Bu Azərbaycan musiqisinin dünyada daha da tanıdılmasına xidmət edəcək".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi isə Qara Qarayev musiqisinin daim yaşayacağını diqqətə çatdırıb: "Azərbaycan durduqca onun əsərləri mədəniyyətimizdə xüsusi yer tutacaq".

# 2729 dəfə oxunub

Müəllifin son yazıları

# # #