Özündən 20 yaş kiçik xanımla evləndi, ilk həyat yoldaşı ona görə intihar etdi, tanımadığı qadına küçədə hicabını açdırdı - Atatürkdən maraqlı faktar

Özündən 20 yaş kiçik xanımla evləndi, ilk həyat yoldaşı ona görə intihar etdi, tanımadığı qadına küçədə hicabını açdırdı -  Atatürkdən maraqlı faktar
10 noyabr 2020
# 17:23

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Mustafa Kamal Atatürk 1881-ci il oktyabrın 29-da Selanikdə anadan olub. Atası Əli Rza Əfəndi, anası Zübeydə xanımdır. Təhsilini isə Hərbi Akademiyada alıb.

***

1893-cü ildə Hərbi Kiçik Liseydə oxuyarkən riyaziyyat müəllimi ona Kamal adını verib. Bundan sonra o, Mustafa Kamal olub. Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirən Mustafa Kamal Şama təyin edilir. Osmanlı İmperiyasının qüdrətini itirmədiyi zamanlarda Tripoli müharibəsində, Balkan döyüşlərində və Birinci Dünya Müharibəsində iştirak edir.

***

Atatürk Fikriyyə adlı qadınla imam nigahında yaşayıb. Fikriyyə müalicə almaq üçün getdiyi Almaniyadan Atatürkə hədiyyə olaraq tapança alır. Lakin paşanın Fikriyyəni tanımayan yeni yavəri onun çantasındakı silahı görüncə paşaya sui-qəsd ediləcəyindən qorxaraq Fikriyyəni saraydan uzaqlaşdırır. Deyilənə görə illərdir Musatafa Kamala xidmət edən Fikriyyə xanıma iqamətgahdan qovulmaq ağır gəlib. Və o, paşasına hədiyyə aldığı silahla faytonda intihar edir. Bəzi mənbələrdə isə Fikriyyənin öldürüldüyü yazılır.

Anasının ölümü səbəbiylə İzmirə gələn Mustafa Kamal 1923-cü ilin yanvar ayında Lətifə adlı qadınla evlənmək qərarı verir. Dərhal Lətifəgilin evində sadə bir nikah mərasimi təşkil edilir və münasibətlər rəsmiləşdirilir. Lətifə xanım bu evliliklə ilk “cümhur başqanı”nın həyat yoldaşı olmaq şərəfini qazanır. Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinə qədəm basan ilk türk qadını da Lətifə xanım olub.

***

Aralarında 20 ilə yaxın yaş fərqi olmasına baxmayaraq, cütlük ilk vaxtlar yaxşı yola gedirmişlər. Musatafa Kamal Lətifəyə “Latif” deyə müraciət edərmiş. O isə Atatürkə sadəcə “Kamal” deyirmiş. Ancaq bir-birini anlayan cütlüyün mehribanlığı çox sürməyib.

***

Bəzi mənbələrdə iddia olunur ki, Lətifə xanım Atatürkü hətta tədbirlərdə iştirak edən xanımlara da qısqanırmış. Həmin xanımlar sırasında dövlət rəsmilərinin xanımları da varmış. Hətta bir dəfə Mustafa Kamalın Lətifəni “Fikriyyə” deyə səsləməsi çox ciddi narazılıqlara yol açıb. Getdikcə xoşagəlməz ailə münasibətlərinə bir də “Fikriyyə olayı” əlavə olunur. Artıq birlikdə yaşamaq mümkünsüz vəziyyətə çatır. Atatürk evlənməyinə peşmanlıq hissi ilə “Evlilik benim tabiatımda yoktu, ama bir örnek teşkil etmek için yaptım” deyir.

Bəzi mənbələrə görə, gərgin münasibətləri pik həddinə çatdıran “Kanlı yelpaze” olayı olub. Rəsmi dəvətlərin bir çoxunda Lətifə əvvəlcə şeir oxuyar, sonra piano çalarmış. Bir axşam xarici ölkələrin rəsmilərinin də iştirak etdiyi mərasimdə paşa Lətifə xanıma “piano çal” deyir. Lətifə isə yorğun olduğunu bildirərək, qonaqların qulaq asmayacağını əsas gətirib bundan imtina edir. Atatürk əsəbiləşir. Pianoda bir başqa şəxs ifa edir. Lətifə isə bundan bərk qəzəblənir. Əlindəki yelpiyi hirslə ovcuna vurur və əlini kəsir. Mustafa Kamal Lətifəyə əl qaldırmaq istəyir. Lətifə özünü qorumaq üçün yelpiyi üzünə tutanda əli Atatürkün yanağına dəyir və Mustafa Kamalın üzü qana bulaşır. Hətta Atatürkün yanağı azca cızılır da, amma sifətinə qan bulaşdığı üçün belə təəssürat yaranır ki, Mustafa Kamalın üzündə böyük bir yara var. Atatürk diplomatik nümayəndə rəsmilərinin önündə belə bir vəziyyətin yaranmasını biabırçılıq kimi qiymətləndirir. Bununla da 2 il 6 ay 4 gün sürən evlilik başa çatır.

***
Həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi. Rəşad Nuri Güntəkinin "Çalıquşu" əsərini həyatı boyunca, hətta cəbhədə belə yanından ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış. "Fox" adını verdiyi iti həmişə yatağının yanında yatardı.

Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.

***

Köynəklərinin hamısı ağ olub. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayıb. Göy rəngli kostyum geyinməyi xoşlamayıb.

***

Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyinib.

***

Xəstəliyinin başlanğıcında onu müayinə edən həkim Fissinger gündə neçə qutu siqaret çəkdiyini soruşub. Atatürk "səkkiz" deyib. Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir qutu siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: "Mən onsuz da gün ərzində ancaq bir qutu siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm", deyib.

Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

***

Mustafa Kamal Atatürkə ilk dəfə “Atatürk” deyən Türk Dil Təşkilatının başçısı olub, bir danışığında ona Atatürk deyə xitab edib. Mustafa Kamal da bu sözü çox sevib və özünə soyad götürüb. Amma ona “Ata” deyilməsindən xoşu gəlməzdi.

Ən böyük arzusu dünya turuna çıxmaq olub. Ən çox xəyal qurduğu işlərdən biri türk dili və tarixi üzərindəki işləri genişləndirmək olub.

***

Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: “Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı”, deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.

***

İdmanı çox sevirdi, hər gün at minir, üzür və bilyard oynayırdı. Təhsil aldığı müddətdə ən çox müvəffəqiyyət qazandığı fənn riyaziyyat olub.

Sonuncu keçirdiyi Yeni il bayramı 1937-ci ildə olub. O, bu bayramı Xarici İşlər Naziri Tofiq Rüştü Aras ilə birgə keçirib və şkafındakı geyimlərinin bəzilərini nazirə hədiyyə edib.

***

Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu serroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

# 18995 dəfə oxunub

Müəllifin son yazıları

# # #