Ölkəmizdə qeyri-adi hekayə müsabiqəsi: 44 sözdən artıq olmaz!   

Ölkəmizdə qeyri-adi hekayə müsabiqəsi: 44 sözdən artıq olmaz!   
10 sentyabr 2021
# 10:51

“Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsi münasibətilə “Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə start verir.

Nəşriyyatdan Kulis.az-a verilən xəbərə görə, hekayə müsabiqəsinin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatına dəstək olmaq, qələbəmizə oxucuların yaradıcı müstəvidə münasibətini üzə çıxarmaqdır.

“Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır. Yalnız Azərbaycan dilində olan əsərlərin qəbul olunacağı müsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak ödənişlidir. Ödəniş hər bir əsər üçün 10 AZN (on manat) təşkil edir. Bir müəllif müsabiqəyə maksimum 3 əsər göndərə bilər.

Müəlliflər əsərləri [email protected] elektron ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin əsərin adını qeyd etməlidir. Şərtlərə uyğun olmayan əsərlər müsabiqəyə qəbul edilməyəcək.

Əsər qəbulu 10 sentyabr tarixində başlayacaq, 8 noyabr 2021-ci ilə (saat 12-yə) qədər davam edəcək.

Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaqdır. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

Qeyd edək ki, müsabiqənin bütün şərtlərinə uyğun əsərlər gündəlik olaraq “Mücrü ART” (www.mucru.art) portalında yayımlanacaq.

# 2180 dəfə oxunub

Müəllifin son yazıları

# # #