Oğlu şəhid olan yeganə Xalq yazıçısı – Roman kimi həyatı

Oğlu şəhid olan yeganə Xalq yazıçısı – Roman kimi həyatı
17 aprel 2020
# 21:00

2008-ci ilin bu günü rəhmətə getdi Sabir Əhmədli – Xalq yazıçısı, Şəhid atası.

Hamımız ölümlüyük. Sabir Əhmədli ömrünü ləyaqətlə yaşadı, özündən sonra dağ boyda adı, əsərləri, övladları qaldı. Qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov Polşada qardaşlıq məzarında uyuyur. Atası, əmisi, dədə-babası, anası – bütün əzizləri Cəbrayılda –yağmalanmış yurd yerinin dağıdılmış məzarlığında dəfn olunmuşdu. Oğlu, şəhid Məhəmməd Əhmədov 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xalq yazıçısı elə xalqın nümayəndələrinin, sadə insanların dəfn olunduğu məzarlıqda sevdiyi torpağa verilib. O torpağa ki, onun hər bir övladı haqda Sabir Əhmədli yazanda da, danışanda da eyni sevgi ilə yanaşıb. Onun məzarının ətrafında doğma yurd-yuvasından məcburi köçkün düşmüş adamlar dəfn olunub – Sabir Əhmədli onları o qədər sevir, o qədər həssaslıqla yanaşardı ki, öləndə də onlardan ayrılmadı. Sonuncu romanında “Yazılmayan yazı”da Yasamalda yataqxana pilləkənləri üstündə böyüyən, Harami düzündə çadırlarda tərbiyə alan Qarabağ uşaqları barədə həm sevgi, həm də böyük yanğı ilə yazırdı: “Onların yurdu yoxdur, bu uşaqlar yataqxana künclərində, Haramı düzündə doğulub, böyüyürlər”.

Ziyarat qədər uca insan

Sabir Əhmədlinin böyüdüyü Cəbrayılda bir dağ var – Ziyarat adlı...

“Üzü Ziyarata dayananda, Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzüyuxarı dağlardır. Şimal səmtdən Ağcakənd və Dolanlardan Qafan dağları görünür. Başda Ziyarat dağıdır. Bu dağ ətrafdakı bütün zirvələrdən ucadır, divar təki sal dağdır. Ziyaratın hər iki yanından Araza doğru uzanan qollar getdikcə alçalır, dağlar təpələşir, axırı gedir düzəngaha çıxır. Arazın qırağında bu torpaqlar tükənir, Oradan o yana örüş-örəndir. O tayda yenə dağlar ucalır, Qarabağ silsiləsi yüksəlir.”

Vəfatından sonra işıq üzü görmüş “Yazılmayan yazı” romanından götürdüm bu parçanı, oxuduqca o doğma insanın üz cizgiləri, iri dodaqlarını bir az irəli verib necə həvəslə, sevgiylə danışması gözlərim önündə canlanır, elə bil onun dilindən dinləyirəm bu yazılanları, səsi də qulaqlarımda səslənir.

Elə bil sonuncu dəfə görüşümüzdə mənə haqqında danışdığı həmin bu roman deyil qarşımdakı, müəllifin özüdür canlı-canlı . Deyir ki, bu roman mənim ən böyük romanım olacaq, şəcərəmdən, Cəbrayıldan, coğrafiyasından tutmuş soyuna qədər araşdırdığım, yaşadığım nəsnələri yazıram: “Çap etdirməyəcəm, Yaquta (qızına – R.Q.) tapşırmışam, mən öləndən sonra çap etdirsinlər. Gərək yazıçının vəfatından sonra da onun yeni əsəri çap olunsun”.

Romanı vərəqləyirəm nə şişirtmə var, nə öyünmə, nə də soyu aparıb indi dəbdə olduğu kimi bəy, xanla əlaqələndirmə. Doğulduğu, boya-başa çatdığı Cəbrayılın tarixindən yazır. Cəbrayılın özülünü Şuşadan Pənah xanın nəslindən olan bir nəfər qoyub. Əhalisinin əksəriyyəti də Şuşadan gəlmədir, Bərdədən gələnlər də var. Rayonun böyük tayfalarından sayılan Əhmədlilərdən olduğunu yazır, amma dəqiq özü də bilmir ki, Əhmədli tayfası Bərdədən gələnlərdəndir, yoxsa Bərdəyə sonra o tayfa Cəbrayıldan gedib. Sadə bir araşdırma janrında avtobioqrafik nəqletmədir.

Ailədə üç qardaş bir bacı olublar. Ata-anaları da sadə adamlardır. Məhəmməd kişi ilə Tavad arvadın öcəşmələrinə qədər yazıb. Deyir, yola getmirdilər, onlar barışanda elə bilirdik yenidən evləndilər - sevinərdik. Hər ikisi ahıl yaşlarında, nə yaxşı ki, Cəbrayıllı günlərində xərçəng xəstəliyindən dünyalarını dəyişiblər.

Uşaqlar hamısı oxuyan olublar. Böyük qardaş Cəmil Əhmədov 30-cu illərdə hələ məktəbdə təhsil ala-ala axşam məktəbində dərs deyirmiş. 1942-ci ilin Novruz bayramı axşamı, aş qazanı dəmdə olanda Cəmil Əhmədov müharibəyə gedib. İrkutsk-Pinsk diviziyasında vuruşub. Sovet İttifaqı Qəhrəmanı oluncaya qədər “Aleksandr Nevski”, “Qırmızı ulduz” ordenləri almışdı. Qvardiya leytenantı olub. Belorusiya döyüşlərində qəhrəman adını almışdı. Nəzərə alsaq ki, Sovet hökumətinin azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adını verməyə əli çətin qalxırdı, onda anlamaq çətin deyil Cəmil Əhmədovun necə bir oğul olduğunu.

https://gdb.rferl.org/24674A8E-8DB8-4897-8D96-DB93282813E6_mw1024_s_n.jpg

Belə bir oğul Cəbrayıla bir də qayıtmadı. Qayıtdı, amma heykəl formasında. Məktəbin qarşısında büstü qoyulmuşdu.

Sonralar Sabir Əhmədli qardaşının döyüş yolunu qarış-qarış gəzmişdi, bəlkə Cəmil də burdan keçib deyə - hər addımda ayaq saxlayıb düşünmüşdü. Onun, 20 yaşında şəhid olmuş qəhrəman qardaşının məzarını “Qardaşlıq qəbiristanlığı”ndan tapmışdı.

O biri qardaşları, bacısı rayonun tanınmış ziyalıları idilər. Vaqif Əhmədov uzun illər rayona rəhbərlik etmişdi.

Bizim qəhrəmanımız Sabir Əhmədlidir. Müharibədən sonra universiteti bitirib bir müddət rayonda müəllim işləmiş, sonradan Bakıya qayıdıb ədəbi yaradıcılıqla məşğul olmuş Sabir Əhmədli.

Arxasız, kimsəsiz, yalnız real həyatdan yazdığı əsərlərlə artıq tanınmağa başlayan gənc Sabir Əhmədli. Özü bu barədə yazır: “Ədəbiyyat qəzeti”nin hər sayında iki əsər tənqid olunurdu - “Qoşa bulaq” - Sabir Əhmədov, bir də “Dəllək” - Əli Kərim. Elə hey döşəyirdilər. Görünür, adlı-sanlılara toxunmaqdan çəkinirdilər.”

Sabir Əhmədli güclü adam idi, o qədər güclü ki, bütün ona qarşı olan haqsızlıqlara ətəyində böyüdüyü Ziyarat dağı kimi dimdik qürurla baxa bilirdi. Amma dövrün, ictimai quruluşun əyintilərinə susub baxmırdı. Harda gəldi, necə gəldi, həqiqət olduğuna inandığı nəsnəni üzbəsurət deyirdi. Heç kimdən qorxusu, nəyisə itirər deyə sözünü udmağı yox idi. Bunlar əsərlərində də özünü büruzə verir. “Yamacda nişanə”, “Yasamal gölündə qayıqlar üzür”, “Qanköçürmə stansiyası”, “Toğana”, “Kütlə”, “Şəhid”, “Axirət sevdası” – bütün əsərlərində müəllifin mərdanə obrazı var.

Goyce.az - Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

40-cı qapıya bir qapı qalmış

39 il “Ədəbiyyat qəzeti”ndə çalışmışdı. Kiçik işçidən baş redaktorluğa qədər. Onun dövründə qəzet əldən-ələ gəzirdi. O qədər oxunaqlı idi ki, məktəblilər də ona abunə olurdular. Ədəbiyyatın ilk yeni nümunələrini, özü də ən yaxşı nümunələrini həmin qəzetin səhifələrində görə bilərdin. Ən tanınmış ədiblərin belə boğazdan yuxarı, yaxud mədhiyyə yazılarını çap etməzdi. Dəfələrlə belə mübahisələrin şahidi olmuşdum.

Poeziya şöbəsinin müdiri şair Davud Nəsib işə içkili gəlirdi, ətrafda hamı bu haldan narazı idi. Çünki dəhlizdə söyüşlərini hamı eşitmişdi. Sabir Əhmədli dəfələrlə ona bu barədə xəbərdarlıq etmişdi, eşitmirdi.

İçkili olduğundan nəşriyyatın qarşısında maşın altına da düşmüşdü. Axır ki, Sabir Əhmədli onu işdən çıxarmalı oldu. Bu fakt Sabir Əhmədlinin əlindən, düz danışan dilindən yanıqlı olanların əlinə şans verdi. AYB-yə şikayətlər getdi. Yuxarılar da onun onların çaldığı ilə oynamamasından narazı idilər. “Ədəbiyyat qəzeti”nin müstəqilliyi onları qane etmirdi. Bir gün iclas çağırıb, Sabir Əhmədlinin Yazıçılar Birliyindən çıxarılması məsələsinə baxmağa yığışdılar. Qəzetin vicdanlı işçiləri onu müdafiə etsələr də, əhəmiyyəti olmadı. Şəhid atasının sınıq ürəyi daha bir yara aldı. Özü işdən çıxıb getdi. Deyirdi, bu qəzet elə bil övladım idi: “Məni yandıran o idi ki, orda işləməyimin 40 ilinə bircə il qalmış çıxmalı oldum”.

Oğlunun ölümünə doğru

Oğlunun şəhidliyi lap “Əsgər atası” filminin süjeti kimidir. Məhəmməd döyüşlərə könüllü getmişdi. Evdə atası torpaqların işğalına dözə bilmədiyini, cavanların bu şərəfsizliyi niyə götürə bildiyinə təəccübləndiyini demişdi. Oğul haqlı olaraq bu töhmətin ona edildiyini anlayıb, qərar vermişdi. Getdiyi gündən nə yanına getmişdilər, nə də özü geri qayıtmışdı, döyüşürdü, torpaqlar azad oluncaya qədər geri qayıtmayacaqdı. Bir gün qışın çovğununda Murovda səngərdə olan oğluna baş çəkmək üçün yola çıxan xalq yazıçısı həm də onu evə gətirmək fikrində idi ki, Məhəmməd yaxınlaşan doğum gününü evdə qeyd etsin. Onu cəbhədə isti qarşılayırlar, oğlunun hərbi hissəsini də tapır, amma oğlunu görə bilmir. Hissədən-hissəyə, bölgədən-bölgəyə gedir. Qaynar döyüşlərə yaxın məsafəyə qədər keçir. Nəhayət, ona deyirlər ki, oğlu yaralanıb, hospitala göndərilib. Sabir Əhmədli Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Alaqaranlıqda evinin həyətində yas çadırını görür. Ata oğlunu görməyə gedirkən, oğul öz doğum gününü evdə qeyd etməyə tələsirmiş. Bu doğum günü evdə qeyd edəcəyi son doğum və ölüm günü idi.

79 illik ömründə bu insan iki ağır müharibə və o müharibələrin ağır itkisini yaşayıb. İkinci Dünya müharibəsində qardaşı Cəmil Əhmədovu itirmişdi. Böyük qardaşını, Sovet İttifaqı Qəhrəmanı olmuş, balaca qardaşı üçün qürur yeri olan o dayağı itirmək onun xırdacıq qəlbində necə yara olmuşdusa, oğlu Məhəmmədi itirmək ondan da betər idi. Oğlunun ölümündə həm də özünü günahkar bilirdi. Bəlkə heç göndərməzdim, başqaları kimi xaricə yola salar, gizlədərdim - deyə düşünürdü. Sonra da “Yox, bacarmazdım”, - deyirdi. Dəfələrlə Məhəmmədin məzarı üstünə gedib göz yaşları tökər, onu yanına aparmasını xahiş edərdi.

“Ədəbiyyat qəzeti”ndən gedəndən sonra dövlətin ona verdiyi ev də Sabir Əhmədliyə münbit yaradıcılıq yeri oldu. Dövlətin xalq yazıçısına, şəhid ailəsinə verdiyi yeganə bəxşiş bu ev idi. Ona qədər Yasamalda ikiotaqlı balaca mənzildə yaşayırdı.

Nə vaxt gedirdinsə, oturub işləyirdi. Deyirdi, yazmaq istədiklərimin hamısını yazıb sonra gedəcəm Məhəmmədin yanına. Yalnız bir əsərimi məndən sonra uşaqlarım çap etdirər. “Axirət sevdası”, “Ömür urası” belə yazıldı. Onun ölümündən sonra “Yazılmayan yazı” çap olundu. Son illər daha çox söhbətlərini içimə çəkməyə aclıq duyurdum. Canlı ensiklopediya idi, hər kəlməsində bir hikmət vardı. Hər sözü adamı düşünməyə çəkib aparırdı. Xanımı Şaban xanım onun bir sözü bir neçə dəfə deməsindən nigarançılıq çəkirdi, deyirdi danışığını itirib hər dediyini yazma. Elə deyildi, təkrar dediyi sözlərdə də o təkrarçılığın mənası vardı.

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Maraqlı Adam

Sabir Əhmədli təpədən-dırnağa xalqın içindən gələn yazıçısı idi. Canlı tarix, canlı ensiklopediya idi. Özü deyirdi ədəbiyyata ədəbiyyatdan gələnlər var, bir də həyatdan gələnlər: ”Mən ədəbiyyata həyatdan gələnlərdənəm”.

Bütün varlığı ilə torpağa bağlı idi. Cəbrayılda illərlə damla-damla bir ev tikmişdi ki, ömrünün son illərini xanımını da götürüb ora köçsün, orda da ömrü başa vurub doğma torpağa qovuşsun. Olmadı! Evin çardağını təzəcə bağlamışdı, Cəbrayıl işğal olundu. İşğaldan öncə tez-tez gedirdi o yerlərə, rahatlığı yox idi. Əlində olsaydı, nələr etməzdi. Bacardığı qədər edirdi də. Cəbrayıl ziyalılarından ibarət batalyon yaratmaq ideyasının müəlliflərindən biri idi. Qismətinə məğlubiyyət yazılmış Cəbrayıl çox müqavimət göstərdi, çox döyüşlər uddu, nə yazıq ki, xəyanətin qurbanı oldu. Hansı mənadasa Cəbrayılın taleyi elə Sabir Əhmədlinin taleyinə bənzəyir.

Torpaqların yağmalanması onun qürurunu əyirdi, var gücü ilə haqsızlığa, ədalətsizliyə, ikiüzlülüyə, məddahlığa qarşı üsyan edirdi.

Qardaşı, əmisi, dayısı İkinci Dünya müharibəsində, oğlu Qarabağ döyüşlərində olmuşdu, özü ömür boyu mübarizələrdə oldu, istər əsərləri ilə, istər dili ilə, ümumiyyətlə varlığı ilə mübarizə apardı Sabir Əhmədli - insanlıq üçün, haqq-ədalət üçün “döyüşdü”.

Mən onun rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”ndən mətbuata ilk addımlarımı atmışam. Yazılarımın üstündən çalın-çarpaz xətt çəkib qaytarıb ki, yenidən işlə, rusca düşünüb azərbaycanca yazma. Sözə həssaslıqla yanaşmağı öyrədib, Azərbaycan dilini incəliklərinə qədər sevdirib mənə. Dağ boyda, dağ ürəklikdə insanın qarşısında açıq fikirlərimi, düşüncələrimi deyə bilmişəm - məni belə öyrədib. Heç nədən, heç kimdən çəkinmədən yalnız düşündüyümü deməyi...

Bir gün katibəsi işə gəlməmişdi. Redaksiyada gənc qız bircə mən idim, çağırdı ki, bir günlük katibəmi əvəz edərsən? Soruşdum ki, işim nədən ibarət olacaq? Dedi, zəngi çalanda mənə çay gətirəcəksən. Dedim, Sabir müəllim, zənglə müdir otağına çay gətirə bilmərəm. Baxdı üzümə, gülümsədi. Onda, dedi, zəngsiz-filansız mənə bir stəkan çay verərsən? Dedim yaxşı. Çay süzüb, çıxıb getdim öz otağıma. Belə ustadla bu gün də fəxr edirəm, sabah da belə olacaq.

Mən Sabir Əhmədli dühasının əlinə su tökməyə belə layiq olmadığım halda özümə onun ölümü kimi şərəfli ölüm arzulayıram. Elə bir ölüm ki, məni dəfn etməyə məzarlıq tapmaq belə “çətin” olsun, amma yerim ürəklər olsun - yetirmələrimin, mənəvi övladlarımın qəlbində yaşayım. Sabir Əhmədli mənim və yüzlərlə mənim kimi onu sidq-ürəkdən sevənlərin qəlbində yaşadığı kimi...

Ölümü də gözəl insan! Sağlığında bir dəfə özünə deyə bilmişdim - çox xoşuna gəldiyini də hiss etmişdim.

Ustad, bu gün qələm tuta bildiyim üçün əllərindən öpürəm. Ruhuna minnətdaram, məzarın önündə baş əyirəm.

Ramilə Qurbanlı

# 19226 dəfə oxunub

Müəllifin son yazıları

# # #