Norveçdə Azərbaycanla layihə

Norveçdə Azərbaycanla layihə
10 iyul 2021
# 14:34

Dünya şöhrətli alim və səyyah Tur Heyerdalın həyata göz açdığı Norveçin Larvik şəhərində Azərbaycanla Norveç əlaqələrinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi açılıb.

Larvik şəhərinin “Bölgen” mədəniyyət mərkəzində açılan sərgi Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi, Diaspora Dəstək Fondu, Tur Heyerdal İnstitutu, Vestfold muzeyi və The Viking Planet Muzeyinin dəstəyi ilə reallaşıb.

Sərginin açılış mərasimində Larvik şəhərinin sabiq meri və hazırkı bələdiyyə sədrinin müavini Rune Höiset çıxış edərək layihəni yüksək qiymətləndirib, Larvik şəhərinin 350 illik yubileyində Tur Heyerdalın əziz xatirəsinə və səyyahın Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən sərginin əhəmiyyəti barədə söz açıb.

Rune Höiset Tur Heyerdalın Norveç sərhədlərindən kənarda da tanınmasının norveçlilər üçün qürurverici olduğunu və onun geniş fəaliyyəti sayəsində Norveçlə bir sıra ölkələr arasında dostluq münasibətlərinin yarandığını bildirib.

Türkiyənin Norveçdəki səfirliyinin birinci müşaviri Barbaros Tuna Erdem çıxışında səfir Fazlı Çormanın təbriklərini çatdırıb, “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib.

Azərbaycan və Türkiyə dostluğundan söz açan diplomat ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadələrini yada salıb.

Daha sonra “CAN” təşkilatın sədri Şervin Nəcəfpur çıxış edərək layihə barədə qonaqlara geniş məlumat verib. Bildirib ki, sərgi həm də Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal və ulu öndər Heydər Əliyevin dostluq əlaqələrindən, ölkələrimizi birləşdirən ümumi dəyərlərdən bəhs edir.

Sərginin bundan sonra da digər muzeylərdə nümayiş olunacağını bildirən Şervin Nəcəfpur Azərbaycan xalçaları və milli geyimlərinin də bu yaxınlarda sərgiyə əlavə olunacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Tur Heyerdal İnstitutunun direktoru Beate Björge məşhur səyyahın ölkəmizə bağlılığı və ümummilli lider Heydər Əliyevlə dostluq münasibətləri barədə danışıb. Sərginin 2024-cü ilə kimi müxtəlif mədəniyyət mərkəzlərində nümayiş olunacağını bildirən Beate Björge deyib: “Norveçdən sonra ilk səfərimiz İtaliya və Andora olacaq. Arzu edirəm ki, gələcəkdə bu sərgini Azərbaycanda da nümayiş etdirmək imkanımız olsun. Ümidvaram ki, Azərbaycandakı dostlarımız bizim bu arzumuzu həyata keçirməyimiz üçün bizə dəstəklərini əsirgəməzlər”.

Sonra norveçli fotoqraf və art-direktor Edmond Yang sərginin əhəmiyyətini qeyd edərək Azərbaycana səfəri barədə xatirələrini bölüşüb.

Qeyd edək ki, sərgi iyulun 31-dək davam edəcək. Oktyabrda isə Tur Heyerdalın ev muzeyində nümayiş olunacaq.

# 2088 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #