Namiq Məna: “Salam Sarvan öz üzərində ciddi işləsin” - Söhbət

Namiq Məna: “Salam Sarvan öz üzərində ciddi işləsin” - Söhbət
21 noyabr 2019
# 15:41

Tanınmış meyxanaçı, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin rəhbəri Namiq Məna “Tərəqqi” medalı ilə təltif edilib. Məlum xəbər yayılandan sonra Namiq bəyin təltif edilməsi müxtəlif fikirlər doğurdu. Məsələ ilə bağlı meyxanaçıya bir neçə sual ünvanladıq. Onunla müsahibəni təqdim edirik.

- Namiq bəy, təltif olunmağınız münasibəti ilə sizi təbrik edirik. Gəlin, əvvəl təəssüratlarınızı alaq...

- Çox sağ olun. Mən cənab prezidentimiz İlham Əliyevə, ölkənin birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Mənə çox yüksək etimad göstəriblər. Çox sağ olsunlar.

- Sizin təltifiniz sosial şəbəkələrdə, saytlarda xeyli müzakirə olundu. Yəqin xəbəriniz var...

- Mən otuz beş ildir incəsənətimizə, mədəniyyətimizə xidmət edirəm. Eyni zamanda, bildiyiniz kimi, neçə illərdir Azərbaycan Yazıçılar Birliyinin Qubadlı regional bölməsinin sədri təyin olunmuşam. Orda da fəaliyyət göstərirəm. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşıyam. Bir sıra xarici ölkələrdə tədbirlərdə mədəniyyətimizi, incəsənətimizi, eyni zamanda qədim köklərə malik olan söz sənətimizin, bədihə (red. meyxana) janrımızın təbliğatı ilə məşğul olmuşam. 2019-cu ildə Kandoliza Raysın dəvəti ilə Amerikada bir ay incəsənətimizi, mədəniyyətimizi təbliğ eləmişəm. Orada bizimlə bir yerdə Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, əməkdar artistlər Elnur və Elçin, Əməkdar artist Bəyimxanım, bizim sənətimizin davamçılarından olan Şəmşir Dağlaroğlu ilə çıxış edirdilər. Otuz beş ildir bədihə janrına xidmət edirəm. Həmçinin bir sıra müsabiqələrdə iştirak edərək qalib olmuşam.

- Bildiyim qədəri ilə meyxanadan əlavə, sırf ədəbi yaradıcılığınız da var?


- İki kitab müəllifiyəm. Haqqımda danışmaq bir az xasiyyətimə yaddır. Tərifi xoşlamıram. Sadəcə, siz xəbər alırsınız deyə, deyirəm. Əruz və heca vəznində şeirlərim var. Birinci kitabıma böyük akademikimiz Nizami Cəfərov rəy verib. Mən İncəsənət Universitetinin dram, teatr və kino aktyorluğu fakültəsini bitirmişəm. Eyni zamanda, aktyor kimi də fəaliyyət göstərirəm.

- Peşəkar aktyor kimi teatr rollarınız var?

- Mədəniyyət sahəsində çalışıram. Yaxınlarda düşünürəm ki, inşallah o məsələləri daha da ciddiləşdirim.

- Belə başa düşdüm ki, hansısa teatrda oynamaq fikriniz var...

- Tamaşalarda iştirak etmişəm. Eyni zamanda efirdə yayımlanan filmlərə, seriallara dəvət alıb aktyor kimi iştirak eləmişəm. Aktyorluq mənə böyük uğur gətirib. Fürsətdən yararlanaraq onu qeyd edim ki, “Xəzər” TV-də çəkilən “Niyə” serialında baş rollardan birini - polis rəisini ifa etmişəm. “Niyə” serialının filmini də çəkmişik. Filmdə də iştirak etmişəm. Bu gün həmin filmimizin təqdimatı olacaq. Ondan öncə, “Azad Azərbaycan” kanalında yayımlanan “Qardaşlar” serialına çəkilmişəm. Teatrda baş rolda hələ ki, iştirak etməmişəm. İnşallah bu barədə ciddi düşünürəm. Teatrların birində aktyor kimi fəaliyyətimi davam etdirəcəyəm. Çünki bu, mənim təhsil aldığım sahədir və bu sahəyə böyük həvəsim var.

- Sizin medalı almağınızla bağlı tənqidi fikir bildirənlərə nə deyərdiniz?

- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Təşəkkür edirəm ki, qızıl vaxtlarını ayırıb fikir söyləyirlər. Bu da mənə göstərilən bir diqqətdir. Sağ olsunlar. Mən Yazıçılar Birliyinin Qubadlı regional bölməsinə sədr seçiləndə də bir az tələsik fikir söyləmişdilər. Bu insanlara demək istəyirəm ki, tələsməsinlər, fəaliyyətimlə maraqlansınlar. Həmin insanlar bu gün mənimlə bağlı tədbirlərdə iştirak edəndə yüksək fikirlər söyləyirlər.

- Sonda şair Salam Sarvanın meyxanaçılarla bağlı açıqlamasına münasibət bildirməyinizi istərdik. Demişdi, iki meyxanaçı gəlsin, deyişək, deyişə bilməsələr efirdən getsinlər.

- Hər kəsin öz fikri var. Sağ olsun, o da öz fikrini bildirib. Salamı şair kimi tanıyıram, amma şifahi söz sənətinə nə dərəcədə qadir olduğunu bilmirəm. Mən hər zaman qeyd edirəm ki, bu janr çox qədim köklərə malikdir. Bizim orta məktəb ədəbiyyatında Vaqiflə Vidadinin deyişmələrinə, aşıqların deyişmələrinə rast gəlirik. Dünyada rastıma çıxmayan, analoqu olmayan bir janrdır. Bir var bu janrı aşağılamaq məqsədi ilə kimsə qərəzli fikir söyləyəsən, bir də var janrın inkişafı üçün təkliflər verir.

- Siz onunla deyişməyə çıxarsınız?

- İstənilən vaxt hazıram.

- Sizcə, Salam bacarmaz?

- Öz üzərində bir az ciddi çalışsın. Deyir, istər oynaq qafiyələrdə, istər əruz qafiyəsində deməyə hazıram. Əruz vəznində olan qafiyələrin hamısı oynaqdır. Belə bir bölgü yoxdur. O, fikrini tam çatdıra bilməyib.

# 5224 dəfə oxunub

Müəllifin son yazıları

# # #