Möcüzəsi var imiş Şuşamızda dumanın - Qarabağlı şairdən təzə-tər qələbə şeiri

Möcüzəsi var imiş Şuşamızda dumanın - Qarabağlı şairdən təzə-tər qələbə şeiri
17 noyabr 2020
# 11:40

Vətən, təbrik edirəm,təbrik edirəm səni
Qəlbindəki duyğunun,hissin qələbəsidir.
Susmuş bulaqlarında hərarətin,hənrin,
Sönmüş ocaqlarında közün qələbəsidir.

Yurdu bizə əmanət qoyub babalarımız,
Çox qanları su ilə yuyub babalarımız.
"Səbr Allahın adıdır" deyib babalarımız,
Otuz illik həsrətin dözüm qələbəsidir.

Nə yaxşı! - gördüklərim nə yuxudur, nə röya,
Günəş də gülümsəyir nurunu yaya- yaya.
Bu, işıqlı dünyaya, yaraşıqlı dünyaya
Zülmətlərdən boylanan gözün qələbəsidir.

Büllur kimı suları dərələrdə lillənən,
İstəkləri gül açan, arzuları dillənən,
Əngin səmalarında bayrağımız yellənən
Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.

“Heyratı”nın sədası öz dünyamdan qoparır,
Bu yaşımda cəngi də məni cəngə aparır.
Tarzənin sinəsində tar da tufan qoparır.
Aşığın köksündəki sazın qələbəsidir.

Vurğunuyuq burdakı hər döngənin, guşənin,
Başına dolanarıq bizi başa düşənin.
Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın,...
İntiqamın, qisasın, hirsin qələbəsidir.

Aynasından ay-ulduz asılan körpələrin,
Oyuncaq dünyaları pozulan körpələrin,
Taleyinə şəhidlik yazılan körpələrın,
Yelləncəkdə yellənən qızın qələbəsidir.

Hamı zəfər eşqində, qələbə həvəsidə,
Od yağır komandirin, "Atəş! Atəş!" - səsindən...
Bu da igid əsgərin döyüş salnaməsində
Qızıl hərflə yazılan qızıl qələbəsidir.

Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,
Möcüzəsi var imiş Şuşamızda dumanın.
Dilinə qurban olum Ali Baş Komandanın,
Cəsarət meydanında sözün qələbəsidir!

Əşrəf Veysəlli
17 noyabr, 2020- ci il

# 2152 dəfə oxunub

Müəllifin son yazıları

# # #