Mən sayınca qeyb oldun, bir gizlənpaç misalı – Yeni bayatılar

Mən sayınca qeyb oldun, bir gizlənpaç misalı – Yeni bayatılar
8 fevral 2021
# 15:11

Kulis.az şair İlham Qəhrəmanın yeni yazdığı bayatıları təqdim edir.

Karvan gedir haxlayın,
Kimsə qalar, yoxlayın.
Balam itkindən dönsə,
Məni muştuluxlayın.
***
Qəm çəkdim sayrı düşdüm,
Kəm bəxti əyri düşdüm.
Sonayam səfim vardı,
Vuruldum ayrı düşdüm.
***
Durna, teli şana qoy,
Arı, balı şana qoy.
Qəribəm tanıyan yox,
Qəbrimə nişana qoy.
***
Bağ-bağat yolağ oldu,
Bağbanı çolağ oldu.
Sinəmdə bağ becərdim,
Dərd dərdə calağ oldu.
***
Sayaram bir cüt, bir tək,
Təsbeh dolanar pərtək.
Heç yerdə dil açmadın,
Pəltəksən, dərdim, pəltək.
***
Bazar, səndə nə maldı,
Kim satdı, kim nə aldı?!
Nənəmdə dədəm getdi,
Dədəmdə nənəm qaldı.
***
Yorğaraq ürgə getdi,
Buruldu mülkə getdi.
Dədəm, nənəm qeyb oldu,
Üstümdən kölgə getdi.
***
Axşam nə, ertə nədi,
Yaxın nə, ötə nədi?!
Ağ günlər barmaq sayı,
Qara gün çitəmədi.
***
Gül üstə yatan səni,
Saxlayar butan səni.
Məndə o ürəkmi var,
Gözümdü tutan səni.
***
Su arxdan doyub gedər
Dərd qəlbi oyub gedər.
Saatdan nə umursan,
O səni qoyub gedər.
***
Şirin olar yar dadı,
Gözdən salar hər dadı.
Görən heç soruşurmu -
Zəhləm qaçan hardadı?!
***
Gülü şaxından görək,
Azı çoxundan görək.
Ürək deyir: Qalx gedək,
Yarı yaxından görək.
***
Könül evi uçuxdu,
Dam üstünə kim çıxdı?!
Ürək yay pəncərəsi,
Hər vaxt sənə açıqdı.
***
Mindiyin bəy atı ya!
Nə söhbət bəy atıya?!
Halımın yuxa yerin
Saxladım bayatıya.
***
Sızıldaşır yaram çox,
Ağrımayan yerim yox.
Qəribin qaydasıdı –
Sevinci ac, dərdi tox.
***
Nə sevdadı yasalı,
Göz yanağa su salı?!
Mən sayınca qeyb oldun,-
Bir gizlənpaç misalı.
***
Səhəngin boyu budu,
İçinin suyu budu.
Yar deyir yarıtmayır,
Cananın xoyu budu.
***
Aşna busəni deyər,
Yolu kəsəni deyər.
Dilim buyruqdan qorxur,
Ürəyim səni deyər.
***
Qızılgülün gül vaxtı,
Gül üstündən gül baxdı.
Yara varmaq qorxulu,
Hər bir yanım çildaxdı.
***
Ulduzlar aya sızlar,
Bulaqlar çaya sızlar,
Varlı mayadan yeyər,
Neyləsin mayasızlar?!
***
Od vurdum yana kağız,
Halımı qana kağız.
Şair də toxucudu,
İp sözdü, hana kağız.
***
Canımda adsız nisgil,
Ya aç, ağla, ya aç, gül.
Könül dərviş üstədi,
Nə xirqə var, nə kəşkül.
***
Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.

# 2599 dəfə oxunub

Müəllifin son yazıları

# # #