Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama

Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
20 noyabr 2019
# 09:00

Yazıçı Anarın bir müddət əvvəl Cəlil Məmmədquluzadənin heykəlinin öz həmkarı və dostu Mirzə Ələkbər Sabirin heykəlinin yanında ucaldılması təklifi birmənalı qarşılanmayıb. Bəs əslində, Mirzə Cəlilin heykəli harada qoyulmalıdır? Kulis.az bu sualla yazıçı və ədəbiyyatşünasların fikirlərini öyrənib.

Rüstəm Kamal

Related image

Təklifin harada getməsi barədə oxumamışam. Cəlil Məmmədquluzadəyə mütləq möhtəşəm heykəl qoyulmalıdır. “Sabirin yanında qoyulmalıdır” məntiqini anlaya bilmirəm. Mən fikirləşirəm ki, Mirzə Cəlilin heykəli şəhərin daha gözəgəlimli, nüfuzlu yerində qoyulmalıdır. Özü də möhtəşəm heykəl olmalıdır. Çünki Cəlil dahi bir insandır, böyük insandır. Şübhəsiz ki, Sabir də böyük şairdir. Amma Sabiri də Sabir edən, belə deyək, həm də “Molla Nəsrəddin” mühiti, estetikası, fəlsəfəsidir. Biz Sabir şeiriyyətinin möhtəşəmliyini ancaq bu kontekstdə anlayırıq.
Sabirin heykəli qoyulan yer heykəl tünlüyüdür. Onun heykəlinin yaxınlığında Nizaminin heykəli də var. Ora Cəlilin heykəli də əlavə olunsa heykəl qalereyası yaranacaq. Yəni şəhərin başqa bir yeri yoxdur ki, orada Mirzə Cəlilin heykəli öz kontekstini tapa bilsin? Mirzə Cəlil özü ədəbiyyatımız üçün ayrı bir istisnadır. Qutsal bir istisnadır. Ona görə də mən onun heykəlinin ayrı yerdə olmasını istəyirəm.

Xeyrəddin Qoca

Image result for Xeyrəddin qoca

Mən bu barədə heç nə deyə bilmərəm. Azərbaycanın görkəmli arxitektorları, bu sahədə bilgiləri olan adamlar var. Qoy, onlar rəy versinlər. Anar müəllim onu deyəndə bir məqsəd güdüb ki, Sabirlə onlar “Molla Nəsrəddin” jurnalında qələm yoldaşı olublar. Ona görə Anar müəllim belə deyə bilər. Bu, onun fikridir. Amma mən deyə bilmərəm ki, harada qoyulsun. İdeya baxımından Anar müəllim haqlıdır. Çünki onlar qələm yoldaşı olublar.

İradə Musayeva

Image result for İradə Musayeva kulis.az

Mən ümumiyyətlə, heykəlin əleyhinəyəm. Sabirin yanında qoyulmağının isə tam əleyhinəyəm. Çünki, həmin təqdirdə mollanəsrəddinçilərə haqsızlıq yapılmış olacaq. Onları qoşa əks etdirmək, birbaşa “Molla Nəsrəddin” məktəbi ilə bağlı məsələ deməkdir. Bəs Haqverdiyev, Qəmküsar, Hacıbəyov və başqaları? Bu abidənin kompleks olması daha maraqlı olardı.

Həmid Herisçi

Image result for Həmid Herisçi

Mənim üçün şəhər kənarlarında qoyulmuş qranit heykəllərin heç bir əhəmiyyəti yoxdur. Yaxşı olardı ki, bu abidə özünə məxsus olsun. Əslində yazıçılar da müəyyən mənada öz daxillərində heykəltəraşlıq edirlər. Təəssüf ki, çox vaxt heykəllər yox, bütlər mövcud olur. Mən heykələ yox demirəm, qoy olsun. Şəhərimizi gözəlləşdirsin. Ancaq heykəl bütə çevrilirsə, bəli, bu, təkcə dini baxımdan deyil, mədəniyyət baxımından da çox təhlükəlidir. Təəssüf ki, Azərbaycanda Cəlilin bütünü qoymaq istəyirlər. Mən belə düşünürəm. Və bunun əleyhinəyəm. Heykəllərin tərəfdarıyam, bütlərin əleyhinəyəm.

Azər Turan

Image result for Azər Turan

O fikir uyğun fikirdir. Avropada – Veymarda Höte və Şillerin birgə heykəlləri var. Məfkurə dostlarının heykəlinin dünyanın bir çox yerlərində, xüsusən Avropada təsadüf olunan haldır. Vaxtilə Anar müəllim başqa bir əsərində Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlunun Bakıda bir yerdə heykəllərinin qoyulmasını təklif etmişdi. Məncə, çox uyğun fikirdir. Bakı bizim paytaxtımızdır. Bakıda qoyulması daha gözəldir.

Rasim Qaraca

Image result for rasim qaraca

Öncəlik sırasına görə Bakıda heykəli qoyulacaq ilk adam Məmməd Əmin Rəsulzadədir, başqa heykəl təklifləri - H. Z. Tağıyevlə və ya Mirzə Cəlillə bağlı ikinci dərəcəlidir. Hər təklifin qarşısında bir "guya" işarəsi qoymaq olar. Guya bu təklifi verənlərin xalqa nə isə bir sevgisi var. Halbuki bunun adı hakimiyyətə yarınmaqdan başqa bir şey deyil. Soruşan lazımdır, Anarın öz boynubükük heykəli harada olacaq? Ədəbiyyata vurduğu ziyanlardan dolayı təxmin edə bilərik; İkinci fəxri xiyabanda, məzarının başında. Bundan artığına layiq deyil, məncə.

Mehriban Vəzir

Image result for mehriban vəzir

Ümumiyyətlə, bir çox şəxsiyyətlər var ki, onların heykəli olmalıdır. Mirzə Cəlil də heykəli qoyulacaq şəxsiyyətlərdəndir. Amma mənə elə gəlir ki, onun heykəlinin Sabirin heykəlinin yanında və yaxud da başqa yerdə qoyulmasının o qədər də əhəmiyyəti yoxdur. Nə vacibdir, ikisinin də heykəli bir yerdə olsun? Ancaq əlbəttə ki, bir az gözəgəlimli, bir az insanların çox olduğu bağlardan birində olması daha yaxşıdır. Amma konkret haradasa qoyulması barədə təklifim yoxdur.

Mehman Qaraxanoğlu

Image result for Mehman Qaraxanoğlu

Real və dürüst fikir kimi mən də Anar müəllimin dediyi yeri qəbul edirəm. Çünki Sabir və Mirzə Cəlil fikir və düşüncə qardaşlığı baxımından bir idilər. Yəni bir düşüncənin daşıyıcıları idilər. Bu baxımdan düşünürəm ki, Anar müəllimin dediyi daha məqsədə uyğundur.

# 3944 dəfə oxunub

Müəllifin son yazıları

# # #