Kənd şəhərin uşaqlığıdır – Aqşin Yenisey yazır...

Kənd şəhərin uşaqlığıdır – Aqşin Yenisey yazır...
2 iyul 2021
# 15:25

Aqrar imperiyadan sənaye respublikası düzəltmək istəməsinə baxmayaraq, Atatürk deyirdi ki, kəndli məmləkətin ağasıdır; yəni vətənin sahibi kəndlidir. Nəzərə alanda ki, modern dünyada ordular, əsasən, kəndli ailələrin övladlarından təşkil olunur, məncə, Atatürkün bu sözünə şərh verməyə ehtiyac qalmır.

Şəhər və kənd münasibətlərinin (urbanizasiya) qısa tarixi xülasəsi belədir: Şəhərlərin çiçəklənmə dövrü quldarlıq quruluşu zamanı (antik şəhər-dövlətlər) ticarətin inkişafı ilə baş versə də, feodalizmə, təsərrüfat sisteminə keçid mədəniyyəti kəndlərə qaytardı. Renessans sonrası yunan-Roma mədəniyyətinə qayıdış Avropada həm də yunan-Roma quldarlığına qayıdışı təmin etdi. Kapitalizm modern quldarlıq sistemi idi: modern quldarların və modern kölələrin əmək münasibətlərini tənzimləyən kapitalizm sənaye inqilabından sonra yenidən şəhərləri çiçəkləndirdi.

Qədim Roma şəhərlərində 3-4 mərtəbəli binalar vardı və bu bahalı binalarda ancaq varlı Roma vətəndaşları yaşaya bilirdilər. Bu binalarda kanalizasiya xətləri olmadığı üçün ayaqyolu da yox idi. Varlı romalılar xüsusi qablardan ayaqyolu kimi istifadə edir və onları yuxarı mərtəbələrdən həyətə, aşağıdakıların başına tökürdülər. Eyni mənzərə ilə Orta əsrlərin Parisində də qarşılaşmaq olardı. Dikdaban ayaqqabıları, çətiri də vaxtilə başlarına varlıların balkonundan “təbii sərvət” yağan Roma, Paris yoxsulları icad etmişdilər. Hətta bu gün də rastlaşdığımız “balkondan zibil atmaq vərdişi” antik şəhər instinktidir. Antik şəhərlər xirtdəyəcən üfunətin içində idilər və...

Xristianlığın yaranışı, Sodom, Qamora, Babil, Pompei kimi şəhərlərin “əxlaqsızlıq yuvaları” olduqları üçün tanrı tərəfindən lənətləndiyi və yox edildiyi əfsanələrinin yayılması, quldarlıqdan feodalizmə keçid antik çağdan sonra mədəniyyətin Orta əsrlərdə şəhərlərdən kəndlərə daşınmasına və sənaye inqilabına qədər bir daha şəhər tərəfə baxmamasına səbəb oldu. Sənaye inqilabından sonra şəhərlərin əhəmiyyəti yenidən artdı, insanlar daha az işləyib daha çox pul qazanmaq, feodal təhkimliliyindən xilas olmaq üçün daha sivil münasibətlərin yarandığı şəhərlərə köçməyə başladılar. Bununla da bu gün də davam edən iki yüz illik şəhər-kənd, şəhərli-kəndli söz-söhbətlərinin təməli qoyuldu.

Marks və dostu Engels hər nə qədər kəndi və kəndlini aşağılasa da, mədəniyyət hər nə qədər “mədinə” (ərəbcə, “şəhər”) sözü ilə əlaqələndirilsə də bütün hallarda kənd mədəniyyəti şəhər mədəniyyətinin əcdaddır, mənşəyidir. Hər bir böyük şəhərin “uşaqlığı” kənd olub. Şəhər mədəniyyəti kənd adətlərinin, ənənələrinin təkmilləşdirilimiş formasıdır. Milli bayramlar, milli mətbəx, folklor nümunələri, atalar sözləri, dastanlar və s. bir sözlə, bir millətin milli deyə biləcəyi hər şey kənd mədəniyyətinin mirasıdır ki, bu da şəhər mədəniyyəti üçün mənbə, qaynaq rolunu oynayır. Milli ruh bəşəri ruha bu yolla ilham verir. Milli olmasa bəşəri də olmaz. Məsələn, milli bayramların keçirilməsi məsələsində şəhər həmişə kəndin davranışlarını örnək alır. Yaxud xeyir-şər mərasimlərində nəyi necə etmək lazım olduğunu şəhər kənddən öyrənir. Eləcə də sosial həyatın təməlini yaradan kişi-qadın münasibətlərində ciddiləşmə (evlilik) baş verirsə, şəhərli kişi də, şəhərli qadın da dərhal zır kəndliyə çevrilirlər, kənd adət-ənənələrinə qayıdırlar, onu daha güvənli, daha səmimi hesab edirlər. Xalq öz milli inancının gücünü, genofondunun təmizliyini, mətbəxinin özünəməxsusluğunu kənddə qoruyur.

Kəndli tarixin bütün dövrlərində qədimdir.

Xalq özünün milli xarakterini tanımaq üçün kəndi, kəndlini araşdırır. Bir ölkənin məhvi də kənddən başlayır, kəndi və kəndlisi assimilyasiyaya, çürüməyə məruz qalan xalqı heç bir mədəniyyət xilas edə bilməz. Bakı sovet dönəmində kosmopolit şəhər idi; yəni bizdən daha çox başqalarının şəhəri idi, müstəqilliyin ilk bir neçə ili kifayət etdi ki, kəndlərdən, rayonlardan gələnlərin hesabına milli şəhərə çevrilsin. Bu cür urbanistik problemləri başa düşən ağıllı adamlar tarixin bütün dövrlərində kəndi qorumağa çalışıblar. Məsələn, ABŞ-ın “qurucu atalarından” olan Tomas Cefferson sənayeləşmənin ilk illərində, (1787) deyirdi: “Biz Avropada olduğu kimi böyük şəhərlərdə bir-birimizin üstünə qalaqlandığımız zaman avropalılar kimi azğınlışmağa və çürüməyə başlayacağıq və eynən onlar kimi bir-birimizi yeyəcəyik”. Cefferson bu sözlərlə amerikalıları şəhərləşmə heyranlığının gətirəcəyi təhlükələrdən xəbərdar edirdi. Yaxud başqa bir amerikalı filosof Uill Dürant “Mədəniyyətlərin təməlləri” kitabında yazır: “kilsələr, parlament binaları, muzeylər və konsert salonları, universitetlər, sadəcə, bir pərdədir, arxasındakı sallaqxananı gizləyən pərdə”. Filosof bununla demək istəyir ki, şəhər mədəniyyəti vəhşiliyin, barbarlığın üstünə çəkilmiş bir makiyajdır. Əgər o pərdə arxasındakı sallaqxananın başına bir iş gəlsə şəhərdəki mədəni, xoşbəxt görüntünün içindən yırtıcı bir keçmiş baş qaldıracaq. Şəhərin vəhşiləşməsi an məsələsidir. Keçən il pandemiyanın tüğyan etdiyi günlərdə karatin məhdudiyyətləri tətbiq edildikdə mağaza və dükanlarda tualet kağızı, ərzaq məhsulları və s. uğrunda bir-birinin ətini yeyən dünyanın ən mədəni şəhərlərinin əhalisinin timsalında hamımız bunun canlı şahidi olduq.

Özünə çəki-düzən vermək üçün şəhər həmişə kəndə baxmağa məhkumdur. Çünki kənd mədəniyyətin ata ocağıdır. Şərqşünas alim Eduard Səid bunu qədim mədəniyyət kəndi olan Misir haqqında deyir. Bütün fatehlərin, güclənən mədəniyyətlərin özlərini Misiri fəth etməklə təsdiqləmək istəməsinə məşhur şərqşünas alim belə bir izah verir ki, insanlıq Misirdə doğulub, dünyaya o torpaqlardan yayılıb. Misir, bir növ, bəşəriyyətin ata ocağıdır. Özünü tanıyan bütün mədəniyyətlər Misiri fəth etməklə qürurunu ata ocağı ilə bölüşmək istəyirdi. Bu istək şəhər-kənd münasibətlərində də var, elmi adı urbanizasiya olan bu münasibətlər sistemində şəhərin kəndə, kəndin şəhərə təsirləri öyrənilir. Şəhər mədəniyyətin Mədinəsi, kənd Məkkəsidir.

Şəhərlər öz haqları uğrunda mübarizə aparmağı da kəndlərdən öyrəndi. Modern çağdakı sosial-siyasi şəhər inqilablarının müəllimi Orta əsrlərin kəndli üsyanlardır. Marks-Engels cütlüyü kəndli üsyanlarının uğursuzluğunu kəndlilərin pərakəndəliyinə, mədəniyyət çatışmazlığına bağlayırdılar və kommunizmin yalnız şəhərdə qurula biləcəyinə inandıqları üçün istəməsələr belə kapitalist şəhər mədəniyyətini feodal kənd mədəniyyətindən üstün tuturdular.

Ümumiyyətlə, şəhərli-kəndli gəvəzəliyini ilk dəfə tarixə bu cütlük gətirib: Marks və Engels. Onlar hesab edirdilər ki, xristianlığın yaranışı və yayılması ilə başlayan min illik “Qaranlıq dövr” antik çağın şəhər mədəniyyətinin dağılması, kəndlərin onların yerini alması ilə gerçəkləşdi. Modern çağ isə özünün sənaye inqilabı ilə yenidən antik çağın şəhər mədəniyyətini diriltdi. Kapitalizm nə qədər pis olsa da feodalizmdən yaxşıdır və onu, kapitalizmi kommunizmlə əvəzləmək ancaq şəhər mədəniyyətində mümkündür. Şəhərləri kəndlilər üçün cazibədar edən səbəblərdən biri də kommunizm çağırışları, sosializm romantikası idi. Şəhərlərə kommunizm qurmağa gələn sadəlövh kəndlilər isə gec-tez kapitalizmin girovuna çevrilirdilər. Əslində, Marks, Engels inqilab adı ilə insanları şəhərlərə çağırmaqla kapitalistləri ucuz işçi qüvvəsi ilə təmin edirdilər. Yuval Harari yazır ki, Marks bilmirdi ki, onun yazılarını Avropa kapitalistləri də oxuyurdular və qabaqlayıcı tədbirlər düşünürdülər. Məsələn, Bismark sosializm təhlükəsini hiss edən kimi tibbi sığorta sistemini yaratdı (1883). Yaxud (Harari yazır) Avropa kapitalistləri demokratik seçkilərin keçirilməsi ilə narazı kütlələr olan fəhlə və kəndlilərdə belə bir illuziya yaratdılar ki, guya, siyasi hakimiyyəti onlarla bölüşürlər. Siyasi hakimiyyətdə təmsil olunduqlarını düşünən avropalı fəhlə və kəndlilər bununla kifayətləndilər, inqilab isə heç kimin Marksı, Engelsi oxumadığı Rusiyada uğur qazandı.

Marks və Engelsin burjua hakimiyyətinin, kapitalist istismarın yuvası olmasına baxmayaraq, şəhəri kənddən üstün tutmasının səbəbi siyasi, ideoloji idi. Gizli inqilabi ümid idi bu ayrıseçkiliyin səbəbi. Marks bu ümidlə feminizmi də kommunizmin dişi variantı, daha doğrusu, məşuqəsi kimi yaradıb ideallaşdırmışdı.

Bu gün isə kapitalizmin Nyu-York, London, Tokio, Paris və s. kimi çoxmilyonlu şəhərlərinin ən böyük arzusu havası, suyu, insanları təmiz, ucqar bir kənd olmaqdır...

Oxu.az

# 2274 dəfə oxunub

Müəllifin son yazıları

# # #