Kitablarımız Amerikada təqdim olundu

Kitablarımız Amerikada təqdim olundu
6 mart 2020
# 10:06

ABŞ-ın məşhur Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib. Kitablar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hədiyyə olunub.

Kulis.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına Kitabxanasında keçirilib.

Tədbir kitabxananın Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə kitabxananın Yaxın Şərq Bölməsinin rəhbəri Coan Viks çıxış edərək, sözügedən bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Viks tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, hədiyyə edilmiş kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasında mühüm boşluqları doldurmasına töhfə verəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov kitabxana rəsmilərinə öz təşəkkürünü bildirərək onların gördüyü işin insanların inkişafı üçün çox vacib olduğunu vurğulayıb.

Səfir ABŞ Konqres Kitabxanasında artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitabın mövcud olduğunu söyləyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası da daxil olmaqla artıq ölkəmizin 10 kitabxanası ABŞ-ın Konqres Kitabxanası ilə mübadilə tərəfdaşlığı edir.

Ümummilli lider Heydər Əliyevin “Kitabxanaya hörmət xalqın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözlərinə istinad edən səfir Azərbaycanda savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu qeyd edib, ölkəmizdə hər zaman kitabxana işinə böyük hörmətlə yanaşdığını bildirib. Hədiyyə olunan 50 kitabın içərisində fərqli mövzuları əhatə edən kitablar təqdim edilib. Beləliklə, ABŞ Konqres Kitabxanasının oxucuları Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və coğrafiyasına aid olan kitablarla artıq tanış ola bilər. /azertag.az/

# 1905 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #