İmrə Kalmanın "Silva" tamaşası Azərbaycan səhnəsində nümayiş olunacaq

İmrə Kalmanın "Silva" tamaşası Azərbaycan səhnəsində nümayiş olunacaq
20 dekabr 2019
# 10:05

Bu gün Akademik Musiqili Teatrda “Silva” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, dekabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyaşöhrətli bəstəkar İmrə Kalmanın “Silva” tamaşasını təqdim edəcək.

Səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanıın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Əsərin süjet xəttinin əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.

Rollarda Əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Akademik Musiqili Teatr həftəsonunu xoş ovqatla keçirmək istəyən hər kəsi bu tamaşaya baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də "iTicket.az” saytından əldə etmək olar.

# 1644 dəfə oxunub

Müəllifin son yazıları

# # #