Gənc yazıçının kitabı çap olundu

Gənc yazıçının kitabı çap olundu
6 may 2021
# 15:09

Bu günlərdə yazıçı-ssenarist Günel Əsgərovanın “Xanın üç qızı” nağıl kitabı işıq üzü görüb. Müəllif kitabı öz doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Kitabda yer alan eyniadlı nağılında gerçək həyat – Azərbaycan xalqının məkrli düşmənləri ilə qəhrəman mübarizəsi əks olunub.

Kulis.az xəbər verir ki, “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə – xanlıqlar dövrünə səyahətə aparır. Əsrarəngiz səyahətin baş qəhrəmanları qüdrətli xanlığın ədalətli hökmdarı olan ağıllı və müdrik Əhməd xanın dünya gözəli olan üç sevimli qızıdır. Döyüşkən və azadlıqsevər Xəzri, zərif və istedadlı Mələk, ağıllı və elmli Banu öz bapbalaca silahdaşları cırtdan Balaşla birlikdə bütün qadağalara rəğmən çox təhlükəli və amansız, xanlıqları bir-birinin ardınca özünə tabe edib, insanları köləyə çevirən Təpəgözlə mübarizəyə qalxır. Bu nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır.

Nağıl qadına münasibət və onun cəmiyyətdəki mühüm mövqeyi, qızların tərbiyəsinin təşkili, uşaqlarla valideynlər arasında dürüst münasibət, uşaqlarda cəsarət, xeyirxahlıq hisslərinin formalaşması yolunda mühüm addımdır. İlk baxışda elə təsəvvür yarana bilər ki, nağıl qızlara həsr olunub, amma, əslində, elə deyil, çünki hər bir güclü qadının arxasında güclü və müdrik ata, qayğıkeş və anlayışlı ana, hər zaman əlindən tutmağa hazır olan bacı-qardaşlar dayanır.

Mövzu dərinliyinə malik olan bu nağıl, uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə çağırır, hər kəs onda yeni və öz ruhuna yaxın nə isə tapa bilir, çünki Günelin nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mənəvi və mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.

Qeyd edək ki, Günel Əsgərova 1984-cü ildə anadan olub, ixtisasca hüquqşünasdır. Qərb Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə ilə bitirib, həmin ixtisas üzrə magistr dərəcəsini Bakı Dövlət Universitetində alıb. İki dəfə mübadilə üzrə Amerikan proqramının məzunu olub (FLEX, IVLP). Günel artıq on ildir ki, təhsil sahəsində fəaliyyət göstərir, bu on ildən altısını (bu günədək) ADA Universitetindəki işinə həsr edib. Günel uzun müddət psixologiya və gənclərin davranışlarını öyrənib.

Yazıçı-ssenarist karyerası haqqında ilk ciddi fikrə Günel 2013-cü ildə – xarici sənətkarların köməyi ilə xüsusi təhsil alarkən və bu istiqamətdə tədqiqat işləri apararkən gəlib. O, artıq 10 nağılın müəllifidir və onun ilk nağılı – “Sülh tütəyi” Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olub və Torontodakı festivalda təqdim edilib. Elə həmin il “Sülh tütəyi” nağılının ssenarisi ilə Hollivudda təmsil olunmuş, burada nağıl yüksək qiymətləndirilərək “Üzüklər hökmdarı”, “Malefisenta” kimi məşhur blokbasterlərlə bir sıraya qoyulmuşdur.

Ötən illər ərzində Günel təkcə nağıl yazmayıb, həm də qərb nağıl sənayesinin nəhənglərindən olan Disney, Universal, Varner Brothers və digər studiyaların iş prinsiplərini, bu sahənin inkişafının təfərrüatlarını öyrənib. Beləliklə də bu araşdırmalarına əsaslanaraq Azərbaycanın nağıl sənayesi modelini yaratmaq üzərində düşünməyə başlayıb. Onun məqsədi Azərbaycan nağıl janrını dirçəldib onu həm ölkəmizdə, həm də dünyada tanıtmaqdır.

# 1504 dəfə oxunub

Müəllifin son yazıları

# # #