Flora Kərimovanı Allahsız edənlər

Flora Kərimovanı Allahsız edənlər
19 aprel 2021
# 12:09

Kulis.az Xəyalə Quliyevanın "Flora Kərimovanı zorla Allahsız edənlər" yazısını təqdim edir.

Verilişlərin birinə sayı ondan çox olan müğənni dəvət olunmuşdu. Hər biri də sayılıb-seçilənlərdən idi. Flora xanımsa verilişin əsas qonağı idi. Növbə gəldi “Bilməzdim” mahnısına...

Flora xanım təvazökarlıqdanmı, ya yorğunluqdanmı bilmirəm, həmin mahnının sadəcə bir misrasını oxudu. Digər müğənnilər də elə bu məşhur “Eşqimiz elə bu qədərmiş...” hissəsini oxumaq istədilər, öz xəyallarında bəlkə oxudular da, amma əslində bacara bilmədilər, onların gur, cavan səsi, Flora xanımın yorğun, yaşlı səsinin fonunda yox oldu, itdi, heç olmadı da...

Bacarmadılar!

Bu insandan yüz ilə bir də Azərbaycanda dünyaya gələrmi-gəlməzmi, bilmirəm, amma 4 oktavanı bütünlükdə əhatə edən səs tembri, əsrarəngiz bir möcüzədir. Əgər bu cür səs İtaliyada olsaydı, onu bəh-bəhlə dünyaya təqdim edərdilər. Ürək ağrısı ilə qeyd etməliyəm ki, Flora Kərimova burada öz layiq olduğu kimi qiymətləndirilmədi...

İnsanlarımızın əksəriyyətinin “çıkkıdı-çıkkıdı” sevdası Flora xanımın 4 oktava səsinə çox vaxt qalib gəldi... Hərdən “kaş ki, o Milanda dünyaya gələrdi...” deyə fikirləşirəm. Sonra da deyirəm, yox! Nə yaxşı ki, biz onu tanımışıq, nə yaxşı ki, o bu yerlərdə doğulub...

Bilirsinizmi, Flora Kərimova heç vaxt erməni mahnısı oxumayıb...

Bəli, jurnalistlər də çalışmalıdır ki, onun bu tərəflərini həmişə böyük projektorlarla işıqlandırsınlar... Amma çox təəssüf ki, son günlər, Flora xanımı hansı müsahibəsini görürüksə, mütləq orada ya Allaha inanıb inanmadığı qabardılır, ya da dini mövzularda suallar verilib, aldıqları cavabı böyük hərflərlə tirajlanıldığını görürük. Yağışdan sonra çoxalan göbələklər kimi sayı-hesabı bilinməyən sosial şəbəkələrin “xəbər” səhifələri də bunu özlərinə İP gətirən başlıqlarla yayırlar...

Həqiqətənmi, ömrünü-gününü Azərbaycan səhnəsinə həsr etmiş bir insanın bizə məhz şəxsi həyatı, etiqadı bu qədər maraqlıdır?

Ömrünün böyük bir hissəsini geridə qoymuş bir sənətkara verilən suallar, alınmaq istənilən cavablar insanda təəssüf doğurur...

İnanc hər bir insanın şəxsi məsələsidir, istədiyi dinə inana bilər və yaxud ateist ola bilər. Bunun sənətə nə adiyyatı? Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olan bir insanın xarakteri, inancı və s. Bir oxucunu, dinləyicini, tamaşaçını niyə maraqlandırsın ki? Ona qalsa, gərək Kafkanı heç oxumayasan. Kafkanın şəxsi həyatının elə nüansları var ki, oxuyanda, adam bir dəfəlik, onun kitabını bağlayıb, ən kilidli rəfə qoymaq istəyir ki, bir də götürməsin...Amma bir “Çevrilmə” insanı öz ətrafdakılarına qarşı 180 dərəcə dəyişir. Və ya “ Atama məktub”u oxuduqca insan öz valideynliyindən utanır. Kafka kimi yüzlərlə insan var ki, həyatına bir lupa ilə baxsan, qoyub qaçarsan, di gəl ki, sənəti əsl sənətdir, bəzəksiz-düzəksiz, ənliksiz, kirşansız...

Və ya mənim kimi sadə tamaşaçı üçün nə fərqi var ki, misal üçün, Adil İsgəndərov Allaha inanıb, ya yox. Və ya Yusif Vəliyevin etiqadı nə olub? Nə qədər boş səslənir, deyilmi? Bu insanlar bütün zamanlar üçün möhür rolunu oynayıblar. Onların bizə dini deyil, sənəti maraqlı olmalıdır. Bəli, Flora xanım da məhz o peşəkarlardandır. Yaşı 80-ni haqlamış bir sənətkarın müsahibələrinə bu cür başlıq nəyə hesablanıb?

Söz yox ki, Flora xanım da Allahı heç də başqalarından az istəmir və heç də başqalarından az inanmır. Dilə gətirib təsvir etməyi də hər insanda olduğu kimi özünəməxsusdur.

Flora xanım bundan sonra müsahibələrində Allahla, dinlə bağlı suallara münasibət bildirməsə, yazacaqlar ki, bu suallara cavab verməkdən yayındı, cavab da versə, belə...

Millət olaraq dini mövzularda çox həssasıq, bizim üçün hətta evimizə çağırdığımız santexnikin də hansı dinə etiqad bəsləməsi maraqlıdır...

Özümüzsə, haqqında müsahibələri bəh-bəhlə oxuduğumuz, filankəs Allaha inanır, filankəs inanmır deyib insanlara tiplərə, növlərə böldüyümüz başqalarını Allahsız, özümüzü isə Allahlı hesab etdiyimiz yerdə bir düşünək, Allahla münasibətdə özümüz dərəcə səmimiyik və ya eşqimiz elə bu qədərmiş?

# 3666 dəfə oxunub

Müəllifin son yazıları

# # #