Filmimiz beynəlxalq festivallarda iştirak edəcək

Filmimiz beynəlxalq festivallarda iştirak edəcək
4 mart 2020
# 10:09

Xocalı soyqırımına həsr olunmuş “Sonsuzluğa uzanmış gecə” filmi İtaliya və Özbəkistana dəvət alıb.

Filmin quruluşçu rejissoru Nadir Maçanov bildirib:

“Sonsuzluğa uzanmış gecə” filmi “1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalının bir məhəlləsində baş verən faciəvi hadisələrdən bəhs edir. Filmi Xocalı rakursunda ümumiyyətlə soyqırımına qarşı bir fəryaddır, üsyandır!

Filmin İtaliya ilə bağlılığının kökündə Xocalının həmin məhəlləsində yaşayan, Qarabağ savaşında kontuziya almış cavan bir rejissorun məşhur italiyalı kinorejissor Fideriko Felliniyə yazdığı məktub durur: “Film haqqında fikirləşəndə bilmirdim ki, 2020-ci il İtaliyada Fellininin 100 illiyi ilə bağlı “2020 Fellini ili” kimi qeyd olunacaq. İtaliyadakı sənət yoldaşlarım, dostlarım yeni proyektimlə maraqlananda, onlara ssenarinin süjet xəttində Fideriko Felliniyə yazılan məktub olduğunu söylədim. Bununla əlaqədar onlardan bir neçə dəvət aldım. Təbii ki, onlara Xocalı haqqında da geniş məlumat da verdim ki, ssenarinin məğzini bilsinlər. Maraqla qarşılandı və elə ona görə də dəvətlər aldım”.

Quruluşçu rejissorun sözlərinə görə, filmi Özbəkistanda nümayiş etdirmək, Xocalı dərdimizi qardaş özbək xalqı ilə bölüşmək çox önəmlidir. Onlar bizi daha yaxşı anlayarlar, çünki özləri də Fərqanə vadisində bu acını yaşayıblar...

“Mən Özbəkistanın paytaxtı Daşkənddə məşhur kinorejissor Şuxrat Abbasovun tələbəsi olmuşam və sonra Moskvada təhsilimi bitirdikdən sonra yenə də Daşkəndə qayıtmışam. Kinematoqrafiyada ilk addımlarımı Özbəkistanda atmışam. Ən çətin günlərimdə özbək dostlarım yanımda olublar, kömək ediblər, inanıblar. Yəni, Özbəkistan mənim üçün ikinci Vətən olub. Özbəklər də bir millət kimi çox əzablı yollar keçiblər və bolşeviklər üsyanı vaxtı daşnaklar tərəfindən dəhşətli soyqırımına məruz qalıblar. Bu haqda mənim özbək dostum tarixçi-publisist Şuxrat Barlas geniş araşdırmalar aparıb və kitab hazırlayıb”, - deyə rejissor söyləyib.

O bildirib ki, “Sonsuzluğa uzanmış gecə” filminin Daşkənd şəhərində təqdimatını keçirmək təklifini Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev verib. Rejissor filmin təqdimatının Özbəkistanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Nadir Maçanov vurğulayıb ki, filmin ssenarisini konkret aktyorları nəzərə alaraq yazıb və onları da dəvət edib: “Çünki mən şəxsən bu aktyorları tanıyıram, bir yerdə filmdə işləmişik, güvənirdim və gerçəkdən etimadımı doğrultdular”.

Rejissor deyib: “Aktyorlarımızı dünyada tanıtdırmaq lazımdır. Bu isə artıq prodüserlərin işidir. Azərbaycanda yaxşı kinolar çəkilməli və bu kinolar Beynəlxalq Kino Festivallarında iştirak etməlidir. Həm də xarici ölkələrlə birgə filmlər çəkilməlidir ki, bizi tanısınlar, biz tanıyaq. Bu praktikanı artıq Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bakı, mən səni sevirəm” filmində tətbiq etdik və öz bəhrəsini verdi. Bizim aktyorların xarici rejissorlarla, prodüserlərlə, operatorlarla birgə işləmək və təcrübə qazanmaq şansı oldu”.

Qeyd edək ki, film “Art house” ( müstəqil çəkilən, kommersiya üçün nəzərdə tutulmayan film) janrında çəkilib, klassik kino meyarlarından kənara çıxıb. Ekran əsərinin bir neçə festivala göndərilməsi planlaşdırılır, bu haqda da ətraflı məlumatlar veriləcək. /azertag.az/

# 1270 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #