Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında

Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
16 aprel 2021
# 17:29

Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

Bakı Media Mərkəzindən bildirilib ki, kinorejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. “A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.

2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. “Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.

Film haqqında qısa məlumat, treyler və fotolar artıq festivalın rəsmi saytında da yerləşdirilib. Link: https://iffr.com/nl/2021/films/the-last-one

Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

# 1759 dəfə oxunub

Müəllifin son yazıları

# # #