Filmimiz 77-ci Venesiya Film Festivalında nümayiş olundu

Filmimiz 77-ci Venesiya Film Festivalında nümayiş olundu
12 sentyabr 2020
# 11:17

Sentyabrın 11-də azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” fimi 77-ci Venesiya Film Festivalında nümayiş olunub.

Bu barədə APA festivalın rəsmi saytına istinadən məlumat verir.

Azərbaycanla Amerikanın birgə istehsalı olan, rejissor Hilal Baydarovun quruluş verdiyi “Səpələnmiş ölümlər arasında” filmi Venesiya film festivalının əsas müsabiqəsində “Qızıl Şir” mükafatı uğrunda yarışır.

Qeyd edək ki, Azərbaycan kino tarixində ilk dəfədir ki, filmimiz A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallara qatılıb. “Adsız yüksəkliklər” bədii filmi Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında, “Xurmalar yetişən vaxt” 25-ci Sarayevo Kino Festivalında, “Ad günü” filmləri Belçikanın “Bridges” film festivalında nümayiş olunub.

Rejissorun “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur.

Filmin yaradıcı heyəti: Ssenari: Rəşad Səfər, Hilal Baydarov, rejissor Hilal Baydarov, təqdim edənlər Elşən Abbasov, Hilal Baydarov, birgə istehsalçılar Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserlər Danny Glover, Susan Rockefeller, əlaqələndirici prodüser Sarah D’Hanens, görüntü rejissoru Elşən Abbasov, bəstəkar Kənan Rüstəmli, operator Orxan Həsənov.

Rollarda iştirak edirlər: Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova.

Bu il keçirilən 77-ci Venesiya kinofestivalı, koronavirus böhranından sonra ilk böyük beynəlxalq kino hadisəsi hesab olunur. Sentyabrın 2-də başlayan festivalın “Qızıl Şir” mükafatı sentyabrın 12-də öz sahibinə təqdim olunacaq.

# 2451 dəfə oxunub

Müəllifin son yazıları

# # #