Fars irqçiliyinin gizli kodu – Alov yazır...  

Fars irqçiliyinin gizli kodu – Alov yazır...  
15 dekabr 2020
# 12:17

Kulis.az Alov İnanna “Anahitin irqçiliyi” yazısını təqdim edir.

Bu gün İranın siyasi arenasında açıq tüğyan edən Turan xofu və nifrətinin min il qabaq yaşamış Firdovsi ilə başlandığını düşünənlər var. Əslində isə Firdovsi özü bu xof və nifrətin nəticəsidir, sonudur. Səbəb və ya başlanğıc bizi mifoloji dərinliklərə aparır.

İran xalqlarına aid edilən, demək olar ki, əksər mifoloji mətnlər, irandilli abidələr anti-Turançılıqla doludur. Turan xaqanları Alp Ər Tunga (İrandilli mətnlərdə Fraqrasyan və ya Əfrasiyab gedir), Ərcəsb (İrandilli mətnlərdə Arecat-asna gedir), Turandan olan cadugər qadınlar (əslində qam-şamanlar), divlər (əslində Turan döyüşçüləri) və b. şərə xidmət edən mənfi qüvvələr kimi təqdim edilirlər.

Hər yazıldığında orijinalından bir az da uzaqlaşdılılan Avesta mətnlərinə, xüsusilə parsilər tərəfindən çoxlu irqçilik elementləri daxil edilib: sən demə, xeyir-şər bölünməsi təkcə allahlar və əsas prinsiplər arasında deyil, həm də insanlar arasındadır: belə ki, arilər xeyri, qeyri-arilər isə şəri təmsil edirmiş. Avestanın “Yaştlar” kitabından (bölməsindən) buna aid kiçik bir misal göstərək. Yaştlarda Hörmüzdün yaratdığı, əslində isə ana tanrıların bir çox xüsusiyyətlərini özündə əks etdirən dişi bir güc var – Anahit Ardvisur. (Ermənilərin əsas tanrıçalarından olan Anahit də həmin bu Anahit Ardvisurdur.) O, təbiəti məhsuldar edən, heyvanlara bala verən, kişilərdə toxumu, qadınlarda doğumu yaradan ilahədir.

Müharibələr meydana gəldikdən sonra, az qala bütün dünya mifologoyasında bərəkət, doğum, sevgi ana-tanrıları eyni zamanda ölkəni qoruyan və öz xalqına qələbə verən müharibə tanrıları kimi çıxış edir. Yaştlar bölməsindən məlum olur ki, Anahit də belədir, ona həm də ölkələri zəbt etmək, şan-şöhrət, var-dövlət qazanmaq, bəzən də əcaib, bədheybət divlərə qalib gəlmək və yaxud güclü, yenilməz qəhrəman olmaq üçün yalvarılır və qurbanlar gətirilir.

File:Taq-e Bostan - High-relief of Anahita, Khosro II, Ahura Mazda.jpg

Əsərin həmin hissəsində Anahitə qurban gətirənlərin arzularından və Anahitin həmin arzuları yerinə yetirməsindən bəhs olunur. İstəklərin bəziləri Turan torpaqlarını fəth etməklə əlaqəlidir. Məsələn, bir Tus döyüşçüsünün diləklərindən biri belədir:

Turan torpaqlarının hərbi qüdrətini də,
Əlli dəfə - yüz zərbə,
Yüz dəfə də min zərbə,
On min dəfə yenidən,
Yüz min zərbə endirib,
Darmadağın edim mən.

(Çevirəni İsmayıl Vəliyev)

Anahit Tus döyüşçüsünə bu uğuru bəxş edib onun istəyini yerinə yetirir.

Aşavazda və Trita-Sanuyca oğulları Anahitdən Turan torpaqlarını zəbt etmək üçün kömək istəyirlər:

Bizə elə bir uğur nəsib elə, yetir ki, sən
Qələbəylə qayıdaq getdiyimiz döyüşdən.
Qoy bizə təslim olsun Turan Danavaları.

(Çevirəni İsmayıl Vəliyev)

Anahit onların da arzusunu gözündə qoymur.

Torpaq tutmaq arzusuyla Anahitə üz tutanların içində, əsərdə yazıldığı kimi təsvir etsək, “əsli turanlı olan, uçurum qırağından gələn bədəməlli (!) Fraqrasyan” da var. (Yaştlarda Fraqrasyan, Firdovsinin Şahnaməsində isə Əfrasiyab kimi adlandırılılan döyüşçü – əfsanəvi türk qəhrəmanı Alp Ər Tunqadır.) Burada Fraqrasyan “bədəməlli” deyə tanıdılan yeganə obrazdır, digərləri “xoş simalı”, “uca zirvələrdən gələn”, “qüvvətli, əzəmətli”, “mahir, usta” və s. epitetlərlə öyülür. Fraqrasyan Anahitdən ari yurdu Xvarno ölkəsinə sahib olmaq üçün qələbə verməsini istəyir. Anahit bütün arilərin arzularını yerinə yetirdiyi halda, turanlı Fraqrasyanın istəyini yerinə yetirmir.

Pəhləvicə Avestanın bir bölməsi olan “Bundaheşn”də yerin, göyün, heyvanların və insanların yaradıması belə əsaslandırılır: Xeyir olan nə varsa Ahura Məzda, şər olan nə varsa Əhrimən tərəfindən yaradılmışdır. Onlar daim döyüşdədir. İrqçi dayaqlar üzərində qurulan farsçılıq bu döyüşü siyasi müstəviyə bu şəkildə gətirir: Xeyir və Şər arasındakı döyüş həm də “Hörmüz tərəfindən yaradılan arilər” və “Əhrimən tərəfindən yaradılan qeyri-arilər”, (xüsusilə turanlılar) arasında gedir. Və bu döyüş “Xeyir”in tam qələbəsinədək getməlidir.

# 3558 dəfə oxunub

Müəllifin son yazıları

# # #