Ekranın oğurladığı qadın - Hekayə

Ekranın oğurladığı qadın - Hekayə
2 dekabr 2019
# 15:20

Kulis.az Ceyhun Musaoğlunun "Ekranın oğurladığı qadın" hekayəsini təqdim edir:

Hərəsi bir kresloda oturub - ər arvad. 9 ildir cəmi iki nəfərdirlər. Evlilik günlərinin sosial şəbəkələr tərəfindən təbliğ edildiyi dövrün adamlarıdır. Texniki inkişaf, ultra tərəqqi, əsas bir adı da vardır, əlbəttə, tapacağam... elə tapdım da: informasiya əsrinin uşaqları həyatın ciddiliyinə bürünüb, sazaqlı illərdən, həyatın ciddiliyini soyunub, bürküdən salamat da olmasalar, sağ çıxıb bu günə çatıblar.

Ev, avtomobil, iş təminatı onlara “maşallah” dedizdirə biləcək səviyyəyə qaldırıb. Ərin atası ölüb, arvadın ancaq anası yaşayır. Bacıları, qardaşları yoxdur. İctimai düşüncələri televiziya verilişlərini qınayacaq mərhələdən nə yuxarı qalxır, nə aşağı düşür. Belə adamların mütaliə mədəniyyəti də olsun gərək. Dəqiq saymışam: birində 52 kitab olmaqla 4 rəf yataq otağının görünüşünə rəng qata bilir. Əlavə 3 kitab da gah çarpayıda, gah stolda, gah da kitablar daha çox harada ola bilərsə, elə oralarda xeyli müddətdir tez-tez gözümə dəyir. Gedib-gəldiyim evdir.

Faciədən əvvəl onlara “hələlik” deyib, özüm getsəm də, bəsirət gözümü yerə atıb, ardınca ehmalca divanın arxasına itələdim. Hiss etmədilər. Evə qayıdıb, üzü divara oturdum. Kofe heç, o, həmişə dilimin altındadır, üstünə də çıxır. “Əlimin altındadır” yazmıram. Təkrardan zəhləm gedir. Sonda dilin altına və üstünə yayılaraq mədəmizə axan içki, təbii ki, əlin içindən yol alıb. Çalışıram, bildiyinizi yazmayım. Çalışıram, sözü ələk-vələk eləyib, didilmiş yuna döndərməyim. Əslində yun didilməlidir, bu mənada ələk-vələk edilmiş söz daha çox ədəbiyyatdır, təsviri ədəbiyyatın tacıdır.

Dostoyevski olmaq mümkün deyil, Sabir Əhmədlinin geni ilə bağlılığımdan söz açmağım gülməli görünər. İncə məqam isə var: 20 səhifəlik çıxarılan günəş, ən azı 30 səhifəlik həcmində batırılmalıdır. Belədə oxucunun başı günəşə qarışır, küləkdən, yağışdan, tufandan xəbərsiz olur. Yaxşısı, günəşi iki sözlə çıxarmaq, iki sözlə batırmaqdır ki, qalan həyat hadisələrindən danışa biləsən.

Evə girərək oturub divara baxmağıma qədər olan hadisəni törədən yeganə səbəb var. Səbəb həmişə yeganə olur. Darvazadan başlayaraq divana qədərki məsafə boyunca bütün hərəkətlərimin, hislərimin hekayənin məğzini açacaq səbəbə uzaqdan və yaxından təsir edə biləcək ehtimalı sıfıra bərabərdir.

Evə girərək oturub divara baxıram. Aha, bəsirət gözüm göstərir. Hələ ki, arxadan baxırıq: iki qoşa baş, qarşıda ekran, ekrandakı qızla oğlan meşədə ora-bura qaçırlar. O təzə-təzə sevgili olanda ağacları qucaqlaya-qucaqlaya qaçdı-tutdu oyunu olur ha, ekrandakıların hərəkəti ona bənzəyir. Tamaşaçı ər-arvad artıq dəqiqləşdiriblər: cütlük xoşbəxtliyin dadını çıxarır. Onlar da 9 il öncə belə edərdilər. Tamaşaçı arvad soruşur:

- Yadındadır?

- Təxminən, – tamaşaçı ərin soyuq cavabı.

- Təxminən? – arvadın təəccübü.

- Axı üstündən illər keçib, – ərin özünü müdafiəsi.

- Sevgi illərə təslim ola bilməz, – qadının incik reaksiyası və ardından sərt tonda arzusu, – mən yenə hər şeyin əvvəlki kimi olmasını istəyirəm. Qapımızda saatlarla gözləyəsən, ağacların arasında qaçışaq, sevişəndə kabinetini, işçilərini, böyük müdirin sənə verdiyi tapşırıqları düşünməyəsən...

- Ay qız bunlar mümkün deyil, – ərdən bir qədər sərt müdaxilə, – biz artıq sevgili yox, ər-avadıq.

Ekranda sevgililər öpüşür. Oğlan qıza elə sarınıb ki, sanki bir nəfərdir. Hə, Əli və Ninonun Batumidəki heykəli kimi – qızla oğlan bir-birinə girərək, vahidə çevrilirlər.

Tamaşaçı ər-arvad sükuta qərq olub. “Biz artıq sevgili yox, ər-arvadıq” şilləyə çevrilib xanımın üzünü qızardıb. Gözünü ekrandakı oğlandan çəkmir. Artıq kameraları qarşı tərəfdən quraşdırmışıq. Xanım ağzını tərpədir. Nə dediyini eşitmirik. Kişi televizorun səsini artırır. Ekrandakı oğlan ani olaraq sevgilisindən aralanaraq soruşur:

- Eşidirsən?

- Hə, – qız təsdiqləyir.

- O, məndən imdad diləyir, – oğlan qızdan razılıq almaq istəyir.

- Razıyam, – qız başı ilə təsdiqləyir.

Eyni aqibəti o da yaşayıb. Özündən 20 yaş böyük kişiyə ərə gedibmiş. Cəmi bir ay dözə bilib. Sonra üzünü efirə tutaraq yalvarıb. Həmin oğlan başqa qızla meşədə oynayırmış. Həmin qızın əri narkoman çıxıbmış. Hekayədə ekrandakı oğlanı xilaskar kimi təqdim edirik. Etirazınız qəbul olunmur. Oğraş deyil o. Başqasının arvadına göz dikməyib. Başqası gül kimi qızı bədbəxt edəndə bilməli idi ki, yanında olsa belə, hansısa mələk onun qadınını oğurlayacaq. Oğurlatdıracaq.

Ekrandakı qız sevgilisinə “hə” deyir. Elə o andaca tamaşaçı qız ərinin yanından yoxa çıxır. Ərin düz 8 dəqiqə hadisədən xəbəri olmur. Arvadını ekranda görəndə keçirdiyi hisləri yazım görüm, alınacaq.

Əvvəl soluna baxır, sonra ekrana doğru cumur. Oğlanı yumruqla vurmaq istəyəndə televizor arxaya aşır. Onu qaldırır. Arvadı oğlanın əlindən tutub meşədə gəzişir. Birinci qız yoxdur. Tamaşaçı ər dizlərini yerə qoyub, arvadına yalvarır:

- Qurban olum qayıt, məni biabır eləmə. İndi mən qonşuların üzünə necə baxacam. Deməyəcəklər, arvadı evdən qaçdı?.. Biabır olacam. Bizim müdir belə şeylərə nifrət edir. Həmişə deyir ki, arvadın həyatında olan bütün neqativ hadisələrdə əri günahkardır. Məni işdən çıxaracaq. Vəzifəmi böyütməli idilər... Sən neylədin?

Arvadı bir anlıq ayaq saxlayır. Dilindən cəmi bir cümlə çıxır:

- Sən özünü düşünürmüşsən. Bu da sübut. Bir kəlmə demədin ki, “səni sevirəm”.

Film bitir. Ekranda titrlər yazılır. Ər televizoru söndürür. Sonra yenə yandırır. Efirləri dəfələrlə dəyişir. Yoxdur. Yoxdur... Pultu yerə çırpıb, zarıya-zarıya qapıya qaçır.

Polis şöbəsi. Ər izahat verir. Polis leytenantı onu sakitləşdirməyə çalışır:

- Sizin beyniniz yorulub, bir az müalicə almaq lazımdır. Dediklərinizin həqiqətlə bir qram da olsun əlaqəsi yoxdur.

Ər daha da hirslənir:

- Siz nə danışırsınız?.. “Myvideo”ya baxın. Baxın. Baxın. Saat 19:17-də arvadım yoxa çıxdı. Qəfildən onu ekranda gördüm: oğlanla meşədə gülə-gülə gəzişirdi.

“Myvideo”ya baxış keçirilir. 19:17 dəqiqə. Şikayətçinin arvadı oğlanın yanındadır. Ayaqları yerdən üzülüb. Oğlan onu quş kimi uçurdur. Qız xoşbəxtcəsinə gülür.

Tamaşaçı ər bu səhnəni görməyib. Hadisələr o, hikkəsindən televizoru söndürəndən sonra yaşananlardır. Olur axı, titrlər yazılıb bitəndən sonra rejissor final səhnəni canlandırır. Polis kapitanı çığırmasın deyə ağzını əlləri ilə bərk-bərk tutur. Bu barədə rəisə izahat verilir. Rəis mütaliəli adamdır, elə indi də vaxt tapanda oxuyur. O, sanki belə bir hadisənin baş verəcəyini gözləyirmiş, əllərini yanına salıb qışqırır:

- Televiziyaya rəsmi məktub göndərilsin, filmin arxivlərdən yığışdırılması təmin olunsun. O aktyor tapılsın və qız onun əlindən alınsın. Peysər ərə də dərman verin, arvadı tapılana qədər yuxulasın. Hadisədən heç kim xəbər tutmamalıdır. Mən kitab oxuyan adamam. Cınqırınızı belə çıxarmayın: Bulqakov dirilib.

Polis serjantı “Bulqakov”dan sonra gözlərini döyməyə başlayır. Rəis hirslənir:

- Nə mal kimi gözlərini döyürsən? “Master və Marqarita”.

Polis serjantı yenə heç nə anlamadı. Ərə su verdilər, 5 dəqiqədən sonra uydu. Televiziyaya məktub göndərildi. Aktyor tapılıb polis şöbəsinə gətizdirildi. O da filmə baxanda mənzərəni görüb dəhşətə gəldi. And içdi. Dedi ki, bununla 3-cü dəfədir, filmə baxanda tərəfdaşı qəfildən başqası ilə əvəzlənir. Təkrar baxmağa qorxurmuş, elə bilib havalanıb. Hətta aktyorluqdan imtina edib, bu şəhərdən qaçmağı düşünürmüş.
Aktyorun dilindən susmaq barədə izahat alırlar.

Ər polis şöbəsində yatıb. Cüvəllağı polislərdən ikisi onun cibindən açar götürüb, evinə yollanırlar. Qapı ehtiyatla açılır. Ayaqlarını dəhlizə qoyan kimi hıçqırıq səsi eşidirlər. Səs tualetdən gəlir. Mətbəxə baxan pəncərəyə dırmaşıb, içəridə bir qadının çömbəldiyini görürlər. Pəncərəyə dırmaşan polis qadının üzünü də görə bilir. Yataq otağına girib, güzgünün qarşısındakı şəklə baxırlar – həmin qadın və həmin kişidir.

Evdən həyəcanla çıxıb, düz rəisin yanına gəlirlər. Hadisəni danışırlar. Kabinetə bir anlıq sükut çökür. Nəhayət, rəis dillənir:

- O peysəri aparıb evlərinə tullayın. Çatanda arxadan itəliyib dəhlizə atın.

Kişi dəhlizdəcə tualetin qapısının qabağında uzanıb. Arvad tualetdən çıxmaq istəyir, qapı tam açılmır.

# 3319 dəfə oxunub

Müəllifin son yazıları

# # #