Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”

Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
29 oktyabr 2020
# 11:01

Son iki il ərzində o quşlar dəfələrlə pəncərəmizə qondu... Çox adam şəklini paylaşdı, hərə bir şey yazdı... “Bu hansı quşdur?”, “İlk dəfədir görürəm”... Görəsən, son 1300 ildə gözə dəyməyən quşlar bizə nə demək istəyirdi?

Müharibə heç vaxt arzulanan hadisə deyil, sonu nə olur-olsun...

Savaş özüylə bərabər daim peşmanlıqlar daşıyır, çünki müharibədə adamlar ölür.

Etiraf edək ki, Azərbaycanın dağıdıcı pilotsuz uçan aparatlara üstünlük verdiyi bu savaş, klassik müharibələrdən, belə demək olarsa, çox mədəni idi. Bu müharibədə ən çox məhv olunan subyekt düşmənin hərbi texnikası oldu. Bizim hərbçilərimiz üçün də ən çox təhlükə saçan həmin texnikalar idi.

PUA-lar, nə qədər qəribə səslənsə də, savaş səmalarında uçan sülh quşlarıdır, onlar daha çox hərbi texnikanı məhv edir, bizim qələbəmizə xidmət etməklə yanaşı həm də insan tələfatının qarşısını alaraq düşmənin məğlubiyyətini rəsmiləşdirir.

Nə qədər dağıdıcı silah olsa da, bu aparatlar həm də xilaskarlardır, insanların xilas edir. Uçan aparatlar müharibənin qənimidir, onun ömrünü qısaldır, odun, alovun içindən keçərək “dimdiyində” gətirdiyi “daş”ı tankın, topun üstünə atır, onları sıradan çıxarır, od saçan qanlı texnikaları məhv edir.

Ordumuzun sərəncamında olan PUA-lardan biri – Türkiyə istehsalı olan “Bayraktar TB -2”-nin təsisçisi Səlcuq Bayraktarın bir fikri hər şeyi aydınlaşdırır. O, öz komandasına “Ebabil takımı” deyir.

“Əbabil quşları” ilə bağlı Qurani-Kərimin “Fil” surəsində qeyd olunanlardan çoxumuz bilgiliyik. Surədə maraqlı görünən məqamlardan biri də odur ki, Yəmən hökmdarı Əbrəhənin güclü döyüş filləri ilə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücumu zamanı onun qəniminə çevrilən quş dəstəsinin iki caynağında və dimdiyində daş var idi. “Bayraktar”ın da eynən bu simmetriyada mərmiləri var.

Digər maraqlı məqam odur ki, “Əbabil” sözü ərəbcə dəstə mənasına gəlir. “Tayran əbabil” ifadəsindəki “tayr” sözü isə dilimizdəki “təyyarə” sözünün köküdür.

Bu gün Ermənistan ordusu hər nə qədər Əbrəhənin döyüş fillərindən ibarət ordusu olmasa da, indiyə qədər Ermənistanın yanında duran, hətta müharibə başlayandan sonra da onların müdafiəsinə qalxan ölkələri düşündükdə, insanın gözünün qabağında o dövrün döyüş filləri kimi bir qüvvə yaranır.

Bu haqq savaşında bizim üçün müqəddəs torpaqların azad olunmasında yanımızda olan “Əbabil quş”larına təşəkkür edirik.

Tanrı istənilən dövrdə haqq yolunda savaşanların səmasını aydın edir, düşmənin başına daş salmağa mütləq bir vasitə yollayır.

Almaz

# 3899 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #