Amerikalı aktyor Maykl Duqlas və avstriyalı aktyor, rejissor və ssenarist Kristof Vals “Paramount Pictures” kinostudiyasının hazırladığı televiziya serialında ABŞ prezidenti Ronald Reyqan və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun obrazını canlandıracaqlar.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, serial “Reyqan Reykyavikdə: Soyuq müharibəyə son qoyan 48 saat” kitabı əsasında ekranlaşdırılır.
Bildirilib ki, kitabın müəllifi ABŞ-ın Silahlara Nəzarət və Silahsızlaşdırma Agentliyinin keçmiş direktoru Kennet Edelmandır. Bu agentlik 1961-1999-cu illərdə fəaliyyət göstərib və Edelman ona Reyqanın prezidentliyi dövründə (1983-1987) illərdə rəhbərlik edib.
Serialın rejissoruluğu Ceyms Fouliyə həvalə olunub. Filmin icraçı prodüserləri Ceyms Fouli və Yutçi fon Lintel olacaq.