Dul qızının bir dostu var mənimtək - Dənizçi şairin şeirləri

Dul qızının bir dostu var mənimtək - Dənizçi şairin şeirləri
9 dekabr 2020
# 16:27

Kulis.az Faiq Balabəylinin şeirlərini təqdim edir

Başımda yenə də küt bir ağrı var
Sabaha bu ağrı dayana çətin
Şərab şüşələri çoxdan boşalıb
Sərxoş dənizçilər yatırlar yəqin.

Üz gözü tük basmış qoca bosman da
ötən günlərinin xoş anlarından
gör necə gop basır gənc dənizçiyə?
Yazıq da mat qalıb, heç bilmir necə
həm yalana dözsün, həm də bosmanın
burnundan, ağzından çıxan tüstüyə.

İndi lövbərin də zənciri dözmür,
şimaldan durmadan əsən küləyə.
Şitliyi tutubdur talış Dövlətin -
Bir qutu “Radopi” nəzir eləyib
Səhərə əsməyi kəsən küləyə.

Başımın ağrısın tutub ovcuma
Sıxıram, nədisə dayana bilmir
Sərxoş dənizçilər yatıblar, yəqin
Ha çağır, ha qışqır oyana bilmir


Balıqçı Mişa

Bu dəfə də qarmağın boş qayıtdı
bu dəfə də balıq səndən yan üzdü.
boş şüşənin çoxluğundan bilirəm
sən bura lap tez gəlmisən, - dan üzü.

Bax beləcə günü yola verirsən
balıq tutmaq bəhanədir səninçün.
Gah qarmaqda soxulcanı söyürsən,
gah da elə goplalayırsan mənimçün.

Sifətinə qonan bu göy milçəklər
şirəsinə toplaşırlar çaxırın
əvvəlindən xəbərimiz olmayıb
qoca Mişa, çox pis gəlir axırın.

Qarmağına keçirtdiyin soxulcan
sənə balıq gətirməz ki, haçandan
tüpürürsən, bezib axır çıxacaq
iyrənərək qarmağının ucundan.

Qoca Mişa, sənin bəxtin belədir,
uğursuzlar burda çoxdur sənintək
sənin bəxtin təkcə onda gətirib
dul qızının bir dostu var mənimtək.

Volqaqrad, Krasno Armeyski rayon,
Tatyanovka kəndi
1987

***

İndi yəqin kəndimizdə toyların
Şıdırığı gedən vaxtı çatıbdı.
Toyxanın bir küncündə tum satan
Alma nənə yenə də bir gözünü
açıq qoyub, o biriylə yatıbdı.

Burda isə yağan yağış bizləri
hind filminin qəhrəmanı eləyir.
Volqa boyu meşələrin üstünə
hücum çəkən soyuq payız küləyi
Göy buludun göz yaşını çiləyir.

Bizim gəmi dayandığı körpüyə
Sığal çəkir ləpələrin tumarı
Kayutada uzanmışam kefi kök
Görüşüm var, həm də axşam “dəf kimi”
əlim verib, mən udmuşam qumarı.

Hələ sabah icazəmiz var bizim
gedəcəyik Mamay adlı kurqana.
Diqqətini çəkmək üçün qızların,
Səs küyümüz, - şittiyimiz tutacaq-
O təpədən yayılacaq hər yana.

İndi isə uzanmışam üzüstə,
bu şeiri dəftərimə yazıram.
Kəndimizə uçub gedib xəyalım
elə fürsət axtarıram, özüm də
kəndimizə qayıtmağa hazıram...

Mənim bu gündən sonra

Mənim bu gündən sonra
uçan quşlara,
yağan yağışlara
axan çaya,
gecənin bağrına
işiq tutan aya
şeir yazmağa halım olmaz.

Gecədən sübhə kimi
yerinə qor dolan
ürəyi dərdin çoxluğundan
bişən, qovrulan
övlad itkisinə
dözə-dözə dözməyən
xəyalı dağı arana, aranı dağa aparan
ayağı kilidlənib gəzməyən
anaya şeir yaza bilmirəm,-
adam bu qədər zalım olmaz.

Başında saçından olan
ağzında dişindən olan
qolunda gücündən
hər yerdə işindən olan
Səsə dönməyən
göydən enməyən
Çiy adam
bu qədər naqis və ayağı yalın olmaz...

Hər şeyin sonu gəldi

Hər şeyin sonu gəldi, bitdi, qurtadı hər şey
qırıldı son ümüdlər, söndü sonuncu şam da
Gövdəsini qəzəblə dalğalar döyən gəmi
lövbərindən inadla gör necə yapışıb da...

Sonuncu baxışların arxaya boylanması;
Ayaq səsləri bilmək uzaqdan gələn səsi
Hər nədirsə, bax, budur, daha gözləmək olmur
Qulağına dəyirsə yetimin ah-naləsi...

Səssiz uçub gedəcək ruh bədəndən quş kimi
nə bir qanad səsi var, nə də ki yel əsir, bax
halsızlıqdan bezənlər tənhadır bayquş kimi
nə bəndə göz yetirir, nə əl uzadır Allah.

Buluddan yağış deyil, dərddir yağan deyəsən
bir ovuc kədər götür çilə göyün üzünə.
Hər tərəf ram edilsin, hər yan düşsün ovsuna
heç olmasa bir dəfə Tanrı dəysin gözünə.

Hər şey qaldı arxada, hər şeyin sonu gəldi
gözlərimin işığı öləzidi şam kimi
Ağ yelkəni küləklə dolan bir gəmi gəldi
biz səhəri gözlədik dünənki axşam kimi...

Oğlum Turala

Oturma,
əllərini dizinin üstünə qoyub
dincəlmə,
hələ ömrün sonuna çox var.

Boylan, boyunun çatdığı,
gözünün tutduğu yerlərə
baxışların bağlamasın qabar.

Üz tut, üzünü sənə tutub
üzlülük edənlərə...
hər sözü söz edənlərə
boyun büküb, göz gizləyib
söz gəzdirənlərə
arada çımxır, arada qabar,
sən öz yerini tanı,
onlara yerini göstər
bax gör necədir belə yaşamaq,
necədir haqqı dananlarla dalaşmaq...
Dalaş oğlum, dalaş...


Gəl gedək
Ay bağrıma sıxmadığım
Təkim, göyçəyim, gəl gedək
gözlərini nə gizlədib
Telin, birçəyin, gəl gedək
qar yağmadı bu qış yenə
yağır qarğış- yağış yenə
özün dedin yığış yenə
gəldim, çiçəyim, gəl gedək

Mən bir dəfə

Mən bir dəfə - uşaq idim o zaman -,
nə oldusa birdən birə sıxıldım
İstədim ki qaçım gedim dünyadan,
kəndimizdən Koçokaya çatınca
beş-on dəfə üzü üstə yıxıldım...
Bax, indi də göyüm göyüm göynəyir
yaddan çıxmır dizlərimin göynəyi.
Əllərimə çınqılların batması
incitmirdi, pis olmuşdum, cırılmışdı
qardaşımın əynimdəki köynəyi...
Durub yenə qaçırdım ki, qaçırdım
elə bilki məni atlı qovurdu...
Yaşmaq vuran, burnu kəsik arvadın
həyətində dəstək qızlar, oğullar
noxudları toxmaqlayıb, “döyürdü”...
Bic uşaqlar çəpərləri dırmaşıb
Qonşu evin qoparırdı əncirin.
Mənsə mış tək susuzluqdan yanırdım,-
arxadaydı kəndin qarağacları
bəs mən harda kölgələnim,
dincəlim?
Həm də bir az yorulmuşdum, deyəsən
Azalmışdı ayağımın sürəti
Evlərinin arxasından keçəndə
Saxlamışdı Əli, Şamil yolumu-
Oğlanları poçtaiyon Qüdrətin.
Ta o vaxtdan səngiməyib, dünyadan
baş götürüb qaçıb getmək istəyim.
Bitməyibdi ürəyimdə sıxıntı,
həm də böyük qardaşımın yenə də
köynəyini geyib getmək istəyim.

# 3818 dəfə oxunub

Müəllifin son yazıları

# # #