Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında

Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
18 sentyabr 2020
# 15:10

Hər cümə günə saat 15-də yayımlanan “Səriyyə Xala” layihəsində siz öz dərdlərinizi, problemlərinizi, ən intim duyğularınızı, yaşantılarınızı sual şəklində Səriyyə xalaya yollayaraq, hər həftə ondan cavab və məsləhətlər alacaqsınız.

Suallarınızı öz adınız və ya seçdiyiniz gizli adla [email protected] ünvanına və Kulis.az -ın fb səhifəsinin mesajlar qutusuna göndərə bilərsiniz.

Beləliklə növbəti suallar və növbəti cavablar...

Vüqar

Səriyyə xala, salam. 15 yaşımda imkansızlığa görə bir dostumun qızıl saatını oğurlamışam. Düzdür, sonra ona həmin saatdan alıb qaytardım. Həmin vaxt çox pis vəziyyətdə olduğumu dedim. Sağ olsun, haqqını halal elədi. Amma mən özümə yer tapa bilmirəm, özümü çox pis hiss edirəm. Vicdan əzabı çəkirəm. Deyin mənə, nə edim axı mən?

Əziz oğlum Vüqar, xəta etmək insana məxsusdur. Ən gözəl olan odur ki, sən səhvini başa düşmüsən və dostun da səni bağışlayıb. Böyük ehtimalla, bu, səndə travma kimi qalıb. Düzdür, oğurluq heç yaxşı bir şey deyil, amma sən bunu məcbur olduğun üçün etmisən, sonra da oğurladığın əşyanı qaytarıb, günahını etiraf edib, dostunun səni bağışlamasını istəmisən. Ona görə vicdanın rahat olsun, sən oğru deyilsən. Amma yenə də özünü çox narahat hiss edirsənsə, tez-tez zəkat ver, inan mənə, bu səni vicdani olaraq rahatlaşdıracaq. Alınmasa, Neyro linqvistik Proqramlaşdırmaya (NLP) müraciət etməni məsləhət bilirəm, çünki həmin hadisəni beynindən silməyə ehtiyacın var. Hər şeyin sənin üçün gözəl olacağına əminəm.

Anonim xanım

Səriyyə xala, açığı bu məktubu yazanda belə özümü günahkar hiss edirəm. Biz yoldaşımla 10 ildir ki, evliyik, iki də uşağımız var. Hər zaman münasibətlərimiz həm ümumi, həm də seks həyatında əla olub. Həmişə, siz də məni bağışlayın, maraqlı fantaziyalar tətbiq etmişik. Bir dəfə yoldaşım mənə qrup seks etməyi təklif etdi. Mən bir az tərəddüd etsəm də qəbul elədim. Sosial şəbəkədən bir oğlan tapdıq və onunla məsələni danışdıq. Nəticədə biz qrup sekslə məşğul olduq. Həmin an hər şey çox gözəl idi. Amma ondan sonra yoldaşım mənə qarşı tamam dəyişdi, münasibətlərimiz soyumağa başladı. Artıq mənimlə eyni süfrəyə belə oturmur. Çox pisəm, hər gün ağlayıram. Məni qınamayın, mənə kömək edin, xahiş edirəm.

Əziz Anonim xanım, düşünürəm ki, yoldaşınız maraqlı fantaziyalar düşünsə də, onları tətbiq etsə də, daxilən psixoloji olaraq belə şeylərə hazır deyilmiş. Çünki bu tip fantaziyalar doğulub böyüdüyümüz mühitə yaddır. Ona görə də böyük ehtimalla yoldaşınız həvəslənib edib, ondan sonra isə peşmançılıq çəkir. Mənim tövsiyəm, onu bu günlərdə çox sıxma. Hətta mümkün olarsa, bir həftəlik qohumlarıngilə get və qoy yoldaşın öz beynində yaşanan hadisəni tam analiz etsin və bir qərar versin. Əgər bu yolla da həll olmasa, bir yerdə psixoloq terapiyasına getməyinizi məsləhət görürəm.

Dərdli qadın

Sualım bəlkə də sizə qəribə gələcək, yoldaşım arağı və siqareti tərgitməyi söz verib. 1 ay ikisini də atır, 1 ay sonra yenə başlayır, 10-15 gün sonra yenə atır. Bu problem düz 6 aydır ki, davam edir. Əgər bu adam tərgidə bilmirsə 1 ay necə dözə bilir, tərgidə bilirsə niyə yenə başlayır? Özündən soruşuram, deyir, bir gün təmiz atacam ikisini də. Əslində, ciddi sağlamlıq poblemi var, onlar da zərərlidir. Sizcə, bu hərəkət iradəsizlikdən irəli gəlir?

Dərdli qadın, əvvəla onu bil ki, heç bir qadın həyatını dərdlə keçirməyə məhkum deyil. Əsas odur ki, özünə dəyər ver, özünü daim kiçik şeylərlə də olsa xoşbəxt etməyə çalış. Ərinə gəldikdə, əgər hər gün sadəcə axşam rahatlamaq üçün bir qədəh içki içirsə, bu, onun sağlamlığına elə də ziyan etməz. Amma yox, hədsiz dərəcədə içirsə, gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirsə, o zaman təəssüf ki, ərin alkoqol asılısıdr və dediyin kimi, belə adamlar bəzən 1 ay içməyib, sonra yenidən içməyə dönə bilirlər. Əgər vəziyyət belədirsə, ərinizi mütləq müalicəyə aparmağı məsləhət görürəm.

Validə

Səriyyə xala, salam. Oğlumun 6 yaşı var. Çox aqressivdir, oynadığı uşaqlarla dalaşır, küçədə heyvanları qovur. Nə qədər başa salıram, xeyri yoxdur, atası da deyir, uşaqdır, böyüdükcə düzələcək. Sizcə elə olacaq?

Salam, Əziz Validə. Övladının bu qədər aqressiv olmasına səbəb onun yaşadığı mühit də ola bilər. Bəlkə də siz evdə çox mübahisə edirsiniz və uşaq buna şahid olur, nəticə etibarı ilə hər problemi şiddətlə həll edə biləcəyini zənn edir. Uşaqlar adətən digər uşaqlarla daim müqayisə edildikdə də aqressivləşə bilirlər. Hər halda, ona nəyisə təlqin etməkdənsə, oturub onunla yaşıdı kimi söhbətlər edin, böyük ehtimalla bu, nəticə verəcək. Əgər yenə də bir irəliləyiş olmazsa, uşaq psixoloquna müraciət edin.

Həmidə

Səriyyə xala, biz yoldaşımla 8 ildir evliyik. Əslində, sevərək evlənmişik, hər şey də bir il əvvələ kimi normal idi, amma indi ona qarşı heç nə hiss etmirəm. Hətta iyrənirəm. Amma xahiş edirəm, yanlış da anlamayın, ona əsla xəyanət etmərəm, həyatımda da heç kim yoxdur. Sadəcə, onunla sevişmək istəmirəm.

Əziz Həmidə, insanın həyatında müəyyən gərginliklər olur ki, bəzən o seks həyatına da sirayət edir və seksdən uzaqlaşır. Ola bilsin ki, sən də gərginlik içindəsən və ya eynilikdən bezmisən. Əgər ərini sevirsənsə, seks həyatınızı rəngləndirməyə çalış. Ona maraqlı sürprizlər et, birgə fantaziyalar fikirləşin, inanıram ki, bundan sonra seksə olan marağın yenidən qayıdacaq. Amma mütləq yoldaşınla bu haqda söhbət et, ona vəziyyəti izah et, bəlkə də onun özündə edəcəyi kiçik bir dəyişiklik həyatınıza yenidən rəng qatacaq.

# 4777 dəfə oxunub

Müəllifin son yazıları

# # #