Dayısı atasını qətlə yetirən Xalq yazıçısı - Maraqlı faktlar

Dayısı atasını qətlə yetirən Xalq yazıçısı - Maraqlı faktlar
1 aprel 2021
# 22:03

Bu gün böyük Azərbaycan yazıçısı İsa Hüseynovun anım günüdür. Kulis.az bu münasibətlə İsa müəllim haqqında maraqlı fakt və əhvalatları təqdim edir.

1968-ci ildə bir neçə tanınmış yazıçı Türkiyəyə göndərilir. Dəvətlilər arasında İsa Hüseynov da vardı. O, yoldaşını da özüylə aparır. Onda İsa Hüseynovun 40, yoldaşı Füruzənin 38 yaşı vardı. Övladları olmurdu. İsa Hüseynov oteldə bir yuxu görür: qarabuğdayı kök bir qız uşağı otağın küncündən iməkləyə-iməkləyə gəlib, başını onun sinəsinə qoyub yatır. Yoldaşını yuxudan qaldırır ki, Fira, qalx, qalx, qızın olacaq! Təbii, qadın inanmır.

Qəribədir ki, yoldaşı bir neçə ay hamilə olduğunu bilməyib. Hətta elə bilirmiş xərçəngi var. Bakıda həkimə yoxladanda həqiqətən 4 aylıq hamilə olduğunu öyrənib. Böyük bir sevinc yaşayıb. İsa Hüseynov əvvəl qızın adını Möcüzə qoymaq istəsə də, sonra fikrindən daşınıb və ona Sevinc adını yaraşdırıb.

***

Müsahibələrinin birində İsa peyğəmbərin yaşında ölmək istədiyini demişdi... Deyirdi ki, gündə üç dəfə İsa peyğəmbərlə söhbət edirəm.

***

Bir dəfə kinostudiyada işləyəndə zibil qutusunda bir siçovul görür. Yekə siçovul... Siçovul çapalaya-çapalaya qalıbmış, zibil qabından çıxa bilmirmiş. İsa Hüseynov bir çubuq tapıb onu zibil qabından çıxardır. Sonra isə deyir:

- Ay Allahın heyvanı, səni xilas elədim, indi dinməz-söyləməz çıx get.

Siçovul getmir, gözünü zilləyir yazıçıya. Ardını İsa Hüseynov danışır: “Hamının iyrəndiyi, hamının nifrətlə baxdığı, görəndə başını əzmək istədiyi siçovulun gözlərində özümə qarşı qəribə bir məhəbbət duydum. Elə bil mənə təşəkkür edir, nəsə demək istəyirdi...”

Image result for isa hüseynov

İsa Hüseynovun söhbətlərindən:

“Heç kim inanmaz, mən dörd dəfə dalbadal infarkt oldum; beləcə, qəşəng kanal açılırdı, deyirdim, məni aparırsınız? Bir dəfə lap kobud cavab verdilər. Dedilər ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör.”

***

İlk povesti “Bizim qızlar”a görə Mircəfər Bağırov onu möhkəm tənqid edib. Sonra hər şey yat-yüt olub. İsa Hüseynov üstündən xeyli vaxt keçəndən sonra bu povestdən imtina edib. Ümumiyyətlə, “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Yanar ürək” və s. əsərlərindən imtina etdiyini açıqlamışdı.

***

İsa Hüseynov bir dəfə Əkrəm Əylisliyə hirslənib:

- Əkrəm, “povestuşka”larını da götür rədd ol burdan!

Sonradan bu hadisənin səbəbini izah edən Əkrəm Əylisli İsa Hüseynovun onu qısqandığını söyləmişdi.

Image result for isa hüseynov

O, Azərbaycan Yazıçılar Birliyinin qurultayında da yerindən qalxaraq əsəbi halda Əkrəm Əylislinin Ağsaqqallar şurasından kənar edilməsini tələb etmişdi.

***

“Arx” adlı balaca hekayəsini “Azərbaycan gəncləri” qəzetinə göndərsə də çap etməyiblər. Redaktor səbəbi belə açıqlayıb: “Əsər yaxşıdır, amma qəhrəmanı öldürübsən və bu bizim ədəbiyyatda sevilən hal deyil”.

İsa Hüseynov hekayənin sonluğunu dəyişdirir və qəzetdə çap olunur. Sonradan bu hekayəni iki dəfə də dəyişmək məcburiyyətində qalır.

***

Adətən roman əsasında film çəkilir, buna görə ssenari yazılır. İsa Hüseynovda əksinə olub. Bəziləri “Nəsimi” filminin “Məhşər” romanı əsasında çəkildiyini düşünür. Halbuki yazıçı əvvəlcə dövlət sifarişi ilə “Nəsimi” filminin ssenarsini yazıb, sonra isə “Məhşər” romanını ərsəyə gətirib.

***

Müsahibələrindən birində deyib ki, ilk dəfə 1985-ci ildə ün (səs) eşidib. Onda “Yanar ürək” əsərinin üzərində yeddinci dəfə işləyirmiş. Dünyada İusus adı ilə tanınan Ey Sar onunla danışmağa başlayıb. Yazıçını danlayıb ki, bir romanı nə qədər yazmaq olar, əl çək bu romandan, mən sənə müasir bir roman mövzusu verəcəm, onu yazarsan. Bundan sonra İsa Hüseynov “İdeal” romanını yazmağa başlayıb.

***

Özünün dediyinə görə, “İdeal” romanını ömrünün sonuna qədər redaktə edib. Əsəri ən mükəmməl vəziyyətə gətirənə qədər işləyəcəyini deyib. Çoxu isə bu redaktələrlə əsərin təbii ruhuna xələlə gətirdiyini düşünür.

***

Sovet vaxtı Nəriman Nərimanovun Lenindən böyük adam olduğunu söyləyib və təzyiqlərlə üzləşib.

Image result for isa hüseynov

Tibb İnstitutundan imtina edib. Dediyinə görə, dayısının təkidi ilə sənədlərini bura veribmiş. Dərslərin birində cərrahiyə əməliyyatında iştirak edib. Professor cəsədin ayıb yerini kəsməsini istəyib ondan. Yazıçı buna çox qəzəblənib və qayçını professorun üstünə atıb birdəfəlik Tibb İnstitutundan gedib. Xəbəri eşidən dayısı qəzəblənib ona bir şillə vurub. İsa Hüseynov deyir, bundan sonra dayısı ilə konflikti başlayıb. Və sonralar öyrənib ki, sən demə, dayısı atasının qatiliymiş. Nazirlərin birinin sifarişi ilə dayısı atasını öldürübmüş.

***

Müsahibələrindən birində İsa Hüseynov həmin qətl haqda danışıb:

“Mən bədii əsər sayağı bir tərcümeyi-hal yazmışam. Adı "Həyatımdan səhifələr"dir, "Azərbaycan" jurnalında işıq üzü görüb, ancaq hələ kitab şəkilində çap olunmayıb. Orada atamın başına gələnləri açıqlığı ilə yazmışam. Atam meşə idarəsində direktor idi. Dayımın əlindən bu işdən çıxdı, kəndimizdə kolxoz sədri işləyirdi. Günlərin bir günü maşına minib Çeyrançöl deyilən yerə gedirmiş ki, qoyun sürüləri üçün yer müəyyənləşdirsin. Qıraq Kəsəmənə gəlib ki, bu kənddən bir neçə nəfərlə örüşləri müəyyənləşdirə bilsinlər. Qıraq Kəsəmənə çatmamış, yolda Niyazi əl qaldırır, deyir ki, mən də səninlə getmək istəyirəm. Atam deyib ki, otur, o da keçib arxada oturub. Bir azdan cibindən çəkic çıxararaq atamın gicgahına vurub. Atam yıxılıb, bundan sonra maşını aşırıblar, xəbər yayıblar ki, qəza baş verib”.

***

Mehdi Hüseyn həmişə onu danlayırmış ki, atandan çox yazırsan. İsa Hüseynovun cavabı özünü çox gözlətmir: “Atamı yaxşı tanıyıram, ona görə”.

***

Bunu həyat yoldaşı Firuzə xanım danışıb:

“İsa mənim xalam oğludur. Mən buna getmirdim. İsmayıl Şıxlı mənim müəllimim olmuşdu, məni yaxşı tanıyırdı. Bir də görürdün, İsmayıl Şıxlı ilə İsa gəldilər. İsmayıl İsanı tərifləyirdi, deyirdi ki, belə sakit olmağına baxma, çox yaxşı oğlandır. Mənim atam raykom olub, ərəb dilini yaxşı bilirdi. İsanın atası da vəzifədə işləyirdi. İsanın atası əl çəkmədi, dedi ki, alsan bunu alacaqsan, almasan heç kimi. Məni ağlada-ağlada İsaya verdilər”.

***

Ən böyük düşməninin Süleyman Rəhimov olduğunu deyib. “Şamo” romanını əməlli-başlı redaktə etdiyini açıqlayıb. Dediyinə görə, Süleyman Rəhimov bərbad yazırdı, min zülmlə onun əsərlərini düzəldirdim. Bir gün Süleyman Rəhimov bunu bilir və İsaya çox qəzəblənir. Əsərlərinin çapını dayandırmaq istəyir, İsanı partiya iclaslarında özündən çıxardır. Onu hətta partiyadan qovmaq belə istəyir. Süleyman Rəhimovu belə xatırlayırdı: “Hikkəli adam idi, partiya iclasında mənim dərimi soyurdu”.

Image result for isa hüseynov

İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini bu cür izah edir: “Ulularımızdan irs qalmış tərkidünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib, o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzü örütülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum”

***

Qabillə İsa Hüseynov bir yerdə qalırlarmış. Günlərin birində Qabil kotlet qızardırmış. Uzaqdan ona diqqət edən İsa Hüseynov görür ki, Qabil istidə tərləyir və tər damcıları sapılcaya düşür. Bu mənzərə onu narahat edir. Bu yerdə Qabil İsaya səslənir:

- Yaxşı qızarıb. Gəl bir dadına bax.

İsa Hüseynov nə qədər etiraz etsə də, Qabil əl çəkmir. Nəhayət İsa çıxış yolu tapır:

- Mən gedim çörək alım, sən də ona qədər hazırlıq gör.

İsa Hüseynov gedir və həmin gün evə gəlmir.

***

Bir gün Yusif Səmədoğlu gedir ki, İsa Hüseynovun evində yaxşı çay və şirniyyat süfrəsi açıb, stəkan-nəlbəkini də bir neçə dənə qoyub. Soruşur:

- Deyəsən, məndən başqa da qonaqların var?

İsa Hüseynov ciddi-ciddi:

- Hə, yadplanetlilər gəlib.

Yusif müəllim zarafatından qalmır:

- Şirniyyatı-mürəbbədən də düzmüsən, yazıqları şəkər xəstəsi edəcəksən.

# 15004 dəfə oxunub

Müəllifin son yazıları

# # #